Aqil Ələsgər: “Mənə Türkiyədə cinayət işi açılmayıb”

Aqil Ələsgər: “Mənə Türkiyədə cinayət işi açılmayıb”


“Azərbaycanda Gülənə ən böyük dəstək verən sabiq təhsil naziri Misir Mərdanov olub”

Gundeminfo.az "Yeni Çağ" portalının baş redaktoru, araşdırmaçı yazar Aqil Ələsgərin Ölkə.Az saytına verdiyi müsahibəni təqdim edir:

- Türkiyədə Fətullah Gülən təşkilatlanmasından bəhs edən "Səssiz işğal" kitabınız türk dilində çap olundu. Kitabın satışı necə gedir, ilkin reaksiyadan razısınızmı?

- Öncəliklə onu qeyd edim, bu kitab Azərbayanda çox nadir kitablardan biridir ki, yayın evi tərəfindən, qonararla çap edilib. Bildiyiniz kimi Türkiyədə kitab çap etdirmək çox asandır. Ödəniş edib, istənilən yerdə kitabını çap etdirmək olur. Elə ilk uğurumuzu bir yayın evi ilə anlaşmamızı saymaq olar. Bir yazar kimi düşünürəm ki, yayın evi ilə müqavilə imzalayıb kitabının onlar tərəfindən çap edilməsi ən vacib amillərdən biridir. Kitabın tərcüməçisi Mayis Əlizadənin dəstəyi ilə biz bunu bacardıq. İkinci ən böyük uğurumuz kitabın bu sektorda ad çıxarmış, dünyanın bir çox böyük müəlliflərinin əsərlərini originaldan tərcümə etmiş və Türkiyədə ən böyük üç yayın evindən biri olan "Kırmızı Kedi" tərəfindən çap edilməsidir. Eyni zamanda kitab gündəmlə də ciddi şəkildə bağlı olduğu üçün Türkiyədə ən böyük kitab mağazalarının vitrinlərdə yer alıb. Müəllifi olduğum kitaba yaranmış bu maraq məni çox sevindirir.

Bildiyiniz kimi Türkiyədə ciddi siyasi-ideolojik qütbləşmə var. Solçuların oxuduğu kitaba sağçılar qısqanclıqla yanaşır, eynilə tərsi. Ancaq bu kitaba Türkiyənin bütün aparıcı mediasından - "Sözcü", "Sabah", "Yeni Şafak", "Yeni Akit", "Aydınlıq" qəzetləri, "Ulusal Kanal", "Ülke TV", "NTV", "TGRT", "TV 24", "Fox TV" televiziya kanallarından ciddi şəkildə reaksiya oldu. Məni qonaq olaraq dəvət etdilər, verilişlərdə kitabdan geniş bəhs edildi. Türkiyədə kitabına belə reaksiya verilən çox az sayda azərbaycanlı yazarın olduğunu düşünürəm.

- Kitabın tirajı nə qədərdir? Adətən xaricdə müəlliflər kitablarından yaxşı pul qazanırlar.

- Mən bu məsələyə heç vaxt kommersiya yönümündən baxmamışam. Kommersiya tərəfdən baxsaydım yəqin ki, bu kitab çıxmazdı, hətta fəaliyyətlərimiz də yarımçıq qalardı. Biz bu məsələyə hər zaman ideoloji yanaşmışıq. Kitabın nə qədər çap olunması və kitabdan mənə veriləcək qonarar mənimlə yayın evi arasında kommersiya sirri olduğu üçün bunu açıqlamıram. Bunu ancaq yayın evi açıqlaya bilər. Çünki tiraj və digər məsələlər yayın evinin səlahiyyətinə daxildir.

- Siz 10 ildən çoxdur ki, bu təşkilatlanma haqqında araşdırmalar, məqalələr yazırsınız, ancaq həmin vaxtlar Türkiyədə bu təşkilatlanmanın dayaqları kifayət qədər güclü idi və onların hökumətlə də sıx əlaqələri heç kəsə sirr deyildi. Azərbaycan və digər dünya ölkələrində isə Fətüllah Gülən təşkilatlanması təhsil və mədəniyyət sahəsi ilə bağlı fəaliyyətləri ilə tanınırdı. Necə oldu ki bir azərbaycanlı jurnalist Fətullah Gülən təşkilatlanmasını araşdırmağa başladı?

