“Yayılan kadrarxası görüntülərə mən hələ 2014-cü ildə baxmışam” - MTRŞ sədri
““Səni axtarıram” verilişinin dünən yayılan kadrarxası görüntülərinə mən hələ 2014-cü ildə baxmışam”. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
O bildirib ki, həmin vaxt verilişdə saxta ssenarilərin olması ilə bağlı MTRŞ-ya məlumatlar daxil olub: “Bu məsələ hələ 2014-cü ildə bizim diqqətimizdə idi. O vaxt biz bu tip məlumatlar haqda ATV telekanalının rəhbərliyini məlumatlandırdıq, onlar da bundan nəticə çıxartdılar. Verilişin ATV telekanalında yayımı dayandırıldıqdan sonra, veriliş ANS-də yayımlanmağa başlandı. Mən ANS rəhbərliyini Şuraya dəvət edib, məlum görüntülər haqda onlara məlumat verdim və onlardan bu məsələni ciddi nəzarətdə saxlamalarını tələb etdim. Eyni zamanda, onlara bildirdim ki, bu məsələ Şuranın diqqətindədir. Əgər verilişlə bağlı, hər hansı problem olacaqsa, buna qarşı ciddi tədbirlər görüləcək. O zaman şou xarakterli verilişlərə qarşı ciddi tədbirlər görülürdü. Biz işimizi hüquqi müstəvidə görürük. Bu gün yayılan görüntülər efirə getməyib. Lakin biz hələ o vaxt buna qarşı laqeyd qalmadıq, bunu bir informasiya kimi qəbul etdik”.
N. Məhərrəmli qeyd edib ki, MTRŞ sosial problemli insanların üzərində şou yaradılmasının qəti əleyhinədir: “Biz çox istərdik ki, televiziya kanalları sosial problemli insanlar üzərində ciddi proqramlar hazırlayıb, onlara kömək göstərsinlər. Bəzən biz onlara qarşı iradlarımızı bildirəndə telekanallar çoxsaylı insanların müraciətini əsas gətirir. Təbi ki, biz də o kateqoriyadan olan insanların probleminin həll olunmasını çox istəyirik. Amma telekanallar sosial problemli insanlar üzərində şou yox, ciddi xarakterli verilişlər hazırlasalar daha doğru olar”.
“Hazırda Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişi ilə bağlı bizə hər hansı neqativ məlumat daxil olmayıb” – deyə, MTRŞ sədri qeyd edib.
835 dəfə oxundu