Milli Qəhrəman Murad Mirzəyevə həsr olunmuş filmin təqdimatı keçirilib - FOTOLAR
Mətbuat Şurasının, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkilatçılığı ilə "Muradına çatmayanlar; apreldən əvvəl və sonra" sənədli filminin təqdimat mərasimi keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən MŞ sədri Əflatun Amaşov deyib ki, film Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytnant Murad Mirzəyevin həyat yolu və qəhrəmanlığına həsr olunub. M. Mirzəyevin qəhrəmanlığının vətənpərvərlik nümunəsi olduğunu söyləyən Ə. Amaşov bildirib ki, aprel döyüşləri Azərbaycan xalqının tarixində çox mühüm rol oynayıb, torpaqların bir qarışının da düşmən tapdağı altında qalmayacağına xalqın inamını daha da gücləndirib: “Bu döyüşlər eyni zamanda Azərbaycan ordusunun doğrudan da regionda ən güclü ordu olduğunu göstərdi və əsgərlərimizdə döyüş əhval-ruhiyyəsini yüksəltdi. Bu, həm də Ermənistan rəhbərliyinə bir mesaj idi”.
Sonra film tədbir iştirakçılarına nümayiş olunub.
ATXƏM sədri İlham İsmayılov çıxışında M. Mirzəyevin döyüş yolu və aprel döyüşlərinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Murad Mirzəyev və digər qəhrəmanların keçdiyi yol gənc nəsil arasında geniş təbliğ olunmalıdır: “Bu qəhrəmanlar haqqında informasiyalar orta məktəb dərsliklərində əks olunmalı və şagirdlərə tədris edilməlidir. Çünki Murad Mirzəyev və aprel döyüşləri qəhrəmanlarının döyüş yolunun öyrənilməsi gənclərdə vətənpərvərlik ruhunun yüksəlməsi baxımından çox önəmlidir. Nə qədər ki, Murad Mirzəyev kimi qəhrəmanlarımız var, Azərbaycan mütləq işğal altındakı torpaqlarını gec-tez azad edəcək”.
Millət vəkili Elman Nəsirov qeyd edib ki, düşmənlə yanaşı, Dağlıq Qarabağın itirildiyi haqqında Azərbaycanda da mövcud olan bəzi fikirləri Murad Mirzəyev kimi qəhrəmanlar darmadağın edib: “Mən əminəm ki, torpaqlarımız mütləq işğaldan azad olunacaq”.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin diasporla iş sektorunun müdiri Qafar Əliyev isə çıxışında bildirib ki, aprel döyüşləri Azərbaycanda milli ruhun çox yüksək səviyyədə olduğunu göstərdi. Onun sözlərinə görə, Azərbaycan işğal altındakı torpaqlarını gec-tez azad edəcək: "Azərbaycan ordusunun əldə etdiyi uğurlar hamımıza ruh yüksəkliyi verir. Mən hesab edirəm ki, belə filmlər çox çəkilməlidir. Hamını Qarabağ probleminin həllində əl-ələ verib, birlikdə əməkdaşlıq etməyə çağırıram. Əlimizdən gələni etməliyik ki, xalqımızın milli ruhu və vətənpərvərlik tərbiyəsi daim yüksək olsun. Bu, bizi qələbəyə aparan yoldur".
Tədbir çıxışlarla davam etdirilib.
Qeyd edək ki, film yazıçı-publisist Bəxtiyar Qaracanın “Bitməyən müharibənin qəhrəmanları” silsiləsindən bir hissə olaraq çəkilib. Filmin baş məsləhətçisi Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdur.
720 dəfə oxundu