Bu gündən Bakı Ticarət Festivalı başlayır
Bu gündən Azərbaycan paytaxtında ilk dəfə Ticarət festivalı - “Baku Shopping Festival” başlayır. APA-nın xəbərinə görə, festival mayın 10-dək davam edəcək. İlk Bakı Şopinq Festivalındə Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı digər aidiyyəti qurumlar da iştirak edir.
Bakı Şopinq Festivalı xaricdən turist axınını təşkil etmək, eyni zamanda, daxili turizmi inkişaf etdirmək məqsədi daşıyır. Festival çərçivəsində əcnəbilərlə yanaşı, Azərbaycan vətəndaşları da “Tax free” (əlavə dəyər vergisinin qaytarılması) sistemindən istifadə edə biləcəklər. Festival günlərində 100 manat və daha çox alış-veriş edən hər bir əcnəbi və ya Azərbaycan vətəndaşı bu sistemdən yararlana biləcək.
Bakı Şopinq Festivalının internet saytı - www.bakushopfest.com Azərbaycan, ingilis, rus, ərəb dillərində fəaliyyət göstərir.
Ticarət mərkəzlərində, Fəvvarələr meydanında və Dənizkənarı Milli Parkda gündəlik əyləncə tədbirləri keçiriləcək. Bu tədbirlər zamanı DJ-lərin və animatorların çıxışları, konsert proqramları, fləşmoblar, maskotların paradı, rəqslər, akrobatların çıxışları, kino nümayişləri və s. təşkil ediləcək. Festival müddətində paytaxtın mərkəzi küçələrində, mehmanxanalarda və şəhərin ticarət mərkəzlərində informasiya köşkləri qurulacaq. Həmçinin müxtəlif dillərdə Çağrı mərkəzi (Call Center) turistlərin və əhalinin, tərəfdaşların, sponsorların, ticarət nöqtələrinin, alıcıların və festivalın digər iştirakçılarının sərəncamına veriləcək. Festivalda iştirakçı kimi qeydiyyatdan keçən mağazalar “Tax free” nişanı ilə fərqlənəcək.
893 dəfə oxundu