"BİZİ SINDIRA BİLMƏDİLƏR" - MÜSAHİBƏ
Onunla iş otağında görüşdüm. Çox yığcam, necə deyərlər, əsl yazı adamının öz dünyasını ifadə edən və mənə elə gəldi ki, həm də elə həmsöhbətimin özünün kimliyini, qəzetini göz önündə canlandıran bu otağın yazı masasının ətrafında adi halda dörd adam əyləşə bilər. Amma bu otağın həmin o yazı masasının arxasına bəzən bütün kollektivi də yığır. Otaq geniş, ürək geniş, yazı masasının üstündə də həmişə yazılmasını gözləyən mövzular…
Bu otağın sahibi Azərbaycan oxucusunun və bütövlükdə mətbuat və söz dünyasının dəyərləndirdiyi, tanıdığı, önəm verib qapısını döydüyü Akif Aşırlıdı. Mən Akif müəllimlə demək olar ki, «Azərbaycan» nəşriyyatında hər gün görüşürəm. Amma budəfəki görüşüm, daha doğrusu, «Şərq»çiləri ziyarət etməyim məqsədlidi. Çünki Akif müəllimlə bir könül söhbəti etmək istəyirəm. Özümüzdən, özlərindən, mətbuatımızdan və bir də «Şərq»in yeni yaşından. Üzümüzə gələn ayın ilk günü «Şərq»in 20 yaşı tamam olur. Həm ocaq qonşusu, həm həmkar, həm də tanınmış bir qəzetin sahibi olan Akif müəllimlə söhbəti gündəlik təmaslarımızda etdiyimiz bir ahənglə başladım və dedim:
- Akif müəllim, xoş gördük. «Şərq»inizin 20 yaşı mübarək. Düzdür, bir az bu təbriki qabağa çəkmişik, səbəbi də ocaq qonşusunun daha simsar, daha yaxın olmasıdır. Bax, elə bir qonşu kimi soruşmaq istəyirəm, niyə «Şərq», qərb yox, cənub yox, məhz «Şərq?»
- Təbrikə görə bütün «Ədalət»çilərə, Aqil Abbasa və İradə xanım Tuncaya minnətdarlığımı bildirirəm. Həmişəki kimi «Ədalət» yenə öz doğmalığını nümayiş etdirir. O ki qaldı adımıza… Deməli, biz qəzet təsis etmək fikrinə gələndə, ölkədəki ictimai-siyasi mühit tamam fərqli idi. Müstəqilliyin ilk illərini yaşayırdıq və imperiyadan xilas olmuş məmləkətimizdə qərblə bağlı müxtəlif fikirlər, münasibətlər mövcud idi. Çünki sovet quruluşu qərbi bizə ancaq kölgəli tərəfindən həmişə təqdim etmişdi. Şərq isə məlumdur və üstəlik şərq həm də qərbin mədəni inkişafına stimul vermiş bir coğrafi ərazidi. Ona görə də biz şərqə söykəndik ki, qərbin də uğurlarını, yeniliklərini bir-biriylə qovuşdura bilək. Özümüzdən qonşumuza, yəni şərqdən qərbə bir söz körpüsü olaq. Şükürlər olsun ki, bu yolda hələ ki, büdrəməmişik. Bunu sosial şəbəkələrdə artıq ünvanımıza yazılmış təbriklərdən də görürük və bu da bizi sevindirir. İnanın ki, bu gün səhər-səhər həmin o təbrikləri oxuyub çox gözəl ovqatla redaksiyaya gəlmişəm.
- Akif müəllim, qəzetinizin adını əks etdirdiyi bu şərq coğrafiyasında insanların bir araya gəlməsi, bir ittifaqda təmsil olması həmişə problem olmayıb. Sizdə necə, redaksiyada bir şərq pərakəndəliyi hiss olunmur ki?
- Öncədən deyim ki, redaksiyanın bünövrəsini dostlar qoydular. Bunun özülü səmimiyyətdi, bir-birinə inamdı, güvəncdi. Biz hamımız eyni işin icraçılarıyıq. Formal olaraq baş redaktor, müavin, şöbə müdirləri, müxbirlər var, amma görülən iş – ümumi məhsulumuz yaradıcılıqdı. Biz bir-birimizin sözünə, yazısına hörmətlə yanaşırıq. Bir-birimizin mövzusunu inkişaf etdirməyə, tam araya-ərsəyə gətirməyə yardım edirik. Yəni hər səhər günün yazıları planlaşdırılanda kim hansı yazını yazacaqsa artıq kollektivə bəlli olur. Və o mövzu ilə bağlı kimdə əlavə bilgi varsa çox səxavətlə həmkarına verir onu. Bunu deməkdə məqsədim odur ki, biz bu günə qədər, darda, xeyirdə, şərdə, istər redaksiyanın daxilində də, kənarında da bir yerdəyik. Hansısa bir məclis olursa bütün kollektiv orda ailə kimi iştirak edib – gələni qarşılayır, gedəni yola salır. Bizim gücümüz bundadı. Sizin dediyinizə bir balaca yumor qataraq demək istəyirəm ki, əgər şərq ölkələri də bizim kimi həmrəy olsalar, çox böyük uğurlara imza atarlar. Təəssüf ki, biz bunu onlarda görmürük.
