TURAN YAZQAN VƏ TÜRK DÜNYASI

TURAN YAZQAN VƏ TÜRK DÜNYASI


XX əsrin sonlarına doğru türk dövlətlərində milli düşüncəyə sahib olan və Türk insanının gələcəyi, birliyi, dəyərlərinə sahib çıxması uğrunda əzmlə çalışan, bu fəaliyyəti həyatının qayəsinə çevirən aydınlar cəmiyyətdə seçilməyə başlayır.

Bir milləti millət kimi dünya insanlarına tanıdan onun kültürünü gələcəyə daşımağa yardımçı olan, millətin azad və layiqli yaşaması üçün ağıl mücadiləsi aparan, millətin yetişdirdiyi aydınlardır. Türklər "Tanrı tərəfindən dünyanı yönətmək üçün missiya yükləndiyinə inanan" bir millətdir. Çünki onun insana verdiyi dəyər çox böyükdür. Elə Turan Yazqanın (Yazgan) söylədiyi kimi "türk mədəniyyətində insan qayə, soyuna, dininə, inancına, dilinə, rənginə baxılmadan qayədir, hər yaradılan da yaradandan ötrü sevilməyə dəyər bir varlıqdır". Bir cəmiyyət elmdə, kültürdə, sənətdə və başqa sahələrdə digər toplumlarla müqayisədə irəli getmişsə, zamanını ötən elm, fikir və sənət adamları yetişdirə bilir. Əks halda həmin cəmiyyətin öz sərhədlərini aşan düşüncə və iş adamları yetişdirməsi mümkün olmur. Profesor Turan Yazqan millətinə kiçik imkanlarla böyük işlər etməyin ən bariz örnəklərini göstərdi. Türk insanına sorması, sorğulaması, araşdırması, tapması və ağlını istifadə etməsi üçün nəsihətlər verdi. "Düşün və et" idealının aşılanmasında Turan Yazqanın son dərəcə önəmli rolu olmuşdur.

Turan Yazqanı tanımaq üçün, onun çoxsahəli fəaliyyətinin əsas istiqamətlərini araşdırmaq, görüşlərini analiz etmək, türk dünyası, onun birliyi, inkişafı üçün etdiyi işlərin məqsədlərini, bütövlükdə isə Turan Yazqan idealını öyrənmək lazımdır. Həyatını türk millətinin doğrularını aramağa həsr etmiş türkçü alim həmin amalını çox mənalı şəkildə ifadə edirdi: "Dünyada doğru yoxdur. Daha doğru var. Hər kəs hər şeyin daha doğrusunu aramaq məcburiyyətindədir. Yoxsa, sürünün bir parçası olarıq".

Professor Turan Yazqanın fəaliyyəti onun elmi və ictimai görüşlərində öz əksini tapmışdır. İstanbul Universitetinin İqtisadiyyat fakültəsinin professoru olan Turan Yazqan "Şəhərləşmə baxımından Türkiyədə əməyin demoqrafik və sosial-iqtisadi strukturu" və "Gəlir bölgüsü baxımından sosial güvənlik" sahələrində elmi tədqiqatlar aparmışdır. "İqtisadçılar üçün sosial güvənlik dərs qeydləri" (İstanbul, 1992) və "Sosial güvənlik baxımından zəkat" (Ankara, 1995) kitabları da tədqiqatçının elmi görüşlərini ifadə edirdi.

Ömrünü türk millətinin barış, hüzur və rifah içində yaşaması uğrunda işlərə həsr edən türkçü alimin ən mühüm fəaliyyəti isə 1980-ci ildə qurduğu Türk Dünyası Araşdırmaları Vəqfi ilə bağlıdır. Qurduğu Türk Dünyası Araşdırmaları Vəqfinın məqsədini Turan Yazqan belə ifadə edirdi: "Qayə insana və ya cəmiyyətə xidmət olduğu üçün ülvidir. Dolayısıyla dövlət kimi vəqf də ülvidir və vəqfin mal varlığı da müqəddəsdir, toxunulmazdır". Turan Yazqan türk milləti və onun gələcəyi üçün düşündüyü planlarını məhz bu vəqfin vasitəsilə həyata keçirməyə çalışmış və çox əhəmiyyətli işlərə də nail olmuşdur. Çünki türkçü ideoloqun əsas idealı özünün söylədiyi kimi, "bütün milli düşüncə mərkəzlərini bir araya gətirməklə türk dünyasıyla daha çox bütünləşə bilmək" idi. Bu məqsədlə də, Azərbaycan, Qazaxıstan, Qırğızıstanda, Tatarıstanda məktəb, institut, fakültə və mədəniyyət mərkəzləri təşkil olunmuşdur. Həmin elm və mədəniyyət ocaqlarının türk insanının, xüsusilə də gənc nəslin milli düşüncə ilə formalaşmasına, türk birliyi uğrunda çalışmasına əhəmiyyətli şəkildə təsir göstərmişdir.

