Ordumuzun snayper qadınları FOTO

Ordumuzun snayper qadınları

"Əldə silah hər an düşməni məhv etmək ehtimalı mənə stimul verir". Ordudan, xidmətdən danışarkən ilk öncə hərbi geyimli kişiləri nəzərimizə gətiririk və insanın gözü önündə əlində silah, əynində forma olan kişilər, barıt qoxulu səngərlər, döyüşlər canlanır. Lakin müasir dövrümüzdə dünyanın istənilən güc strukturlarında qadınlara rast gəlinir. Ölkəmizdə də bu təcrübə geniş yer alıb. Son dövrlərdə Silahlı Qüvvələrimizin bütün sahələrində qadın hərbi qulluqçuların sayı durmadan artmaqdadır. Müsahiblərimiz zərif cinsin nümayəndələri olmalarına baxmayaraq bu peşəni seçməyi özlərinə borc bilənlərdir.

“Hər sərrast atıcı snayper deyil, amma hər snayper sərrast atıcı olmalıdır”

Vüsalə Həsən qızı Məmmədova - 1990-cı ildə Bakı şəhərində anadan olub. Orta təhsillidir. Ailəlidir. 1 övladı var. 2014-cü ildən hərbi xidmətdədir.

-Vüsalə xanım hansı səbəbdən hərbçi olmaq qərarına gəldiniz?
-Torpaqlarımızın işğalda olması hər bir azərbaycanlı kimi mənim də sızlayan yaramdır. Həmçinin uşaqlıqdan hərbi formaya marağım olub, əsgər olmaq arzusunda olmuşam. Lakin uzun illər bu arzuma çata bilmirdim. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğı, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun orduda apardığı uğurlu islahatların bütün sahələrdə səmərəli nəticə verdiyinin və hər kəsin ürəyincə olduğunun şahidiyəm. Uğurlu islahatlardan biri də qadınların orduya cəlb olunmasıdır. Buna görə ölkə başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığımı bildirirəm.

-Ordu sıralarına daxil olmaqda məqsədiniz nə idi?

-Həyatım boyu məqsədlərimə çatmaq üçün mübarizə aparmışam. Çətin də olsa nail ola bilmişəm. Forma geyinmək, əlimdə silah Vətənimə xidmət etmək başlıca məqsədlərimdən biri olub. Məqsədimin birinci mərhələsini uğurla başa vurmuşdum. Artıq hərbi xidmətdəydim. İkinci məqsədim isə snayper olmaq idi. İlkin ixtisasım operator olsa da, snayper olmaq istəyirdim. Yuxarı komandanlığa müraciət etdim və snayper hazırlığı kursuna göndərildim. Növbəti məqsədim isə cəbhə bölgəsinə yollanmaq düşmən ilə üz-üzə dayanıb xidmət etməkdir. Ön xətdə xidmət etməyin çətin olduğunu düşünmürəm. Əldə silah hər an düşməni məhv etmək ehtimalı mənə stimul verir. Bilirəm ki, silahımla hədəfi düzgün seçərək düşməni məhv edəcəyim günlər yaxındadır.

-Neçə müddətdir snayper hazırlığı keçirsiniz, bu dövrdə hansı nailiyyətləriniz olub?
-Artıq xeyli müddətdir snayper hazırlığı kursundayam. OSV-96 təcrübəli snayper tüfəngi yüngül zirehli texnikalara qarşı tətbiq olunur. Silahımdan məharətlə istifadə etməyi bacarıram. Hazırlıq dövründə təlimlərdə iştirak edib təyin olunan hədəfə dəqiq atəş açmaqla “əla” qiymət almışam. Həmçinin Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin may ayında keçirilən birgə taktiki təlimlərində iştirak etmişəm.

-Snayper olmaq həvəsi sizdə necə yaranıb?