- Akif müəllim, siz vurğuladınız ki, dar məqamda da birlikdəsiniz. Ümumiyyətlə, «Şərq»in dar günləri olub?
- Əlbəttə, özü də kifayət qədər. Hətta qəzetin bağlanma təhlükəsini də yaşamışıq. Bu otaqda öz-özümə o qədər variantlar düşünmüşəm, yollar axtarmışam. Sağ olsun, yaxşı dostlarım, o cümlədən ağsaqqalımız Aqil Abbası. Sizin redaksiyaya gedib Aqil müəllimin otağında (onda Aqil müəllim baş redaktor idi) üç-dörd saat oturub nə edəcəyimizi götür-qoy etmişik. Mənə yol göstərib, məsləhətlər verib, məhkəmə çəkişmələrini yaşamışıq. Kimlərsə qəzeti öz təsir dairəsinə salmağa çalışıb, ona qarşı duruş gətirmişik. İnflyasiya ilə bağlı sıxıntılarımız olub. Bir sözlə, biz də Azərbaycan adlı məmləkətin yaşadıqlarını yaşamışıq. Hələ onu demirəm ki, üç yaşımıza qədər bütün həmkarlarımız kimi biz də senzura qılıncının altında olmuşuq. Şükürlər olsun ki, indi bütün bunlar arxada qalıb və gəlib 20 yaşa çatmışıq. Oxucu üçün, Azərbaycan üçün, bütövlükdə mətbuat tariximiz üçün nə edə bilmişiksə, onu elə oxucunun özü, bir də zaman deyəcəkdi.
- Akif müəllim, bu gün qəzetinizin tirajı 3 min nüsxədi. Amma mənim bildiyimə görə, siz bundan daha böyük rəqəmləri ifadə edən nüsxələrlə oxucu qarşısına çıxmısınız.
- Bəli, indi təəssüf doğursa da amma neyləmək olar? Dünyada baş verən proseslər, böhranlar bizdən də yan keçməyib. Bir zaman 30 min tirajla çap olunan «Şərq» indi 3 min nüsxə ilə çap olunur. Bunun özü bizə heç də asan başa gəlmir. Çünki bu günün mediasının durumu o qədər də bitkin, rahat deyil. Şükürlər olsun ki, ölkə prezidentinin sərəncamı və KİVDF-nin xətti ilə dövri mətbuata yardımlar göstərilir. Həmçinin, mətbuat günündə də cənab prezident redaksiyalara birdəfəlik yardımlar edir. Bunlar olmasa, inanın ki, vəziyyət daha da ağır olar. Səbəbi də oxucu qıtlığı deyil, səbəbi dünyadakı iqtisadi durum və bir də Azərbaycanda reklam bazarının vəziyyətidi. Dəfələrlə xarici ölkələrdə olmuşuq, mətbuatdan izləmişik, istər Türkiyədə, Almaniyada, Fransada olsun fərq etmir, qəzetlərin maliyyəsinin əsas hissəsini reklamlar təşkil edir. Biz ən yaxşı halda əlamətdar günlərdə bir-iki reklam xarakterli təbrik çap edə bilirik, bu da ki heç nədi. O ki qaldı özümüzün özümüzü maliyyələşdirməyimizə, ən yaxşı halda çap olunmuş qəzetin ümumi gəliri 40 faiz, ən pis halda isə 25 faiz olur. Bununla nə itsə etmək mümkün deyil. Üstəlik öncə qəzet köşkləri çox böyük saydaydı, indi yeni köşklər çox məhduddu və onlar da 1 nüsxə qəzet qəbul edir. Rayonlara, digər şəhərlərə qəzet göndərmək məsələsində də müəyyən problem var. Bütün bunlar da təbii ki, qəzetin əhatə dairəsinin genişlənməsinə öz təsirini göstərir.
- Ümumiyyətlə, «Şərq» qəzetinin qarşılaşdığı çətinliklər digər mətbu orqanlara da aiddi, bu məlumdu. Amma sizin özünüzün də fərqli bir qəzet təqdim etmək məharətiniz yəqin ki, kimlərdəsə qıcıq doğurur.
- Bəli, həqiqətən «Şərq» öz sifəti, öz oxucu kontingenti olan bir qəzetdi və biz də bunu kollektiv əməyin bəhrəsi kimi dəyərləndiririk. İstənilən mövzu bizim üçün açıqdı, istər şou olsun, istər tarixi, elmi, istərsə siyasi mövzular, ədəbiyyat, incəsənət. Bircə təhqirdən başqa. Hər kəs bu mövzularda bizim qəzetin tribunasından istifadə edə bilər. Görünür, bu da qəzeti öz təsirinə salmaq istəyənlərə, özünə xidmətə yönəltmək istəyənlərə xoş gəlmirdi. Ona görə ən xırda məsələni də qabardır, bəzən məhkəmə çəkişmələrinə bizi çəkirdilər. Şükürlər olsun ki, sonda biz dözdük və öz mövqeyimizi qoruyub saxlaya bildik. Və həmin o dar məqamların birində Tanrının lütfü ilə mənə bir qapı açıldı. Və bu gün də «Şərq» öz oxucularının yanındadı.
- Bugünkü qəzet bolluğunda «Şərq»in siması ayrıca görünür. Qəzetdə bir nəfəs genişliyi var. Buna necə nail olursuz?
- Mən kollektivə bir sərbəstlik vermişəm. Hər kəs öz fikrini ortaya qoya bilir. Mənim yeganə tələbim insanların, mövzuda qabardılan məqamların təhqirdən uzaq olmasıdır. Qalan bütün məsələlər demokratik bir şəraitdə hər kəsin mövqeyi gözlənilmək şərtilə qəzetdə öz əksini tapır. Şəxsən elə əməkdaşlarımız var ki, mən onların yazılarını redaktə etmirəm. Məlumdur ki, mətbuat cəmiyyət institutunun bir hissəsidir. Bu institutun da bir hissəsi informasiya çatdırmaqdır, özü də dəqiq, obyektiv informasiya. Sadəcə hər kəs informasiyanı öz istədiyi kimi təqdim edə bilər. Burada bizim üçün əsas meyar gerçəklik və bir də təhqirin olmamasıdır.
- Akif müəllim, sizin qəzetdə şou əhli ilə bağlı xeyli sayda informasiyalar çap olunur. Həmişə qalmaqalı sevən həmin şou əhli ilə necə dil tapırsız?
- Bilirsiz, bizdə bu sahəni daha çox Tahirə Məmmədqızı təqdim edir, o da artıq kifayət qədər peşəkar olduğundan onların necə deyərlər, dilini, sirrini bilir. Ona görə ciddi bir problem yaşamırıq.
- Sizə qəzetçiliyə aid olmayan bir sual da vermək istəyirəm. Mənə məlumdur ki, siz həm də təhqiqat işləri ilə də məşğulsunuz. Həm mətbuatımızın tarixi, həm də Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı…
- Bəli, mətbuat tariximizin elə səhifələri var ki, onu tədqiq etmək mənim hələ tələbəlik illərindən maraq dairəmdə olub. Və günlərin birində də həmin o marağı real işə çevirdim. Bu işdə mənə Türkiyə tərəfindən verilən dəstək xüsusilə önəmli oldu. Və artıq ortada sanballı işlər var. Təbii ki, bu işlərin də həm tariximizə, həm mədəniyyətimizə, bütövlükdə özümüzü tanımağımıza müəyyən təsiri danılmazdır. Düşünürəm ki, hər kəs öz bacarığı hesabına qarşısına qoyduğu işlərə ciddi şəkildə yanaşsa, nəsə ortaya çıxara bilər. Bax, bu mənada mənim araşdırmalarım mətbuat tariximizin zənginləşməsi istiqamətində çox maraqlı və diqqətçəkən haldır. Yəqin ki, müəyyən zamandan sonra gördüyümüz işin əhəmiyyəti daha çox üzə çıxacaqdı.
… Mən Akif Aşırlı ilə xeyli söhbət etdim. Hətta biz cəmiyyətimizin təhsilnən, mədəniyyətlə, səhiyyə ilə bağlı sahələrinə də toxunduq. Bir qəzet redaktorunun bu mövzulara yanaşmasını, onu necə təqdim etməyə dair fikirlərini dinlədim. Hətta sözarası yubileyi necə keçirmək barəsində də soruşdum. Təbii ki, günümüzün reallığı bu cavabları özü-özlüyündə hər kəsə mesaj edir. Yəni görünən kənd bələdçi istəmir. İqtisadi durum göz önündədi. Amma Akif müəllim sonda onu da bildirdi ki, əgər nə vaxtsa «Şərq»dən getsə, heç bir qəzetdə işləməyəcək. Lap çox gərək olsa, hansısa bir sayılıb-seçilən kağız və yaxud elektron KİV-ə köşə yazıları göndərə bilərəm. Çünki mən özümü «Şərq»də kollektivimlə birlikdə tanıtmışam, təsdiq etmişəm. «Şərq» bizim həm də ailəmizdi, bir parçamızdı. Bax, bu fikirlərdən sonra mən onları bir daha təbrik edib ocaq qonşularımıza «yubileyiniz mübarək olsun» söylədim.
939 dəfə oxundu