"Məşhurlar narkotik çəkib, tövbə edirlər" - Hacı Əbdül
“Bu il Azərbaycanda tövbə etmək üçün “Tövbə” cəmiyyətinə 122 nəfər müraciət edib”.
Bunu AzVision.az-a “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül deyib. O, qeyd edib ki, tövbə edənlərdən 9-u qız-gəlindir: “Tövbə edənlərin əksəriyyəti narkomaniyadan, içkiyə olan aludəçilikdən əziyyət çəkənlər, yalan danışanlardır. Son zamanlar qadınların içkiyə və narkomaniayaya meyli artıb. Təkcə bu il 9 qadın buna görə tövbə edib”.
H.Əbdül bildirib ki, bununla yanaşı tövbəni pozanların sayı artıb: “Həmişə olduğu kimi tövbəsini pozanlar şallaqla cəzalandırılır. Onlar özləri gəlib bizə müraciət edirlər. Bundan sonra cəza tədbirləri görürük. Ötən gün tövbəsini pozan bir şəxs müraciət etmişdi. Öz səhvini etiraf etdi. Xahiş etdi ki, onu şallaqlamayım. Xahişini yerinə yetirdim və onu şallaqlamadım. Bu, o demək deyil ki, tövbəsini pozanlar şallaqlanmayacaq”.
Cəmiyyət sədri vurğulayıb ki, son zamanlar məşhurlardan tövbə etməyə gələnlərin də sayı artıb: “Bu yaxınlarda xeyli tanınmış sima bizə müraciət etmişdi, onları tövbədən keçirdik. Həmin insan tanınmışdır. Adını çəkməyim düz gəlməz. Məşhurlar ən çox narkotikdən uzaqlaşmaq üçün tövbədən keçməyə gəlirlər”.
H.Əbdül qeyd edib ki, axır zamanlar siyasətçilər tövbə etmək üçün ona müraciət etmirlər: “Əvvəllər tövbədən keçmək üçün gələn siyasətçilər var idi. Son vaxtlar görmürəm. İnşallah gələcəklər. Hər şeyin öz vaxtı var”.
781 dəfə oxundu