- Mən ilahiyyatçıyam və universitetdəki diplom işim, eyni zamanda Elmlər Akademiyasındakı elmi işim birbaşa dinlərarası dialoq ilə bağlı idi. Bu təşkilatlanma ilə bağlı yazılarım dinlərarası dialoqu araşdırmamla başladı. Bu fəaliyyətləri araşdırdıqca dinlərarası dioloqun tam fərqli bir forması, tam fərqli bir üzü görünməyə başladı. Türkiyədə təhsil aldığım üçün daha çox türk və italyan mənbələrinin tərcümələrindən elmi araşdırmalar etdikcə məndə bu təşkilatlanma ilə bağlı şübhələr yarandı. Bir tərəfdən dialoqun dinlər arasında bir birlik olması qeyd edilirdi, ancaq digər tərəfdən Vatikanın rəsmi sənədlərində açıq şəkildə göstərilirdi ki, dinlərarası dialoq xristiyanlığın yayılmadığı ölkələrdə missionerlik fəaliyyəti ilə xristianlığı yaymaq üçün nəzərdə tutulub. Bu hansısa bir jurnalistin qələmə aldığı və ya kənar sənədlər deyildi. Bu sənədləri oxuduqca Fətullah Gülən camaatı ilə bağılı fikirlərim ciddi şəkildə dəyişdi.

Daha sonra Vatikanın missonerlik komissiyasının sədrinin Vatikan dialoq komissiyasının sədri seçilməsi, digər bu kimi hadisələr Fətullah Gülən camaatının missionerlik fəaliyyətinin tərkib hissəsi olduğu və Vatikanla ciddi şəkildə əlaqədə olan, həmçinin dini məsələlərdə anonim hərəkət edən bir şəbəkənin olduğu qənaətinə gəldim.

Bilirsiniz ki, Gülən 1998-ci ildə Papayla görüşmüşdü və o zaman Vatikanda ölmək istədiyini demişdi. Papa bir dövlət başçısıdır. Fətullah Gülən kimi heç bir dini vəzifəsi, hüquqi vəzifəsi və elmi cəhətdən də hansısa diplomu belə olmayan bir məhəllə mollasının Vatikanda bu cür görüşlər keçirməsi təəccüblü idi. Mən də ilk olaraq Abant platformundakı dialoq fəaliyyətlərini araşdırmağa başladım.

Araşdırmalarım zamanı gördüm ki, İslam dininin qoyduğu qadağaların Abant platformunda üstündən tamamilə xətt çəkilib. Kəliməyi-şəhadətin tam mətnlə oxunmaması mənim Fətullah Gülənlə bağlı şübhələrimi daha da artırdı. İslam dininin qaydalarına görə Kəliməyi-şəhadəti heç ixtisarla oxuya bilməzsiniz. Onun əsas mahiyyəti elə ikinci hissəsəsindədir. “La ilahə illəllah” barədə dinlərin arasında hər hansısa bir fikir ayrılığı yoxdur. Dinlər arasında mübahisəli hissə Məhəmməd peyğəmbərin peyğəmbər olub-olmaması ilə bağlıdır.

O zamanlar “Dinşünaslar Birliyi” adında bir dərnəyimiz də var idi. Orada bu mövzunu tez-tez müzakirə edirdik və daha sonra mən bunları qələmə almağa başladım. Mənə qədər də Azərbaycanda Fətullah Gülən haqqında tənqidi yazılar olmuşdu. Onun əleyhinə yazanlar Fətullah Gülənin şəriətlə idarə olunan bir dövlət qurmaq istəyə adam kimi təqdim edirdi. Amma biz ilk dəfə olaraq onu bir islam düşməni, müsəlmanların düşməni olaraq tənqid etməyə başladıq. Fətullah Gülənə sovetlər birliyindən yenicə qurtulmuş, islamla yeni tanış olan türk dünyasının içinə soxulan bir "Troya atı" yazdığımıza görə bunların hədəfinə tuş gəldik. Elə Türkiyədə də buna görə tanındıq və orada ciddi şəkildə üzərimizə gəldilər. Hətta Nur tələbələri (Səid Nursi camaatı) belə bizim əleyhimizə “rəddiyə” yazdılar. Səid Nursinin bəzi tələbələri məni “Zindıqə komitəsi”nin üzvü olan mason elan etdi. 2010-cu ildən sonra isə bu camaat da bizimlə eyni şəkildə Fətullah Güləni tənqid etməyə başladı.

