MTRŞ rəqəmli yayım zamanı istifadə olunacaq dekoderlərlə bağlı əhaliyə müraciət edib
Milli Televiziya və Radio Şurası (MTRŞ) rəqəmli yayım zamanı istifadə olunacaq dekoderlərlə bağlı əhaliyə müraciət edib. MTRŞ-nin Texniki nəzarət şöbəsinin müdiri İsa Məmmədov APA-ya bildirib ki, əhali HD formatı dəstəkləyən dekoderləri almalıdır.
Onun sözlərinə görə, bir çox telekanal HD formatda yayımlanır, gələcəkdə isə bir neçə telekanalın da HD formatına keçməsi planlaşdırılır ki, HD formatı dəstəkləməyən dekoderlərlə telekanalları izləmək mümkün olmayacaq: “Alınacaq dekoderlər HD formatını dəstəkləməlidir. Əks halda HD formatlı TV proqramlarını izləmək mümkün olmayacaq”.
Şöbə müdiri qeyd edib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2 şirkətlə danışıqlar aparsa da, hələlik həmin şirkətlərdən xarici ölkələrdən dekoderlərin gətirilməsi xahiş olunmayıb: “Bunun səbəbi ölkəmizin ticarət şəbəkələrində kifayət qədər dekoderin olmasıdır. Lakin şirkətlərdən hazır vəziyyətdə gözləmələri və lazım gəldikdə həmin dekoderlərin ölkəyə gətirilməsinin təmin olunması xahiş olunub. Göründüyü kimi bu məsələ ciddi şəkildə nəzarətdədir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi gələn həftədən maarifləndirmə tədbirlərini gücləndirmək niyyətindədir”.
Qeyd edək ki, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib. Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamanda Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.
831 dəfə oxundu