Millətlərin həyatında ən önəmli dəyişikliklərinin qapılarını açanlar o millətin dəyərlər sistemini çox yaxşı bilən düşüncə insanlarıdır. Hər millət minlərcə elm adamı yetişdirə bilər, lakin bütün elmli insanlar eyni zamanda düşüncə və fəaliyyət adamı ola bilməz. Türk millətinin yetişdirdiyi saysız alimlər elm dünyasına verdiyi töfhələrə görə də zaman-zaman qiymətləndirilmişlər. Lakin bu elm adamlarından neçəsinin adı "millətin qəlbində və könlündədir?" Çünki bir elm insanından umulan ən ümdə qayə milli kültür özəlliklərini qoruyub inkişaf etdirərək onları dəyərlərin "insanlığın ortaq mirası" halına gətirməkdir. Turan Yazqan da belə elm insanlarından biri olmuşdur. Bütün bunları anlamaq üçün görkəmli ideoloqun görüşlərinin bəzi məqamlarına diqqət yetirəcəyik.

Türklər uzun illərdən bəri tarixlərinə aid ən qədim mənbələri başqa millətə mənsub araşdırmaçılardan öyrənmişlər. Elmi tədqiqatlarda "önyarğının" olmaması prinsipinin əsas olmasına baxmayaraq, türk tarixini dəyərləndirənlər, təəssüf ki, qərəzli münasibəti aşa bilmirlər.

Türkiyədə türk tarixini türklərdən öyrənmək əvəzinə, başqalarındən öyrənmək meylinə qarşı da Turan Yazqan çox kəskin münasibət bəsləmişdir. Bu məqsədlə yayınladığı "Türk Dünyası Tarih Dergisi" 15 yanvar 1987-ci ildən etibarən sözügedən sahədə önəmli işlər görməkdədir. Turan Yazqan dərginin ideologiyaların əmrində olmayacağına, "daim həqiqətin əmrində" olacağına işarə edərək, "gerçəkləri yazmaqdan qorxmayacağam" deyərək bu sözləri söyləmişdir: "Türk Dünyası Tarih Dergisi türk dünyasını tanımaq, tanıtmaq, bu sahədə çalışanları təşviq etmək, özümüzü xaricilər əvəzinə, özümüz tərəfindən yazılacaq araşdırmalarla öyrənmək və buna yardımçı olmaqdır".

Turan Yazqanın görüşlərinin əsasında millətçilik düşüncəsi dayanır. İlk növbədə bu sualı araşdırmaq lazım gəlir: Turan Yazqana görə millətçilik nədir?

Millətçilik çox geniş anlayış olaraq, ictimai, siyasi, ədəbi-mədəni, sosial, iqtisadi tərəfləri ilə zaman-zaman geniş şəkildə dəyərləndirilmiş və dünyanın müxtəlif xalqları arasında açıq və ya gizli şəkildə təmsilçilər yetişdirmişdir. Türkçülük ideyası türk dünyası aydınları arasında son əsrlər çox aktual olsa da, fərqli yanaşmalar, yaxud da ümumi fikirdə özünəməxsus istiqamətlər də müşahidə olunmaqdadır.

Turan Yazqanın millətçilik görüşlərini yığcam və aydın şəkildə öz sözləri ilə ifadə edə bilərik: "Millətçilik ağıllı bir fəlsəfədir. Ağla dayanan bir düşüncədir. Hiss deyil. Ağlın dirəyidir". Görkəmli ideoloqun millətçilik düşüncəsinin əsasında ağıl, zəka, obyektiv fikirlər dayandığı üçün o hər şeyi doğru dəyərləndirməyə, həqiqəti axtarmağa çalışır. Ona görə də Turan Yazqan türk millətinin əsas özəlliklərini ifadə etməyi görüşlərində hər zaman ön plana çəkmiş, bütün digər humanitar, sosial, iqtisadi, mədəni, elmi, təhsillə bağlı məsələlərin həmin təmələ uyğun və onun üzərində qurulması zərurətini ifadə etmişdir. Türk xalısı ilə bağlı söylədiyi fikirlərdə türk millətinin əsas xüsusiyyətlərini Turan Yazqan belə dəyərləndirirdi: "Bu solmaz rənglərdən yaranan türk milləti, türk xalısı bütün əsrlər boyunca çox parçalandı... Bölük-bölük edildi... İstismar edildi, soyuldu, qırıldı; lakin rənglər solmadı. O rənglərin başında Allahın bu millətə verdiyi türk dili gəlir. Allahın türk millətinə verdiyi digər rəng istiqlal sevdasıdır. Bu eşq də heç solmadı, sönmədi... Allahın bizə verdiyi digər bir rəng hürriyyət sevgisidir. Bu eşqi də solduramadılar, söndürəmədilər... Allahın bizə verdiyi digər bir rəng irqçilikdən uzaq yaranışımızdır. Yer üzündə tək irqçi olmayan millət türk millətidir". Bu sözlərdən də bəlli olduğu kimi, dil, istiqlal, hürriyyət, qeyri-irqçilik Turan Yazqanın millətçilik görüşlərinin dörd əsas təməlini təşkil edir. Bütün digər məsələlər də həmən təməl üzərində qurulmuş və gələcəyə istiqamətləndirilmişdir. Belə bir halda isə, ilk növbədə, milli tarixi doğru bilmək, türk millətinə qarşı düşmənçilik siyasətinin qara rənginə boyanmış, türk kimliyi və kültürünü dünyaya düzgün çatdırmayanlara qarşı aydınlarımız, elm adamlarımız, güclü dövlət, müasir və milli dəyərləri əsas götürən təhsil, türk birliyinə xidmət edən fəaliyyətlər proqramı gərəkliyi Turan Yazqanın görüşlərində və Türk Dünyası Araşdırmaları Vəqfi çərçivəsindəki işlərində ön planda olmuşdur.

