"Qazax Cəmiyyəti"ndə yeni seçkilər oldu
"Qazax Cəmiyyəti" İctimai Birliyinin rəhbərliyində dəyişiklər olub.
Qeyd edək "Qazax Cəmiyyəti" İctimai Birliyi 1990-cı ildə "Qazax" Xeyriyyə Cəmiyyəti adı ilə fəaliyyətə başlayıb. İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Aslan Kəmərli, Teymur Bünyadov, Nəriman Həsənzadə, Taleh Həmid, Vidadi Bayramov, Nəbi Yaqubov və başqaları kimi, dəyərli ziyalılarımız Xeyriyyə Cəmiyyətinin yaradıcılarından olublar. Cəmiyyətin ilk sədri mərhum Aslan Kəmərli olub. 1992-ci ildən isə Cəmiyyətin sədri nüfuzlu qazaxlı Vidadi Bayramovdur.
Cəmiyyət yarandığı gündən Qazaxda erməni quldurlarının təcavüzünə məruz qalmış insanların yanında olub. Onların səsini ölkə rəhbərliyinə və dünyaya çatdırmışlar. Cəmiyyətin xeyriyyə fondu cəbhədə, səngərlərdə döyüşən əsgərlər üçün ərzaq məhsulları, isti pal-paltar, bəzən də silah-sursat yardımları ediblər. Cəmiyyətin üzvləri əllərinə silah alaraq erməni quldurlarına qarşı səngərlərdə döyüşüblər. "Qazax Cəmiyyəti" İctimai Birliyi hər zaman Qazaxın şair, yazıçı, hərbçi, rəssam və digər tanınmış insanlarının anım və xatirə günlərini qeyd edib. Cəmiyyət hazırkı işlərini də dövlət və dövlətçiliyin təməl prinsipləri əsasında quraraq, ölkə rəhbərliyinin siyasi kursunu dəstəkləyərək fəaliyyət göstərir.
Cəmiyyətin İdarə Heyətinin üzvü Arzuman Abdulkərimovun Milli.Az saytına verdiyi məlumata görə, 14 yanvar 2016-cı il tarixdə "Qazax Cəmiyyəti" İctimai Birliyi (Qazax Xeyriyyə Cəmiyyəti) İdarə Heyətinin toplantısı keçirilib. Toplantıda İdarə Heyətinin 17 nəfər üzvündən 12 nəfəri iştirak edib.
Arzuman Abdulkərimov
Tədbiri giriş sözü ilə açan Cəmiyyətin sədri Vidadi Bayramovun Cəmiyyətin 26 illik fəaliyyəti ilə bağlı hesabat nitqi dinlənilib. Hesabat nitqi İdarə Heyəti tərəfindən dinlənildikdən sonra Vidadi Bayramov Cəmiyyətin rəhbərliyinin və strukturunun gəncləşdirilməsi təklifini irəli sürərək öz razılığı ilə "Qazax Cəmiyyəti" İctimai Birliyinin rəhbərliyindən istefa vermək üçün İdarə Heyətinə müraciət edib. İdarə Heyəti tərəfindən istefa müraciəti qəbul olunub və yeni rəhbərliyə texnika elmləri doktoru, professor İlham Pirməmmədovun namizədliyi irəli sürülüb. Professor İlham Pirməmmədov səsvermədə yekdilliklə "Qazax Cəmiyyəti" İctimai Birliyinin sədri seçilib.
Bundan sonra Cəmiyyətin sədr müavinləri Hüseyn Xəlilov və Rövşən Babanlı tutduqları vəzifələrdən azad ediliblər. Sonra İdarə Heyəti üzvlərinin təklifi ilə sədr müavinlərinin namizədlikləri irəli sürülüb. Qazaxlı iş adamları Arzuman Abdulkərimov və Puşkin Əhmədov "Qazax Cəmiyyəti" İctimai Birliyinin sədr müavinləri seçilib.
894 dəfə oxundu