-"Qadın snayper" müasir dünyada elə də nadir anlayış deyil. Hələ Böyük Vətən müharibəsi zamanı qadın snayperlərin adları bütün dünyaya məlum olub. Onlar arasında həmyerlimiz – ilk azərbaycanlı qadın snayper, Ziba Qəniyeva da vardır. O 129 düşmən əsgərini məhv edib. Həmçinin snayper üçün lazım olan keyfiyyətlərin məndə də yetərincə olduğunu bilirəm.

-Snayper üçün hansı keyfiyyətlərə malik olmaq lazımdır?
-Snayperin əsas keyfiyyətləri hədsiz səbr, ustalıqla maskalanaraq gözə görünməmək qabiliyyəti və hadisələri intiusiyanın köməyi ilə öncədən təxmin etmək bacarığıdır. İntuisiya isə qadınlarda güclüdür. Snayper üçün sadəcə atəş açmaq azdır. Gizlənməyi, saatlarla hərəkətsiz qalmağı bacarmalısan. Snayper duelində birinci tərpənən ölümə məhkumdur.

-Ailəniz seçdiyiniz çətin və şərəfli yolda sizi dəstəkləyir?

-Yolumun məsuliyyətli olduğunun fərqindədirlər və ən böyük dayağım ailəmdir. Hər gün xidmətimə, atışların necə keçməsi ilə maraqlanır, uğur və nailiyyətlərimə mənimlə birgə sevinirlər.
Onu da qeyd edim ki, əmim düşmən gülləsindən şəhid olub. Deyirlər ki, geyindiyimiz forma şəhidlərimizin kəfənidir. Mənim kimi ürəyi Vətən eşqi ilə döyünən hər bir azərbaycanlının bir arzusu, bir məqsədi var. Şəhidlərimizin qisasını almaq, torpaqlarımızı azad etmək.

-Orduda xidmət etmək istəyən qadınlara nə demək istərdiniz?

-Onu deyə bilərəm ki, torpaqlarımız işğal altındadır. Bu torpaqlar hər bir Azərbaycan vətəndaşınındır. Əli silah tuta bilən hər bir insan, canlı qüvvə, düşmən qarşısında maneə olmalıdır. Xidmət etmək kənardan göründüyü kimi çətin deyil. Ürəyində Vətən eşqi olan hər bir azərbaycanlı bu şərəfli yolda hərbçilərin yanında olmalıdır.


"Hədəfi nişan alarkən gözümdə düşməni canlandırıram..."

Könül Şakir qızı Məmmədli - 1982-ci ildə Sumqayıtda anadan olub. Ali təhsillidir. 2014-cü ildən hərbi xidmətdədir.

-Könül xanım deyirlər hərb sənəti məsuliyyətlidir. Məsuliyyətli yola qədəm qoymanızın səbəbi nədir?
-Sumqayıtda dünyaya göz açsam da, uşaqlığım cəbhə bölgəsindəki Qazax rayonunda keçib və daim atəş səsləri eşitmişəm. Uşaq olsam da qorxmurdum. Böyüyəndə “hərbçi olacam” deyirdim. Lakin ailəm müəllimə olmamı istəyirdi. Atamın arzusu ilə Azərbaycan Dillər Universitetinə qəbul oldum. Universiteti bitirdikdən sonra müəllimə kimi çalışmağa başladım. Sumqayıtda, Gədəbəyin ucqar dağ kəndlərində və Qobustanda ingilis dili dərslərini tədris etmişəm.

Amma həmişə forma geyinmək istəyində olmuşam. Kimdəsə forma görəndə ürəyim dağa dönürdü, lakin hərbçi ola bilmədiyim üçün üzülürdüm. Son illər ordu sıralarında qadınların xidmətə başlamasına şərait yaradıldı. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun yaratdığı bu imkandan mənim kimi xidmət etmək istəyən xeyli insan yararlandı.
Bildiyimiz kimi siz snayper kimi xidmət edirsiz. Bu sahə diqqət və məsuliyyət tələb edir.

-Qadın kimi bu sizi qorxutmur?

-Səbr, dözüm və adaptasiya bacarığı – bütün bu göstəricilərə görə qadınlar daha üstündür. Yüksək özünümüdafiə instinktinə görə qadında pusquda qalmaq daha yaxşı alınır. Heç kim üçün sirr deyil ki, biz qadınların həddən artıq güclü müşahidə etmə bacarığı da var.

Müddətdən artıq həqiqi hərbi xidmət etmək istədyimi bildirdiyim zaman bir neçə ixtisas təklif olundu. Ali təhsilli olduğum, iki xarici dil bildiyim üçün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində müəllimə kimi fəaliyyət göstərməyimi tövsiyə etdilər. Lakin snayper olmaq istədiyimi bildirdim və xidmətə başladım. Bu yolu seçərkən çətinliyi də, məsuliyyəti də göz önünə almışam. Heç bir qorxum yoxdur.

-Hansı təlimlərdə iştirak etmisiniz? Snayper kimi hansı uğurlarınız var?

-Qeyd edim ki, mənə SVD snayper tüfəngi təhkim olunub. Bu silah peyda olan, hərəkət edən, gizlənmiş tək hədəfləri məhv etmək üçün hazırlanıb. Tüfəngdən atəş açmaq üçün adi, trasser, zirehdeşən-yandırıcı və snayper güllələrindən istifadə olunur. Atəş tək-tək açılır. Silahımın taktiki-texniki xüsusiyyətlərinə yaxşı bələdəm. Keçirilən bir sıra təlimlərdə iştirak etmişəm. Təlimlər zamanı “əla” qiymət almışam. Hədəfi nişan alarkən gözümdə düşməni canlandırıram.

-Bu yolda ən böyük dəstəkçiniz kimdir?
-Ən böyük dayağım atamdır. Bəli, mən atamın qarşısına çıxıb hərbçi olmaq arzusunda olduğumu dedim. İllər əvvəl hərbçi olmaq arzuma maneə olsa da, bu dəfə istəyimi və qəti qərarımı görüb mənə dəstək verdi.

-Bugünkü atışlardan nə deyə bilərsiniz?

-Bizim üçün çox önəmli gün idi. Atışlardan sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənov bizi cəsarətli qəhrəmanlar kimi qiymətləndirdi. Biz də öz növbəmizdə xahiş etdik ki, cəbhə bölgəsinə göndərilək. Ön xətdə xidmət edərək həm döyüşçü yoldaşlarımıza dəstək olarıq, həm də təcrübəmizi artırarıq.

-Ordu sıralarında xidmət edən döyüşçü yoldaşlarınıza nə deyə bilərsiniz?

-Qeyd edim ki, respublikamızda istənilən sahədə inkişaf var. Lakin Silahlı Qüvvələrə göstərilən diqqət və qayğının daha çox olduğu diqqət mərkəzindədir. Bu hər bir döyüşçümüzə düşmən üzərində qələbə qazanmaq üçün əlavə stimul verir. Biz gənclər çox şanslıyıq ki, müasir və müstəqil ordumuzun sralarında xidmət edirik. Ümummilli liderimiz və müasir ordumuzun qurucusu Heydər Əliyevin bir zamanlar qeyd etdiyi kimi, "Bu günümzün gəncləri özlərini xoşbəxt sanmalıdır ki, onlara doğma Vətənimizin ordusunda xidmət etmək nəsib olub".

Hər birimiz yaxşı başa düşürük ki, qarşımızda dayanan ən mühüm vəzifə düşmən tərəfindən işğal edilmiş torpaqlarımızı son qarışına kimi düşməndən azad etməkdir. Müqəddəs vəzifəmizi unutmamalıyıq...

Ordumuzun snayper qadınları
Ordumuzun snayper qadınları


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 256 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...