"Tarixdə qaçqınlığa və qətlama əsl məruz qalmış soy türklər olduğu halda nə yazıq ki, tam əksi olaraq elan edilmişdir" deyən Turan Yazqan XX əsrdə türk xalqlarının məruz qaldığı hərbi, siyasi, iqtisadi, mədəni basqılara hər zaman diqqət yetirmiş, milli birlik tərəfdarı olmuşdur: "Sosial tarixdə ən doğru sözü atamız Bilgə xaqan söyləmişdir: "Ey türk, titrə və özünə dön! Bu söz elmi olaraq doğru olduğu kimi, güclü dövlətə gedən yolun da açarıdır".

Turan Yazqan türk kimliyinin həqiqi ünsürləri ilə müzakirə olunması üçün müzakirə platformaları təşkil etməyə xüsusi önəm verirdi. "Türk kimliyinin gerçək ünsürləri Orxon yazılarında, Ahlat məzar daşlarında, türk dilinin kəlmələrində, türk tarixinin ihtişamındadır" deyən ideoloqun ən böyük fəaliyyətlərindən biri də, Anadolu başda olmaqla uzaq və yağın coğrafiyalarda türklüyü yox sayan və kimliyini itirmiş bir soy olaraq göstərməyə çalışanlara qarşı elmi şapalaq vurmaq idi. Bu mənada tədqiqatları gündəmə gətirmiş və müzakirə hədəfinə çevirmişdir.

Turan Yazqan türk torpaqlarında tarix öncəki millətlər məsələsinə çox diqqət yetirmişdir. Bu cəhdlərə elmi cavablar verilməsi tərəfdarı olan Turan Yazqan deyirdi: "Türk kültürü ilə bütünləşmiş, türk tarixinin əski çağlarında Anadoluda yaşamış türk qövmlərindən və ya onlarla qohum olanlarla qarışaraq günümüzə gəlmiş xalqların etnik sosioloji elminin əsasları çərçivəsində dəyərləndirilməsi lazımdır". Ona görə də türk tarixinin qədim dövrlərini araşdırmaq üçün milli araşdırmaçılara duyulan ehtiyacı Turan Yazqan hər zaman dərk etmiş, "türk tarixinin hələ su üzünə çıxarılmamış bir çox məsələsini araşdıracaq mütəxəssislərə ehtiyacımız vardır. Xüsusilə də Asiyada yeni arxeoloji qazıntılar aparacaq, Orxon əlifbasını rahat oxuya biləcək, rus və çin dilinə hakim olaraq bu ölkələrin arxivlərində rahatlıqla çalışa biləcək tarixçiləri mütləq yetişdirməliyik. Turan Yazqan haqlı olaraq, bu məsələdə dövlət səviyyəsində də səylərin olmasını irəli sürürdü.

