Distant təhsil alanların diplomları niyə tanınmır?
“Hazırda distant təhsil mexanizm olaraq mövcud deyil”.
AzVision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi səlahiyyətlərini icra edən Samir Vəliyev deyib. Onun sözlərinə görə, Azərbaycanda distant təhsilin mexanizmi işlənib hazırlanmadığından onu təhsilin bir forması kimi qəbul etmək olmaz: “Gələcəkdə Azərbaycanda distant təhsil mexanizmi müəyyən olunduqdan sonra həmin təhsil forması üzrə xarici ölkə universitetlərində təhsil alan tələbələrin diplomları tanınacaq”.
S.Vəliyev həmçinin qeyd edib ki, Azərbaycanın diplomlarının xarici ölkələrdə tanınması hər bir ölkənin prosedur qaydalarına uyğun olaraq təsdiqlənir. Qurum rəsmisi həmçinin yeni akkreditasiya qaydalarının Nazirlər Kabinetinə təqdim olunmaq ərəfəsində olduğunu qeyd edib:
“Hazırda akreditasiyanı bir proses olaraq təhsil müəssisələrinin təhsildə keyfiyyətin təminatı istiqamətində gördüyü işlərin qiymətləndirilməsi ilə bilavasitə əlaqələndiririk. Hazırkı qaydaların əsas fərqi odur ki, ilk növbədə təhsilin keyfiyyətinin təminatının formasının yenidən müəyyənləşdirilməsidir. Akkreditasiya komissiyalarının tərkibinin formatının dəyişdirilməsidir”.
1 037 dəfə oxundu