İlyas Tapdıq dünyasını dəyişdi

İlyas Tapdıq dünyasını dəyişdi


Azərbaycanın görkəmli şairi İlyas Tapdıq dünyasını dəyişib.

İlyas Tapdıq 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulmuşdur. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1952-1956).

Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şerilə başlamışdır. Uşaqgəncnəşrdə redaktor (1957-1962), Azərnəşrdə redaktor, böyük redaktor (1962-1968), "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968-1976), Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976-1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru (1978-1983), Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri (1989-1992), Türkiyənin Ankara şəhərində Türk Standartları İnstitutunda və Xarici İşlər Nazirliyi və kalkınma ajansında müəllim, "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992-1995) vəzifələrində işləmişdir.

"Gənclik" nəşriyyatı redaksiya şurasının üzvü, Azərbaycan komsomolu Şöhrət şurasının üzvü, "Türk əsrində Azərbaycan" jurnalının redaksiya heyətinin üzvü və Azərbaycan təmsilçisi olmuş, bir sıra respublika festival və müsabiqələrində münsiflər heyətinin üzvü olub.

İlyas Tapdıq müasir uşaq ədəbiyyatının tanınmış nümayəndələrindəndir. Şairin uşaq əsərlərinin mühüm bir qismini yurdumuzun təbiətinə, gözəlliklərinə həsr olunmuş əsərlər təşkil edir. "Bildirçin" uşaqların çox sevdiyi, həvəslə əzbərlədiyi, söylədiyi əsərlərdəndir.

Müğənni Şəbnəm Tapdığın atasıdır.

Allah rəhmət etsin.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
978 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...