Türk dövlətləri və türk birliyi məsələsi Turan Yazqan görüşlərində hər zaman diqqət mərkəzində olmuşdur. İstər yazıları və çıxışlarında, istərsə də vəqfin fəaliyyətində aparıcı istiqamət bütün türklərə və dövlətlərinə səslənmək, onlara faydalı olmaq idi. Çünki Turan Yazqanın fikirlərinin mərkəzində yaşadığı ərazidən, dövlətdən, rejimdən asılı olmayaraq türk kimliyi, milli kültür və inkişaf dayanırdı. "Hər şey verilir, vətən torpağı verilməz, vətən torpağı, sərhədləri bəlli olmaq şərtiylə türklərin yaşadığı hər yerə uzanır" deyən Turan Yazqan idealı üçün vətənin bölünməzliyi, türklərin birliyi çox xarakterikdir. Bütün dünyada və sovetlər dönəmində ayrı-ayrı türk dövlətlərində türklərə qarşı müstəmləkə, soyqırım, qətliam, manqurdlaşma siyasəti, mədəni basqıya görə böyük narahatlıq keçirən Turan Yazqan milli kültür və ona əsaslanan müstəqil dövləti türklərin gələcəyi naminə yeganə yol hesab edirdi. "Ən böyük təhlükə tarix boyunca hər zaman kültür imperializmdir" deyən türkçü ideoloq milli kültürə çox böyük önəm verirdi: "Millət milli kültür deməkdir. Milli kültürə arxa çevirən millət varlıq səbəbini itirmişdir və ya başqaları üçün vardır. Milli kültür milli mənəviyyatı ucaldır. Milli mənəviyyat milləti ucaldır. Uca millət uca dövlətə layiqdir. Və nəyin bahasına olursa olsun, onu qurar, ona qovuşur".

XX əsr türk dövlətlərini böyük sınaqlarla üzləşdirmişdi. Bütün siyasi müstəmləkə və rejimlərin ən mənfi təsirləri isə milli kültürə qarşı yönəldiyi üçün həmin təsir türk birliyinin formalaşmasında başlıca əngələ çevrilmişdir. Bu məqsədlə də Turan Yazqan çalışmalarının böyük qismini yeni nəslin türk birliyi şüurunda yetişməsinə həsr etmişdir: "Günümüzə qədər davam edən bu soyğun və müstəmləkədən tək qurtuluş yolu uşaqlarımızın bir araya gələrək türklük şüuru ilə yoğrulmaları, türklük qüruru ilə qürurlanmaları və nəyin bahasına olursa olsun, bu dünyada 300 milyonluk türk milləti vardır deyə hayqıracaq hala gəlmələridir. Bu əslində əsrin əvvəllərindən bəri görülmüş, ağıllı türk aydınlarının hamısı tərəfindən təsbit edilmiş bir çıxış yoludur. Qaspıralı İsmayıl, sonra Ziya Gökalp və daha sonra da Mustafa Kamal Atatürk tərəfindən sistemləşdirilmiş, fikirləşdirilmiş və vəsiyyət halına gətirilərək, bizlərə gəlmişdir".

Turan Yazqana görə, türklərin birləşməsi türk kimliyinin qorunması, milli kültürün gələcəyə ötürülməsi, iqtisadi gücün əldə olunması, dünyada türklərə qarşı mənfi siyasətə birlikdə zərbə vurmaq anlamını daşıyır. Zaman-zaman bu birliyə əngəl olanlar da Turan Yazqanın düşüncələrində aydın şəkildə ifadə olunmuşdur: "Bu dəyişikliyin olmaması üçün 1917-ci ildən bəri çox sistemli işlər gördülər. Öncə Azərbaycan torpaqlarını Ermənistana peşkəş verdilər; Azərbaycanla bizim aramıza Ermənistanı bir xəncər kimi soxdular və quru yol əlaqəmizi türk dünyası ilə kəsdilər. Sonra Türkiyənin ətrafında nə qədər türk varsa, bir bəbək belə qalmamaq şərtiylə hamısını sürgün etdilər... Bunlar sadəcə Kırım türkləri deyil, Karçay türkləri, Noğay türkləri, Kumuk türkləri, Balkar türkləri və hətta yurdlarına hələ də dönmək izni ala bilməyən Axıska türkləridir". Türkçü ideoloq Azərbaycan torpaqlarını istilasını, Ermənstana "mükafat verilməsini" da türk birliyini əngəlləməyə yönəldilmiş siyasətin bir hissəsi kimi dəyərləndirirdi: "... Öncə Zəngəzur, sonra Qarabağ və Qərbi Azərbaycan torpaqları. Bu mükafat da türklərin türklərlə əlqaəsinin kəsilməsi, türk torpaqlarındakı iqtisadi qaynaqların sömürülməsini əngəlləyəcək bir gücün yaranmamasına yardımçı olmanın... mükafatıdır".

Türk millətini bir vücuda bənzədən Turan Yazqan onun başını Türkiyə, boynunu Azərbaycan, bədən, qol və ayaqlarını isə ulu Türkistanın təşkil etdiyini yazırdı. Turan Yazqan Azərbaycanın türk dünyası üçün hər zaman çox böyük önəm daşıdığını diqqətə çəkərək, "bütün damarların və sinirlərin boyundan keçdiyini bilən Mustafa Kamal Paşa, Nuri Paşa, Ənvər Paşa və dostları eyni tarixdə bu idrakın gərəkliyini yerinə yetirmək üçün mübarizəyə başladılar. Anadoluda və Bakıda əldə edilən uğur iki dövlətin dünyada yenidən doğuşunu qoruyarkən, Türkistandakı uğursuzluq türk millətini böyük bir fəlakətə sürüklədi", - deyə yazırdı.