- Bir neçə gün öncə keçmiş deputat Ceyhun Osmanlı Ölkə.Az saytına verdiyi müsahibəsində sizin haqqınızda konkret iddialar səsləndirdi. Ceyhun Osmanlı qeyd edir edir ki, Aqil Ələsgər xarici kəşfiyyat orqanlarına işləyir və həmçinin Türkiyədəki bir qrup şəxsin sifarişini həyata keçirir. Onun fəaliyyəti, bank hesabları, necə maliyyələşdiyi dövlət orqanları tərəfindən yoxlanılmalıdır. Bunlar kifayət qədər ciddi iddialardır və yəqin ki, cavab verməyi düşünürsünüz...

- Biz hələ illər öncə Fətullah Gülənin Türkiyədə vətənpərvərlərə və cumhuriyyətçilərə qarşı bir kampaniya apardığını yazırdıq. 2008-ci ildə “Ergenekon” əməliyyatları başlayandan sonra isə bizi “Ergenekon” terror təşkilatının üzvüymüşük kimi təqdim etdilər. Daha sonra mahiyyəticə bir-birinə zidd olan “Əl-Qaidə” ilə “Ergenekon” terror təşkilatlarını mənim əlaqələndirdiyimi iddia etdilər.

Mən bu kimi böhtanlara alışmışam. Hər hansı bir iddia ortaya atdıqda gərək onun altını da doldurasan. Necə ki, bizim istər Ceyhun Osmanlı, istərsə də digər şəxslərlə bağlı yazdıqlarımızda əsas var. Hillari Klinton Azərbaycana gələndə mənimlə yox, Ceyhun Osmanlı ilə görüşüb. Azərbaycandakı bir sıra xarici səfirlik əməkdaşları və xarici diplomatlarla mən yox, o görüşürdü. Hansı ki, bu şəxslərin bunların hər biri həm də öz ölkəsinin xüsusi xidmət orqanının əməkdaşıdır. Onlar “Yeni Çağ”ın yox, “İrəli”nin ofisinə gedirdilər. Əgər əməkdaşlıq ediblərsə onlar “İrəli” ilə, Ceyhun Osmanlı ilə ediblər. Bunlar hamısı ortaya çıxmış faktlardır.

Mən özüm də tələb edirəm ki, mənim də bütün fəaliyyətim, bank hesabım, ailəm, şəraitim araşdırılsın. Mənim qaldığım daxmaya gəlib baxsınlar, 37 kvadrat metrlik bir evdə yeddi nəfər adam yaşayırıq. Cəmi 5 il deputat olmuş Ceyhun Osmanlının isə Bakı kəndlərində villası, Bakıda evləri, son model bahalı maşını olduğunu da bilirik. Faktiki olaraq Ukraynada tikinti biznesindədir. Bu biznesə kimin pulunun cəlb edildiyi araşdırılsın. Tağı Əhmədov deyirdi ki, qırx ildə üç milyon pul yığıb. Millət vəkili 5 ildə bu qədər pulları necə yığıb bəs? Mən deyim necə yığıb... Ceyhun Osmanlının əksər qrant layihələri kağız üzərində baş tutub. Bu gün onun xaricdə investiya olaraq qoyduğu pulların bu pullar olduğunu da bilməyən yoxdur. Dövlətdən milyonluq layihələr alırdılar. Layihələrdəki büdcə ilə rayonlardakı tədbirlər, təlimlər keçirilməli, oradakı digər xərclər qarşılanmalı olduğu halda həmin xərclər rayon icra hakimiyyətlərinin boynuna qoyulurdu, layihənin büdcəsi isə mənimsənilirdi. Hər xərci icra hakimiyyəti

- Rayon icra başçıları nə üçün bu xərcləri özləri qarşılasınlar ki?

