Azərbaycanda 11 özəl, 10 ictimai çimərliyin yaradılması planlaşdırılır

Azərbaycanda 11 özəl, 10 ictimai çimərliyin yaradılması planlaşdırılır


“Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nın icrasının müzakirə edilməsi məqsədilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Ekologiya və Təbii Sərvətlər, Ədliyyə, Səhiyyə, Fövqəladə Hallar nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti, Əmlak Məsələləri, Dövlət Şəhərsalma və Arxitektura, Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitələri, “Azərsu”, “Azərenerji”, “Azəravtoyol” ASC-lərin nümayəndələri iştirak ediblər.

Görüşdə Ə.Qarayev çıxış edərək son illər ölkəmizdə turizmin inkişafı üçün atılan addımlardan danışıb. Bildirib ki, digər turizm növləri kimi çimərlik turizminin inkişafı üçün də Azərbaycanın böyük turizm potensialı var. Martın 30-da Prezident İlham Əliyevin Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadəninin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında imzaladığı sərəncamı diqqətə çatdırıb. Bildirib ki, Tədbirlər Planında çimərliklərə dair hüquqi bazanın təkmilləşdirilməsi, çimərliklərdə infrastrukturun yaradılması və təkmilləşdirilməsi, çimərlik operatorlarının fəaliyyətinin tənzimlənməsi, təhlükəsizlik, ətraf mühitin mühafizə tədbirləri, çimərliklərə dair informasiya bazasının yaradılması və çimərlik turizminin təşviqi ilə bağlı görüləcək işlər öz əksini tapıb. Nazir ölkəmizdə mövcud olan çimərliklərin indiki vəziyyətindən söz açaraq bəzi çimərliklərin standartlara cavab vermədiyini, aşağı səviyyədə xidmət göstərdiyini, eyni zamanda təhlükəsizlik tədbirlərinə yetərincə əməl olunmadığını vurğulayıb. Bu cür qanunsuz fəaliyyət göstərən çimərliklərin aqibətinin müəyyən olunması məqsədilə bu sahədə müvafiq qaydaların təsdiq olunmasının vacibliyini qeyd edib.

Ə.Qarayev, həmçinin çimərlik turizmi ilə bağlı müvafiq standartın hazırlandığını və təsdiq olunması üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunduğunu bildirib. Tədbirlər Planının icrası çərçivəsində cari ildə çimərlik mövsümünün açılışına qədər Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərliklərin yaradılmasının planlaşdırıldığını deyib. Eyni zamanda vahid çimərlik mövsümünün müəyyən olunmasının zəruriliyini də vurğulayıb.

Nazir ölkəmizdə çimərlik turizminin inkişaf etdirilməsi üçün mövcud vəziyyətin yaxşılaşdırılması, eləcə də Tədbirlər Planının icrası məqsədilə aidiyyəti qurumlara tapşırıqlar verərək, bu sahədə aidiyyəti qurumlar arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
886 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...