Müstəmləklərə son qoyan türk xalqları üçün isə dövlətin təməlində milli kültürün dayanmalı olmasını Turan Yazqan dəfələrlə vurğulamışdır. Türk Dünyası Araşdırmaları Vəqfinin əsas hədəfi də türk birliyi və onun gələcəyi idi. Turan Yazqan bunu çox aydın və mükəmməl şəkildə ifadə etmişdir: "Biz Türk Dünyası Araşdırmaları Vəqfi olaraq bizi bölən siyasətlərə qarşı bir siyasət yeritməkdəyik. Biz nə Türkiyədə, nə də türk dünyasının hər hansı bir yerində əsla gündəlik siyasət aparmırıq. Türk millətinin 100 il sonrası üçün siyasət aparırıq, 50 il sonrası üçün, 1000 il sonrası üçün siyasət yürüdürük". Türk Dünyası Araşdırmaları Vəqfinin türk dövlətlərində açdığı məktəblər və uşaqlarla bağlı keçirdiyi müxtəlif tədbirlər də məhz bu siyasətin əsas istiqamətləri olmuşdur. İsmayıl Qaspıralının türk birliyi ideyası da Turan Yazqanın idealına çevrilmişdir: "Nəhrlərin axışı türk birliyi yönündədir: Dil birliyi, fikir birliyi, iş birliyi..."

Sovet imperiyası dağıldıqdan sonra türk dövlətləri arasındakı əlaqələrin qurulmasında Turan Yazqan və vəqfinin böyük rolu olmuşdur. İlk növbədə, yadlaşdırılmış qardaşları bir-birinə tanıtmaq missiyası Turan Yazqan üçün çox önəmli idi. Müstəqil türk dövlətlərinin yaranmasından sonra Türkiyədən bir çox televiziya qrupları həmin ölkələrə üz tutmuşdu. Onlardan bəziləri Türkistan Türk Cümhuriyyətindəki xalqın türkcə danışdığını eşitdikdə "türk dilini harada öyrəndiniz?" kimi qəribə, lakin qəribə olduğu kimi üzücü və düşündürcü bir vəziyyətə səbəb olmuşlar. Turan Yazqan bu dövrü dəyərləndirirkən "türkü türkə tanıtmağın gərəkliyi, türkü Avropaya tanıtmağın gərəkliyindən daha öncəliklidir" demişdir.

Bu məqsədlə də Turan Yazqan yeni qurulan türk dövlətləri və bu dövlətlərin rəhbərlərinin fəaliyyətini türk dünyasına tanıtmaq üçün çox ciddi işlər görmüşdür. Çünki "bizə görə, Türkiyənin Cumhurbaşkanı da, Başqırdıstanın Cumhurbaşkanı da türk millətlərinin Cumhurbaşkanlarıdır. Çuvaşıstanda Çubuksarıda seçilmiş millət vəkili ilə, Türkiyədə Burdurda seçilmiş millət vəkili eyni millətin elçiləridir. Bayraqlar, vətənlər, dövlətlər, hətta siyasi rejimlər fərqli ola bilər, lakin millət təkdir. Bizim düsturumuz: Millətin sərhədləri yoxdur, dövlətin sərhədləri vardır". Türk birliyinə nail olmağın ən vacib yolunu isə Turan Yazqan dil, əlifba və təhsil məsələlərində görürdü.

Milli təhsil məsələsi Turan Yazqan və vəqfinin gələcəyə yönəlmiş siyasətinin əsas hədəfi olmuşdur. Çünki təhsil çox geniş anlayış olaraq millətin mədəni, elmi, iqtisadi, sosial və digər sahələrdə inkişafına birbaşa təsir göstərir, müasir dövr və gələcək arasında körpü yaradır. Həmin körpünün təməli milli-mənəvi dəyərlər əsasında qurulduğu zaman isə milli dövlətin və millətin gələcəyinə təminat vermiş olur. Çünki "milli dəyərlərimizi (başda dil olmaqla) əsas götürməyən heç bir təhsil və kültür fəaliyyəti milli əxlaq və şəxsiyyətimizi düzəldə bilməz".

