Vidadi Zeynalovun vəkili jurnalistləri təhqir etdi
Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Noyabrın 28-də keçirilən məhkəmə prosesinə hakim Əfqan Hacıyev sədrlik edib. Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, məhkəmə başlamazdan əvvəl təqsirləndirilən nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalovun vəkili Elxan Süleymanov "Yeni Müsavat" qəzetinin əməkdaşının üstünə hücum çəkib.
O, V.Zeynalovun ittiham aktına əsasən qəzetdə yazılan yazılara görə jurnalisti təhqir edərək, onu məhkəməyə verəcəyini deyib.
Vəkil məhkəmə zalında, digər media nümayəndələrinin və prosesə gələnlərin qarşısında jurnalistə qarşı "şərəfsizsiniz", "alçaqsınız" ifadələrini işlədib. O, Vidadi Zeynalovun ittiham aktına əsasən yazılanlara etiraz edib. Daha sonra vəkil, bütün media nümayəndələrinin ünvanına eyni ifadələri işlədərək, hər birini təhqir edib. V.Zeynalovun və digərlərinin zalda olan yaxınları deyiblər ki, "Zeynalovun kabinetində pul dilənənlər, indi onun əleyhinə yazı yazırlar". Jurnalistlərin hamısının məsələyə müdaxiləsindən sonda vəkil sakitləşə bilib.
Görünür, Vidadi Zeynalovun müqaviləli vəkili onu təkcə məhkəmə prosesində yox, məhkəmədən kənarda da müdafiə edəcəyi ilə bağlı öhdəlik götürüb və bu müdafiəyə yalnız hüquqi çərçivə yox, hədə-qorxu və başqalarını təhqir etmək də daxildir...
919 dəfə oxundu