- O dönəm gənclər sektorunun başında dayanan şəxs Elnur Aslanov idi. Prezident Administrasiyasından Elnur Aslanov zəng etdiyi üçün rayon icra hakimiyyətinin məsul şəxsləri bu zəngdəki istəyə rədd cavabı verə bilməzdilər. Bu sadəcə onlara xas bir işdə deyil. Bu gün əksər rayonlarda keçirilən bu tipli lahiyələrə icra hakimiyyətləri dəstək verirlər.

- Ceyhun Osmanlın müsahibədə sizin Türkiyədə cinayət məhsuliyyətinə cəlb olunduğunuzu qeyd edib.

- Türkiyədə cinayət məhsuliyyətinə cəlb olunsaydım bundan hər kəsin xəbəri olardı.. Mümkün deyil ki, Türkiyədə bir jurnalist və ya bu cür məsələlərlə məşğul olan bir şəxs cinayət məhsuliyyətinə cəlb oluna, bunu heç kəs bilməyə... Mənim və Tənzilə Rüstəmxanlının adını “Ergenekon” məsələsində hallandırmağı çox istədilər. Adlarmızı imzasız məktublarda vurğulayaraq bizim məhsuliyyətə cəlb olunmamız üçün çalışdılar. Həmçinin bizi Azərbaycan dövlətindən hüquqi yollarla da gəlib istədilər. “Ergenekon” əməliyyatının iki ayağı olacaqdı: Şimali Kipr Türk Respublikasında Rauf Denktaşı, Azərbayanda isə bizi həbs edəcəkdilər. Əsas da elə bizim üzərimizdə dayanırdılar, çünki FETÖ-ya qarşı əsas biz mübarizə aparırdıq. Həmin dövr Azərbaycan rəsmiləri “Ergenekon” məsələsinin Türkiyənin daxili məsələsi olduğunu bildirərək işə Azərbaycanın qarışdırılmasını istəmədilər. Eyni zamanda da mənim Türkiyədəki fəaliyyətimi də heç bir şəkildə “Ergenekon”la əlaqələndirməyi bacarmadılar. İmzasız məktublar olsa da iddaların dayanağı yox idi. Çünki məni Vəli Küçük Paşa ilə əlaqələndirir, onun Azərbaycandakı planlarını icra edən şəxs kimi təqdim edirdilər. 2016-cı ildə məni Turan Yazqan Fonduna məruzəçi kimi dəvət etmişdilər. Vəli Küçük Paşa isə həmin tədbirin iştirakçılarından idi. Mən Vəli Küçük Paşa ilə sadəcə orada qarşılaşmışam.

2007-ci ildən 2016-cı ilə qədər hər il ən az bir neçə dəfə Türkiyəyə gedib gəlmişəm, Xocalı soyqırımı, Respublika günü, Qarabağ, 31 mart soyqırımı ilə bağlı tədbirlər keçirib, televiziya proqramlarının qonağı olmuşam. Bu səfərlərin heç birində hər hansısa məsələ ilə bağlı Türkiyə hüquq-mühafizə orqanları ilə təmasım olmayıb.

- Türkiyədə televiziya kanallarında, yazılı mətbuatda çıxışınız zamanı Azərbaycandakı nazirlər də daxil olmaqla xeyli adlar çəkirsiniz. Bu adlar içində mənim diqqətimi çəkən təhsil nazirimiz Mikayıl Cabbarovun adı oldu. Sizə xüsusi kəşfiyyat orqanlarından informasiya daxil olmadığını deyirsiniz. Bəs o zaman necə qənaətə gəlirsiniz ki, bu nazir Fətullahçıdır? Jurnalist araşdırmasının nəticəsi olaraq məncə belə bir qənaətə gəlmək mümkün deyil.

- Azərbaycanda Fətullah Gülənə ən yaxın olan və ən böyük dəstəyi verən sabiq təhsil naziri Misir Mərdanov olub. O heç bir zaman da bunu gizlətməyib. Fətullah Gülən məktəblərinin nüfuzunun artması üçün Azərbaycan təhsil sistemi darmadağın edilib. Eynilə Mikayıl Cabbarov da bu şəkildə hərəkət edir. Biz deyirik ki, bu nazirlər Fətullah Gülən təşkilatlanmasının Azərbaycandakı fəaliyyətinin önünü açırlar. Məsələn Elnur Aslanovun ən yaxın adamlarından biri Şahin Seyidzadədir. O, hazırda Mikayıl Cabbarovun şəxsən xeyir-duası ilə açılan "Sabah" qruplarının rəhbəridir. Biz onların fəaliyyətini araşdırırıq, dostundan, tanışlarından maraqlanırıq və görürük ki, bu gənc Elnur Aslanov şəbəkəsinin ən aktiv üzvlərindən biridir.

- Türkiyədə dövlətinin Fətullah Gülən təşkilatlanması ilə mübarizəsini necə qiymətləndirirsiniz? Türkiyədə hökümətdən olan bəzi şəxslər də daxil bu mövzu ilə əlaqədar o qədər də ürəkaçan danışmırlar. Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində nitqində qeyd elədi ki, “at izi it izinə qarışıb”, valilər Fətullahçı “ovlayacaq” deyə yarışa girib. Həmçinin baş nazir Binəli Yıldırım qeyd elədi ki, imzasız məktublar bundan sonra diqqətə alınmaycaq...

- “Ergenokon” iddianaməsi ilə Türkiyədə orduya qarşı ilk dəfə əməliyyatlar da imzasız məktublarla başlamışdı. Şəxsən mənim Türkiyədə cinayət məhsuliyyətinə cəlb olunmağım üçün orada hüquq-mühafizə orqanlarına göndəilən bir neçə imzasız məktub var.

Türkiyədə çox təəssüf ki, son10 ildə həm ordu, həm polis təşkilatı üçün məzun etdikləri tələbələrin əksəriyyəti “caamat” mənsubudur. Hətta deyim ki, son 10 ildə Polis Akademiyasının məzunları sadəcə Fətullah Gülən caamatına yaxın şəxslərdi. O məzunların əksəriyyəti hüquq-mühafizə orqanlarında işlə təmin edilib. Ən böyük problem FETÖ-nün Türkiyə dövləti tərəfindən tam olaraq terror təşkiları kimi tanınmamasıdır. Digər problem isə bu təşkilatlanmanı yaxşı tanıyan insanların elə Gülənə yaxın məmurların əli ilə çıxdaş edilməsidir. Xüsusən siyasi olaraq Güləndən xeyir-dua alan, ona yaxın olan məmurlarla bu mübarizə effektiv ola bilməz. Bu səbəbdən də Türkiyədə məqsədli olaraq FETÖ ilə mübarizədə çaşğınlıq yaradılıb, faktiki olaraq hazırki vəziyyətdə Türkiyənin önü FETÖ ilə mübarizədə tıxanıb.

- Ərdoğanın kürəkəni və energetika naziri Berat Albayrak Fətullah Gülənə məxsus məktəblərdən birinin məznunudur. Türkiyənin hazırki ədliyyə naziri Bəkir Bozdağ iki il öncə Türkiyə parlametində Fətullah Gülən haqqında çox yüksək fikir səsləndirdi. Mərhum CHP-dən olan deputat Kamer Gəncin Fetullah Güləni təqid etməsindən sonra spikerden söz istəyib Fətullah Gülənin Türkiyənin yetişdirdiyi çox dəyərli və möhtərəm şəxslərdən biri olmasını qeyd etdi və bildirdi ki, Gülən haqqında Türkiyə parlamentində mənfi fikir səslənə bilməz. Bu gün həmin şəxs Türkiyənin Ədliyyə Naziridir. Bu günlərdə isə Gülənin ekstradisiyası üçün ABŞ-a yollanan türk heyətinin başında idi. Bu özlüyündə bir az qəribə deyilmu? Sizcə bu şəkildə mübarizə alınacaqmı?

- Siyasətçilərlə Gülənə qarşı mübarizə heç bir zaman effektiv olmayıb, olmayacaq da. Dediyiniz kimi, dünən bu sözləri deyən adam bu gün onun qarşı mübarizə aparsa belə ictimai rəyi qane etmir. Bu baxımdan o adamlar həqiqətən səmimi idirlərsə niyə çevrilişə cəhdə qədər Gülənlə bağlı xarici dövlətlərə, xüsusi ilə ABŞ-a Gülənin ekstradisiyası üçün lazımi sənədləri göndərmirdilər? İki ildir bu hüquqi prosedur yubanır və bunun özü çox ciddi bir sual yaradır.

Gülən məktəblərinin məzunları ilə bağlı məsələlərdə isə mənim mövqeyim tam fərqlidir. Məsələn, Qafzqaz Universitetindən məzun olan şəxslərin diplomlarının Türkiyədə tanınmayacağı qərarı mənim üçün təəssüfləndirici bir haldır. Türkiyəyə növbəti səfərlərimdə əgər məsul şəxslərlə görüşmə imkanım olsa bu yalnışı onlara da deyəcəm. Çünki Qafqaz Universitetinin bütün tələbələrini ucdan tutma Fətullahçı elan etmək düzgün addım deyil. Bizə FETÖ ilə bağlı informasiya verənlərin əksəriyyəti bu universitetin, liseylərin məzunlarıdır. Onların bir çoxu FETÖ təhlükəsini vaxtında görüblər və digər vətəndaşlardan bu mövzuda daha ayıqdırlar. O məktəblərdən məzun olub Fətullah Gülənə bağlı şəxslərin nisbəti beş faiz ancaq olar. Həmin kəsimin də ifşa edilməsi artıq dövlətlətin işidir.

- Uzun müdətdir Fetullah Gülənən təşkilatlanması ilə bağlı məqalələr yazır, araşdırmalar aparır, bu yazıları mətbuatda dərc etmisiniz. Bir neçə il öncəyə qədər Fətullah Gülənlə Ərdoğan hökümətinin cox yaxın münasibətdə olduğu da heç kəsə sirr deyil. Bu dəfələrlə hazırki Türkiyə perizdenti tərəfindəndən də dilə gətirilib. Sizin yazılarınıza baxdıqda görürük ki, Ərdoğanla Gülənin münasibətləri yaxşı olduğu vaxtlarda belə Ərdoğan haqqında bir cümlə olsun tənqidi məqalə yazmamısınız?

- Biz hələ o zamandan Türkiyə hökümətini tənqid edirdik. Mənim 2007-ci ildə Türkiyədəki ümumrespublika televiziya kanallarından birində bu barədə çıxışım da var. Mən orada üzümü Türkiyə hökümətinə tutub deyirəm ki, Azərbaycanı Türkiyənin gününə salmayın, Azərbaycana Fətullahçıları göndərməyin. Biz həm “Ergenekon” əməliyyatları başladığı zaman bunun Fətullahçıların işi olduğunu və Türkiyə dövlətinin səhv yolda olduğunu bildirmişdik. Həmçinin “erməni açılımı” məsələsinin memarı da Fətullah Gülən idi. Bu mövzu birinci dəfə Abant Pltformunda gündəmə gəlmişdi. Daha sonra Türkiyə hökumətinin o zamanki xarici işlər naziri Əli Babacan və eyni zamanda o zamanki prezident Abdullah Gülə qarşı bizim çox sərt yazılarımız olub. Ərdoğana qarşı isə içimizdə bir intuitiv hiss var idi ki, onu səhv yönləndirirlər.

Azərbaycanda Fətullah Gülən camaatını dəstəkləyən, arxasında dayanan, gedib Qafqaz Universitetində qırmızı lenti kəsən Abdullah Gül idi. Biz gördüyümüzü deyirdik və buna görə də hesab edirdik ki, Azərbaycandakı Fətullahçı təşkilatlanmanın arxasında Abdullah Gül dayanmışdı.

Biz mübarizəyə Ərdoğanla da birgə başlamamışıq. Mübarizəyə başladığımız vaxtlar Türkiyədə hər kəs Fətullah Gülənlə eyni tərəfdə idi. Bu gün gəlinən nöqtə budur ki, biz yerimizdəyik, hər hansısa bir tərəfə keçməmişik, bizim tərəfimizə keçən Türkiyə rəhbərliyidir. Biz də bu gün Türkiyə hökumətini buna görə dəstəkləyirik.

Biz intuisiyamızla bilirdik ki, Ərdoğan nə vaxtsa Fətullah Gülənə qarşı çıxacaq. Elə buna görə də Ərdoğanın şəxsini tənqid etmirdik. Bu yaxınlarda mənim müəllimim Türkiyənin Maarif Fondunun idarə heyətinin sədri seçildi. Biz universitetdə təhsil alarkən onu yaxından tanıyan müəllimlərimizdən aldığımız məlumatlar bu idi ki, eyni siyasi təşkilatdan olsalar da Ərdoğan nə Abdullah Güldür, nə də Bülent Arıncdır. Elə bu səbəbdən də mənim Ərdoğanın şəxsinə simpatiyam olub.

- Şəxsi həyatınızla, ailənizlə və ya işinizlə bağlı açıq təhdid almısınızmı?

- Dəfələrlə olub. Sadəcə azərbaycanlılardan yox, Azərbaycanda çalışan türk iş adamlarından da üstüörtülü və açıq təhdidlər almışam. Təhdidlərin bir çoxunu da reallaşdırmağı bacardılar. Məsələn, demişdilər ki, məni dövlət qurumları yanında etibarsızlaşdıracaqlar. Uzun müddət, daha dəqiq desəm 2014-cü ilə qədər belə də oldu. Türkiyədə öz hesabımıza, dostlarımızın dəstəyi ilə, Qarabağı, Azərbaycan həqiqətlərini təbliğ edən tədbirlər keçirirdik, Azərbaycanın dünyaya demək istədiyi mesajları çatdırırdıq, ancaq buna baxmayaraq bizim bu fəaliyyətimizin üstü örtülür, heç bir şəkildə qiymətləndirilmirdi. Bizə həm də dövlət mətbuatı tərəfindən qadağa qoyulmuşdu. Mənə açıq şəkildə çatdırılmışdı ki, Fətullah Güləndən yazmadığın təqdirdə önündə yaşıl işıq yandırılacaq. Hətta mənə Fətullah Gülənə yaxın insanlar tərəfindən böyük bir məbləğ qarşılığında "Yeni Çağ" qəzetini və saytını onlara satmağı təklif etmişdilər.

2014-cü ildə məni “A Haber” televiziya kanalına efirə çağırmışdılar. Həm ailəmə, həm də özümə qarşı ən böyük təhdidləri də bundan sonra aldım. Türkiyədə olduğum həmin bir həftə ərzində psixoloji sarsıntılar keçirdim. Çünki, hər an təhlükə var idi. Hətta mənə xəbər çatdırılmışdı ki, Bakıya getdiyimdə həbs olunacağam.

- 17-25 dekabr hadisələrindən sonrakı prosesdə Azərbaycanda da müəyyən məmurların işinə son verildi yaxud daha passiv bir vəzifəyə təyin edildi. Ərdoğanın Azərbaycana səfəri zamanı bir siyahı ilə gələcəyi mətbuatda yazılır. Sizin Türkiyədəki hökümət nümayəndələri ilə yaxın əlaqələriniz var, ümumiyyətlə belə bir siyahı hazırlanıbmı?

- Bu siyahılar cox müzakirələr edilir. Türkiyə Azərbaycana siyahı verdi, Azərbaycan Türkiyəyə siyahı verdi. Azərbaycan və Türkiyə bu məsələlərdə hər zaman mümkün qədər birlikdə hərəkət edib. Bu əlaqələrin bəziləri mətbuata açıq olub, bəziləri isə gizli saxlanılıb. Mən inanmıram ki, siyahı ilə kimsə işdən çıxarılıb.

- 17-25 dekabr hadisələrindən sonra “Yeni Çağ” qəzetində şəxsən sizin imzanızla bu barədə məqalə oxumuşam. Orada həmin bu siyahılardan bəhs edilir…

- Siyahılar ola bilər. Ancaq məsələnin siyahılara fokuslanmasını yalnış hesab edirəm. Hər bir dövlət öz içindəki çürükləri bilir, bilmirsə, deməli dövlət deyil. Ərdoğan həmkarlarına siyahı təqdim edə bilər. Bu da sadəcə adların dəqiqləşdirilməsi üçün ola bilər. Siyahıların daha çox hüquq mühafizə orqanları arasında olması ehtimalı böyükdür. Hər iki dövlətin təhlükəsizliklə bağlı qarşılıqlı anlaşmaları var və bu əməkdaşlıq çərçivəsində belə siyahılar gündəmə gələ bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 080 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...