Bu prosesdə isə milli aydınların rolu həlledicidir. Turan Yazqan da həmin məqama xüsusi önəm vermişdir: "Təhsil sisteminin yunan-latın mədəniyyətini tərk edərək Atatürkün türkçü təhsil sisteminə çevrilməsi, Allahın türkə özəl olaraq bəxş etdiyi hər dəyərin ucaldılması, Allahın türk coğrafiyasına töhfə verdiyi mühüm iqtisadi qaynaqların türklər tərəfindən və türklər üçün istifadə olunmasının yollarının axtarılması, dil-fikir və iş birliyinə gedən yolda bütün türk dövlətlərinin ağıllı siyasət yeridərək milləti istismar olunmaqdan, soyulmaqdan, yatmaqdan qurtarması üçün türk aydınlarının birləşməsindən başqa yol olmadığı hər kəsə qəbul edilməsi gərəkən bir həqiqətdir". Turan Yazqan "türk dünyası aydınlarını da inkişaf etmiş ölkələrdə olduğu kimi düşünən və milli mənfəəti ayırd edən ziyalılar olmaq məcburiyyətindədir" deyərkən də ağıla, zəkaya, müasir intellektual dünyanın tələblərinə uyğun, lakin eyni zamanda, milli dəyərlərə söykənən insanları nəzərdə tutur. Turan Yazqan bütün hallarda "mücadiləni ağılla yürütməmiz gərəkir" düşüncəsinə sahib idi. Ona görə də görüşlərində tez-tez milləti başı uca, zəngin, əxlaqlı millət, dövləti isə sözü kəsərli, qılıncı kəskin bir dövlət halına gətirəcək cəmiyyət mühəndisliyinə ehtiyac olduğunu səsləndirirdi.

Milli təhsil məsələsinin və bötüvlükdə millətin və milli kültürün ən vacib ünsürü dil olduğu üçün türk dili məsələsi Turan Yazqanın fikirlərinin əsas hissəsini təşkil edir. Türk dilinin dünyadakı əhəmiyyətinə diqqət yetirən Turan Yazqan yazırdı: "Türk dili dünyada müstəmləkə dilləri də diqqətə alındığı təqdirdə beşinci sıradakı ən çox danışılan dildir. Müstəmləkə dillərini kənara qoysanız, üçüncü böyük dildir. Bu gün beş yüz milyon insanın bu dildə anlaşdığını Birləşmiş Millətlərin statistikalarında görürük... İstiqbalın dili ingilis dili deyil, qeydsiz, şərtsiz türkcədir".

Milli dili Turan Yazqan "Türkün kimlik kartı" kimi dəyərləndirərkən, onu maddi və mənəvi inkişaf üçün dəyişən digər vasitələrdən fərqli olaraq, dəyişdirilməsi mümkün olmayan, müqəddəs dəyər kimi qiymətləndirmişdir: "Türk millətinin dili dəyişməz. Dövlətin dili də dəyişməz. Dövlətin xarakteri milli dövlətdir. Milli dövlətdə rəsmi dil olmaz. Millətin dili olar... Milli dövlətlərdə rəsmi dil yoxdur. Millətin dili dövlətin dilidir". Bu məlum həqiqətləri xüsusi vurğu ilə səsləndirən Turan Yazqan milli dilin itirilməsini, bütövlükdə milli kültür və dövlət üçün məhv olmaq kimi qəbul edirdi.

Butün bu məsələləri nəzərə alaraq Turan Yazqan təhsilin milli dildə olmasına xüsusi önəm vermiş, yabançı dillərdə təhsil verən məktəblərə kəskin münasibətinin səbəblərini aydın şəkildə ifadə etmişdir. "Türk sərmayəsi ilə özəl məktəblər qurub ingilis dilində təhsil vermək köləlik ruhu daşımaq deməkdir" söyləyən Turan Yazqan fikirlərini belə açıqlamışdır: "Xarici dildə təhsilin pedaqoji qanunlara tərs olduğu, təhsilin qayəsini dəyişdirərkən milli kompleks yaratdığı, türk dilinin nifrət edilən və ifadə gücü getdikcə düşəcək bir vəziyyətə gəlməsinə yol açdığı, inkişaf etməsinin əngəllədiyi bir həqiqət olduğuna görə buna "dayan" deməyin zamanının keçdiyi nə vaxt idrak ediləcək?" Turan Yazqan Türkiyə Respublikasının türk dövlətlərində məktəblər açaraq orada ingilis, yaxud rus dilində təhsil verilməsini qəbul etmir, müqayisələr aparır, "Fransa uşaqlarına necə xarici dil öyrədirsə, Türkiyə də elə öyrətməlidir", "Siz Rusiyanın Qazaxıstana gəlib türk dilində bir məktəb açacağını düşünə bilərsinizmi?" fikirləri üzərində düşünməyə sövq edir: "İngilis dilində təhsil vermək müəyyən bir modaya qapılmış olduğumuzu göstərir, türkcəni öz istiqbalımızdan silmiş olduğumuz mənasını daşıyır". Təbii ki, yuxarıda da müşahidə etdiyimiz kimi, Turan Yazqan türk insanının, xüsusilə də aydınlarının xarici dillərə mükəmməl şəkildə bələd olmasının, həmin dillərin imkanlarından istifadə edərək elm və mədəniyyətin inkişafının da tərəfdarı idi. Lakin hər hansı bir məktəbdə təhsilin tamamilə yabançı dildə olmasının orada təhsil alan uşaq və gənclərə etdiyi gizli psixoloji təsir, mədəni basqı da məlum həqiqətdir. Bu incə məqamlara zamanında diqqət göstərməmək milli kültürün gələcək mənzərəsini də təhlükəyə qoymaqdır.

