Ayxan Tağızadə: “Medalımı anama verdim...”

Taekvondoçu Ayxan Tağızadə Avropa Oyunlarında ən gənc qızıl medalçı kimi bir çoxlarını sevindirə bildi

Gənc idmançımızla söhbətləşmək qərarına gəldik. Söhbətimiz isə təkcə Avropa Oyunları yox, gündəlik həyatı ilə də bağlı oldu. Ancaq Ayxana qızıl medal heç də təsir etməyib. Çünki o, həminki kimi utancaqdır. Onunla danışa bilmək üçün taekvondoçularımızın qaldığı otelə yollandıq.

Ayxan söhbəti zamanı dəyişmək istəmədiyini, necə varsa, elə də qalmaq istədiyini bildirdi. Çünki o ancaq idmanı düşündüyünü, bu yolda uğur qazanmağın qarşısındakı əsas məqsəd olduğunu dedi. “Bakı 2015”-də qazandığı pul mükafatını hara xərclədiyini də dedi.

- Avropa Oyunları bitdi, indi işləriniz necə gedir, nə işlə məşğulsuz? İstirahət edə bilmisiz?

- Xeyr, indi “Korea Open” turnirinə hazırlaşırıq. İyulun 19-da baş tutacaq. Çətin turnirdi, oradan da uğurla qayıtmaq istəyirik. Bu yarışların da məqsədi Rio-de-Janeyroda baş tutacaq Olimpiya Oyunlarına lisenziya qazanmaqdır.

- Avropa Oyunları kimi bir turnirdə qələbə qazanmaq hər bir idmançını məşhurlaşdırdı. Bu mötəbər yarışın da ən gənc qızıl medalçılarından biri də siz oldunuz. Bəs məşhurluq sizə necə təsir etdi?

- Həyatımda çox şey dəyişmədi. Hətta deyərdim ki, olduğu kimidir. Sadəcə olaraq, medal kolleksiyamda qızılın sayı artdı. Ən yaxşısı odur ki, bu medalı vətənimdə keçirilən böyük turnirdə qazandım. Düzdür, indi daha çox adam tanıyır, hörmət edirlər. Amma dəyişmək istəmirəm. İstəyirəm ki, əvvəlki kimi olum, məşqlərimi edim, uğurları davam etdirim.

- Bu uğurun dostlar arasında necə qarşılandı?

- Çox dostum yoxdur, bir neçəsi idmandadır, bir də məhəllə uşaqlarıdır. Mən necə sevinirdimsə, onlar da mənim qədər sevinirdilər. Elə qaldığım rayonda – Yasamalda məni çox gözəl qarşıladılar. Yasamaldan iki nəfər qızıl medal qazandı – biri mən, digəri də yunan-Romadan Elvin Mürsəliyev. Doğrudan da, bütün Yasamal əhli sevinirdi.

- İlk Avropa Oyunları səviyyəsində belə bir böyük uğurunuz olmuşdumu?

- Belə səviyyədə deyildi. Amma 2013-cü ildə Portuqaliyada gənclər arasında keçirilən Avropa çempionatında gümüş medal qazanmışdım. I Avropa Oyunlarında qızıl medal qazananda heç bilmirdim ki, nə olub, nə baş verib. Sanki yuxuda idim. Ertəsi gün də elə bilirdim yuxudayam. Hələ indi-indi çatır mənə (gülür).

- Bu yaşda həm də “Şöhrət” ordeni ilə mükafatlandırıldız...

- Doğrudan da, bu yaşda “Şöhrət” ordeni almaq çox gözəl hisdir. Prezidentimiz İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Bizə çox diqqət və qayğı göstərdi. Həmçinin “Şöhrət” ordeni ilə təltif etdi. Biz də əlimizdən gələni edirik ki, inamı doğruldaq, bayrağımızı zirvələrə daşıyaq. İnşallah Olimpiadada da qızıl medal qazanmaq istəyirəm.

- 19 yaşınız var. Haradasa oxuyursuz?

- Bəli. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıram. Amma dərsə gedə bilmirəm (gülür). Çünki bütün gün məşqdə oluram. Sağ olsunlar, hörmət edirlər.

- Hansı məktəbi bitirmisiz?

- 158 saylı orta məktəbi. Oradan da təbrik zəngi gəldi, direktorumuz, müəlliməm zəng etmişdi. Dedilər vaxtın olanda qonaq gələrsən.

- “Bakı 2015”-in qızıl medalını ailə üzvlərindən ilk kimə təqdim etdin?

- Medalımı anama verdim, çox sevindi. Özünü saxlaya bilmədi. Təbii ki, sevinc göz yaşları... Əvvəldən də uğur qazanacağıma inanırdı. Davamlı olacağına da inanır. Əvvəlki yarışlarda uduzurdum, amma anam heç vaxt ümidini qırmırdı, məni həvəsdən salmırdı. Çox dəstək olurdu. Həm anam, həm atam, həm qardaşım – bir sözlə bütün ailə üzvlərim. Elə onun nəticəsi idi ki, Avropa Oyunlarında qalib oldum. Bundan öncəki dünya çempionatında uduzmuşdum. Qarşıma məqsəd qoydum ki, Avropa Oyunlarında finala qədər mütləq irəliləməliyəm. Qarşıma qoyduğum məqsədə də nail oldum. Finalda da düşündüm ki, bura qədər gəlmişəm, uduzmaq olmaz və qızıl medal qazandım, himnimizi səsləndirdim.

- Yaman utancaqsız...

- Hə, elədir (gülümsəyir)...

- Avropa Oyunları sizin bu utancaqlığınıza az da olsa təsir etmədimi?

- Yox (gülür). Bilmirəm, kənardan baxan bəlkə də deyər dəyişilib. Amma necə idimsə, elə də qalmışam.

- Məşqləriniz hər gün olur?

- Bazar günündən başqa hər gün məşq keçirik - bir gün 2 dəfə, bir gün 3 dəfə...

- Ürəyiniz istədiyi zaman çıxıb gəzə bilirsiz?

- Ancaq bazar günü, bir də axşam məşqindən sonra 1 saat, buralarda (qaldığı otelin yaxınlığında). O da icazə ilə... İcazə verməsələr, oteldən kənara çıxmaq olmur.

- Ailəni görmək üçün bəs?

- Ancaq bazar günləri. Əsgərlik kimi (gülür)...

- Əsgərlikdən söz düşmüşkən, hələ 3 iliniz var. Gedəcəksiniz, yəqin?

- Təbii ki, gedib hərbi xidmətimi yerinə yetirəcəm...

- Qələbədən sonra prezidentlə telefon danışığınız olub...

- Qələbədən sonra cənab prezident mənə zəng vurdu, təbrik etdi. Söylədi ki, sənə inanırıq. Bayrağımızı yüksəklərə qaldırdın, yarımfinal döyüşünü canlı izlədim, peşəkarlığını gördüm, inşallah Rio-de-Janeyrodakı yarışda görüşəcəyik. Mən də söylədim ki, borcumdur, inşallah, görüşərik.

- Yəqin ki, üzərinizdəki məsuliyyətin daha da artdığını bilirsiz. Avropa Oyunlarında qızıl medal, “Şöhrət” ordeni və cənab prezidentin zəngi...

- Əlbəttə, bunu qorumaq lazımdır. Buna çalışırıq, amma çətinliyini də anlayırıq.

- Çətinlik yaradan nədir?

- Rəqiblər... Çünki onlar da istəyir ki, qalib gəlsin, mən də...

- Rəqabət güclü olmasa, maraq da itər axı.

- Düzdür, rəqabətsiz yarışa, döyüşə nə maraq olar.

- Verilən pul mükafatını yerbəyer etmisiz?

- Həmişə ən böyük arzum idi ki, özümə maşın alım. Neçə il idi ki, bu arzu ilə yaşayırdım. Axır ki, maşın ala bildim. Pulun qalanı isə ailəmindir.

- Markası nədir?

- “Dodge”.

- Sürücülük vəsiqəniz var?


- Bəli var. 1996-cı ildənəm, yaşım tamam olan günü – ad günümün sabahı aldım. Keçən il...

- Yəqin ki, maşın alana qədər sükan arxasında oturmusuz. Yol hərəkət qaydalarına nə qədər riayət edənsiz?

- Bəli, atamın maşınını sürmüşəm. Yol qaydalarına yaxşı riayət edirəm. Əsas odur ki, həmişə kəməri taxıram. 1 ildir ki, rahat şəkildə maşın sürə bilirəm. Məni cəmi 1 dəfə polis saxlayıb. Atam da maşın sürməyimdən razıdır, deyir “yaxşı sürürsən, sadəcə, aradakı məsafəni az saxlayırsan”.

- Yəqin, atan yeni maşınında da məsləhətlər verər?

- Verir elə (gülür).
Ayxan Tağızadə: “Medalımı anama verdim...”


- Taekvondodan başqa hansısa yarışı izləmək şansın oldu?

- “Bəcik”lərimiz ancaq taekvondoya giriş üçün idi. Bilet də alıb gedə bilmək imkanımız olmadı, çünki müsahibələrə, televiziyalara dəvət olunurduq. Vaxt olmurdu. Amma “online” olaraq izləyirdim. Güləşə, boksa və karateyə də baxa bildim. İlk baxa bildiyim elə gümüş medal qazanan Rafiq Hüseynovun görüşü idi. O, türk rəqibi ilə güləşəndə doğrudan da çox sevinirdim.

- Bir idmançı kimi nə düşünürsüz, taekvondo üzrə yığmamızın Avropa Oyunlarındakı göstəricisi necə nəticədir?

- 8 nəfər yarışa qatılmışdıq. 4 oğlan, 4 qız. Oğlanlardan 3-ü qızıl qazandı, qızlardan da biri gümüş, biri də bürünc. Neçə il idi belə yaxşı nəticəmiz olmurdu. Nəysə alınmırdı. Amma burada doğrudan da çox gözəl nəticə verdik.

- Sonda sənə azarkeşlik etmiş insanlara, idmansevərlərə nə demək istəyərdin?

- Bizə dəstək olanlara, əziyyət çəkənlərin hər birinə çox sağ ol deyirəm. