Minaya düşərək gözlərini və əlini itirən gizirin yardıma ehtiyacı var

Minaya düşərək gözlərini və əlini itirən gizirin yardıma ehtiyacı var


Döyüş tapşırığını yerinə yetirərkən mina partlaması nəticəsində əlil olan Əbdürrəhmanov Nəzər Firuddin oğlu redaksiyamıza müraciət yollayıb. O qeyd edir: “Mən Əbdürrəhmanov Nəzər Firuddin oğlu 08 iyul 1988-ci ildə Xaçmaz rayonunun Əbilyataq kəndində anadan olmuşam. Ailəliyəm, bir övladım var. Hazırda Səbayel rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 16, mənzil 4 ünvanında yaşayıram.

2006-cı ilin iyul ayından 2008-ci ilin yanvar ayınadək hərbi xidmət keçmişəm. 2009-cu ilin oktyabr ayından etibarən müddətdən artıq həqiqi hərbi qulluqçuların hazırlıq kursuna başlayıb, kursu bitirdikdən sonra "N" saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətə başlamışam. 2010-cu ilin dekabr ayından "N" saylı hərbi hissəyə ezam olunmuş, 2011-ci ilin iyul ayından isə hərbi əməliyyatlara qatılmışam.

Dəfələrlə düşmənə sarsıdıcı zərbə vurduğumuz əməliyyatlarda iştirak etmişəm. Xidmət dövründə dəfələrlə fəxri fərman və medal ilə təltif olunmuşam. 2015-ci ilin avqust ayının 13-də döyüş tapşırığını yerinə yetirərkən minaya düşmüşəm. Mina partlaması nəticəsində sağ əlimin biləkdən yuxarı hissəsi və sağ gözümün görmə qabiliyyəti tamamilə, sol gözümün görmə qabiliyyəti isə qismən itib. Hazırda heç bir gözüm görmür. Hərbi Hospitaldan sol gözümün tam müalicəsi başa çatmamış tərxis edilmişəm. Sol gözümün hissiyyatı qalıb, yəni işığı hiss edə bilirəm. Bu o deməkdir ki, mənim sol gözümün görmə şansı hələ də vardır. Türkiyənin İstanbul şəhərində yerləşən “Dünyagöz” xəstəxanasında doktor Anil Kubanoğlu bu sahədə ixtisaslaşmış həkimdir. İlkin müayinələrin nəticələrinə əsasən təkcə əməliyyat üçün 12000 dollar vəsait tələb olunur. Ailə vəziyyətimizin maddi durumu ağırdır. Mənə təyin olunan pensiya yalnız dolanışığımız və dərmanlara güclə çatır. Bu vəziyyətdə mənim xarici ölkədə müalicə olunmağım qeyri-mümkündür.

Dövlətimizin müharibə əlillərinə olan həssas qayğısını nəzərə alıb, sol gözümün müalicəsi üçün maddi köməklik göstərilməsini müvafiq qurumlardan xahiş edirəm. Həmçinin, ölkəmizin xeyirxah, vətənpərvər imkanlı şəxslərinin də dəstəyinə ümid edirəm. Əlaqə telefonu: 055-403-37-33”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
871 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...