Zaman-zaman türk dünyasında çeşidli əlifbalar işlədilmişdir. Fərqli əlifbalardan istifadə olunması da türk millətinin bir-birini anlamasının ən çox müşahidə edilən əngəllərindən biri olmuşdur. Bununla yanaşı, istər Türkiyə, istərsə də digər türk dövlətlərində təhsilin türk dilində olmaması üçün gizli bir kompaniya yürüdülmüşdür. Təhsildə türk dili işlədilmədiyi, yaxud da ön planda olmadığı müddətdə isə ortaq ədəbi dildən danışmaq mümkün deyil. Türk milləti türkcə düşünür, türkcə yazar və türkcə danışar. Bu millət öz dilində danışıb yaza bilməzsə, özünə aid müqəddəs milli-mənəvi dəyərlərin qoruyucusu və müdafiəçisi ola bilməz. Bu məsələləri diqqətə alan Turan Yazqan türk dünyası birliyinin dil və əlifba birliyindən keçdiyini belə ifadə edirdi: "Türk kültürü kökündən qoparılmadan inkişaf etdirilsin. Türk dili hər yerdə qeydsiz və şərtsiz tək təhsil dili olaraq şərəfli yerini tutsun və türkcə bütün türk dünyasının ortaq ədəbi dili olaraq inkişaf etsin. Uşaqlarımız tarix şüuruna sahib olsun və dövlət, bayraq, vətən, dil, din kimi müqəddəs dəyərlərimizin yorulmadan keşiyində dayansın".

Türkiyədə milli təhsil məsələsini tez-tez gündəmə gətirən Turan Yazqan türk dövlətlərində də Türkiyə türkcəsinin öyrədilməsinə çox mühüm əhəmiyyət verirdi. Türk Dünyası Araşdırmaları Vəqfi yolu ilə başda Qaqauzeli və Kırım olmaqla bir çox ölkə və bölgəyə minlərcə türk əlifbası göndərilməsi, türk dünyasının çeşidli bölgələrindən gətirilən müəllimlərin bütün ehtiyacları qarşılanmaqla onlara Türkiyə türkcəsinin öyrədilməsi Turan Yazqan üçün "dildə, fikirdə, işdə birlik", "olmazsa olmazları" arasında idi. Bu baxımdan nəşr olunan "Türk Dünyası Konuşma Klavuzu" türk xalqlarının anlaşması üçün nəzərdə tutulmuşdur. Turan Yazqan "türkcənin 42 əlifbası birə endirilmədikcə dil birliyindən bəhs etməyə imkan yoxdur" deyərkən də əlifba, yazı və dilin türk birliyi üçün çox önəmli olduğunu vurğulamağa çalışırdı. Türkiyə türkcəsi əlifbasının türk dövlətləri üçün ortaq əlifba kimi daha uyğun olduğunu düşünən Turan Yazqan ortaq türk dili məsələsində, haqlı olaraq, milli birliyin təbii inkişaf qanunauyğunluğuna əsaslanırdı: "Ortaq dil ortaq əlifbadan sonra özü-özlüyündə formalaşacaqdır. Burada dildə zorlama əsla düşünülməməlidir".

Ata-babalarından qalma torpaqlarının dili, dini, adət və ənənələri ilə, yəni öz kültürü ilə "türk olaraq" yaşamaq istəyən, sərhəd tanımayan türk aydınlarının birləşdiyi "Türk xalqları assambleyası" da Turan Yazqanın rəhbərliyi ilə qurulmuşdur. Bu assambleya qərarına görə, aydınlar "türk torpaqlarının hər yerində azad və müstəqil yaşamaq, öz-özünü idarə etmək, mənbələrini özü üçün istifadə etmək, haqlarını müqəddəs və insan haqları universal bəyannaməsində təsis edilmiş bir haqq olaraq mütləq, nəyin bahasına olursa olsun əldə etmək, əldə etdiyi yerlərdə davam etdirmək" əzm və qərarlığında olan bir quruluş kimi müəyyən olunmuşdur.

Türk dünyasında milli aydınların yetişməsini Turan Yazqan XX əsrdə türklərə qarşı yeridilmiş manqurdlaşma siyasətinə qarşı ən vacib yollardan biri kimi görürdü: "İnsanlıq və qloballaşma deyə aldadılaraq kommunizm və azğın kapitalizm köləsi olmuş aydınlara MANQURD deyilir. Manqurd olmadan bir an əvvəl türk millətçiləri, dünya aydınları vəhşi kapitalizm və qeyri-insani kommunizmə qarşı birləşsinlər".

Türk dilində "kəlmələrə sığmaz" deyə bir ifadə vardır. Professor Turan Yazqanın gördüyü işlər həqiqətən sözlərə sığmayacaq qədər çox, əməllərinin təsiri isə ölçülə bilməyəcək qədər böyükdür. Onun gördüyü işlərin böyüklüyünü keçmiş Sovet İttifaqının dövlət başçısı M.S.Qorbaçov belə qəbul etmiş və 1990-cı ildəki bir televiziya proqramında belə demişdir: "Rusiya, müasir dünyada güclü şəkildə yer almaq istəyirsə, Turan Yazqanın Azərbaycanda etdiyi kimi market iqtisadiyyatını öyrənmək və öyrətmək məcburiyyətindəyik".

Turan Yazqan iqtisadiyyatdan siyasətə, sənətdən kültürə qədər bütün sahələrdə türk birliyi üçün lazım olan örnəklər göstərmişdir. Turan Yazqan türk birliyi idealını mükəmməl formada ifadə etmişdir: "Biz dünyanın təkrar yaradandan ötrü bütün yaradılanların sevildiyi, bütün yaradılanların qiymətinin bilindiyi bir dünyanı gerçəkləşdirmək üçün türk birliyi istəyirik. Başqa hədəfimiz yoxdur. Müstəmləkə bitsin istəyirik, soyğun bitsin istəyirik, qan dursun istəyirik".

Türk dünyasının bütün problemləri Turan Yazqanın düşüncələrində yer almış, onu ömrü boyu narahat etmişdir. "XX əsr boyunca Orta Avropada, Balkanlarda, Şərqi Anadoluda, Kərkükdə, Kıbrısda, İranda, Rusiyada və Çində qətliama məruz qalanlar nə yazıq ki, biz türklərik" deyən Turan Yazqan türklər haqqında dünyada səslənən yalan və iftiralara qarşı da kəskin münasibət bəsləmişdir: "İnsanlığa insanlığın vəhşi tarixini öyrətmədikcə türkləri qaralamaq üçün siyasi məclislərin səs çoxluğu kimi alçaq təhdidlər sona yetməyəcək".

Turan Yazqan bütün türk dünyasının fədakarı olmuşdur: "Türk dünyasındakı məktəblər, Türk dili bölümləri, fakültələr, Türk Dünyası Kültür Mərkəzləri "dildə, fikirdə, işdə birlik" idealı üçün çalışacaqdır".

Turan Yazqan türk milli kültürünə abidə əsərlər qazandıran bir şəxsiyyətdir. Türk Dünyası Araşdırmaları Vəqfi yayınları ilə bir çox əsərlər elm və mədəniyyət dünyamıza hədiyyə etmişdir. Əvvəlcə Bakı, sonra isə türk dünyasının digər bəzi şəhərlərində açılan kitab mağazaları milli kültürümüzün vəhdət şəklində inkişafı üçün son dərəcə önəmli işlər idi. Türkiyədə türk dünyasının elmi və digər əsərlərinin yer aldığı kitab evinin açılması da yenə Turan Yazqanın türk birliyi adına gördüyü fəaliyyətlərə bir örnəkdir.

Turan Yazqan türk millətini "türklərin idarə etməsini" istərkən öz ayaqları üzərində duran bir türk coğrafiyası həsrəti ifadə etmişdir. Çünki iqtisadi baxımsızlığını əldə edə bilməmiş millətlərin azad və müstəqil yaşaması mümkün deyil.

Turan Yazqanın rəhbəri olduğu Türk Dünyası Araşdırmaları Vəqfi yalnız türk milləti üçün deyil, tarixin çeşidli dövrlərində millətimizlə birlikdə olmuş müxtəlif etnik qruplarla bağlı işlər də görmüşdür.

Turan Yazqan bütün çıxışlarını "Tanrı türkü qorusun" sözləriylə bitirmişdir. Bizdə Tanrının türk millətinə verdiyi yüksək dəyərləri və bu dəyərləri yaşadan, onları nəsillərə ötürən milli aydınlarımızı, Turan Yazqan timsalında ideoloqumuzun bütün türk dünyası üçün örnək olan işlərini davam etdirməli, qorumalı və gələcək nəsillərə çatdırmalıyıq.

Bəsirə ƏZİZƏLİYEVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Nizami adına Ədəbiyyat İnstitutu
Doktor Muhsin KADIOĞLU
İstanbul Texniki Universiteti



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 038 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...