Bakının bir hissəsi internetsiz qalıb
Bakının bir hissəsi yenə internetsiz qalıb. “Bakinternet” abunəçiləri bu gün gecə saatlarından problemlə üzləşiblər və internet hələ də bərpa olunmayıb. Bu şikayətlə virtualaz.org-un redaksiyasına Nizami və Xətai rayonlarında yaşayan abonentlər müraciət ediblər.
“Gecə növbəsində işləyirəm. Təxminən saat 4:00-dan Nizami rayonunda internet yoxdur. Əvvəlcə elə bildim şəxsi problemdir, amma rayonun bütün internet klublarının, o cümlədən Xətai rayonunun əksər internet klublarını gəzdikdən sonra başa düşdüm ki, bu rayonların heç birində internet yoxdur. Ödənişi də vaxtında etmişəm. Heç bir xəbərdarlıqsız internetimizi kəsiblər”, - deyə şikayətçi bildirib.
Yaranmış problemlə bağlı Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ilə əlaqə saxladıq. Birliyin Mərkəzi Dispetçer Xidmətinin mühəndisi İlqar Dünyamalıyev isə bildirdi ki, hazırda “Bakinternet”in verilişində heç bir problem yoxdur: “İnternet əlaqəsi nəzarətimizdədir, “Bakinternet”də kəsilmə yoxdur. Sadəcə olaraq, abonentlərimiz indiyə kimi bir aylıq internet istifadəsindən sonra ödəniş edirdilər. İndi ödəniş əvvəldə edilir. Bununla bağlı abonentlərimizin çoxuna sms vasitəsilə məlumat vermişik. Bəzi borclu abonentlərimiz var ki, onlar məlumatsızdırlar və borclu olduqlarına görə internetləri kəsilib. Borcu olmayan abonentlərin internetinin kəsilməsi yüklənmə ilə əlaqədar ola bilər”.
829 dəfə oxundu