Xanım teleaparıcı qəzeti məhkəməyə verir
Milli.Az xəbər verir ki, “Azadlıq” qəzeti 17 aprel 2015-ci il tarixli sayında “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC-nin (AzTV) keşmiş əməkdaşı, hazırda “Region” TV-nin aparıcısı olan Sima Çələbi haqqında böhtan xarakterli xəbər yayıb.
Tanınmış teleaparıcı Sima Çələbi sözügedən xəbər haqda açıqlama verib: "Bu, ilk dəfə deyil. Artıq neçənci dəfədir ki, bu qəzet haqqımda məlumatları dəqiqləşdirmədən, müqəddəs ailə dəyərlərinin və şəxsi həyatın toxunulmazlığını nəzərə almadan şərəf və ləyaqətimi təhqir edir, jurnalist kimi işgüzar nüfuzuma xələl gətirir. Qəti şəkildə bildirirəm ki, “Azadlıq” qəzetində haqqımda yazılanlar tamamilə yalan və uydurmadır. Əvvəla, mənim övladımın 5 yaşı var və mən bu yaxınlarda yenidən ana olmamışam. İkincisi, mən “Lider” TV-də heç vaxt katibə işləməmişəm. Həmin kanalda “Yeni Səhər” proqramının aparıcısı kimi günaşırı 3 saat canlı efirdə olmuşam, “Kim, Harada, Necə?” verilişinin aparıcısı kimi çalışmışam. Bununla yanaşı, bildirmək istəyirəm ki, kiminsə katibə işləməsini qəbahət saymıram və qəzetin bu məqamı qabartmasını ölkəmizdə çalışan bütün katibələrin aşağılanması kimi qəbul edirəm”.
Jurnalist qeyd edib ki, Azərbaycan Konstitusiyası ölkəmizin hər bir vətəndaşına, o cümlədən də ona bələdiyyə seçkilərində iştirak emək hüququ verir: “Mən də bu hüquqdan isitifadə edərək, Yasamal bələdiyyəsinin üzvü seçilmişəm və ictimai əsaslarla bu fəaliyyətimi davam etdirirəm. Seçki kampaniyasına qatıldığım üçün İTV-dəki vəzifəmdən öz xahişimlə azad olunmuşam. Seçkidən sonra isə “Region” TV-dən daha yüksək əmək haqqı müqabilində iş təklifini qəbul etmişəm. Hazırda televiziyanın “MediaLayn” – yerli internet resurslarımızın inkişaf dinamikasını araşdıran televiziya layihəsinin və “Bu səhər” verilişinin aparıcısıyam”.
Sima Çələbi "Azadlıq" qəzetindən Mətbuat Şurasına və məhkəməyə şikayət etmək niyyətindədir. ""Azadlıq" qəzeti haqqımda yaydığı iyrənc dezinformasiyalara media cameəsinin qarşısında və hüquqi müstəvidə cavab verməli olacaq", - deyə aparıcı vurğulayıb.
2 395 dəfə oxundu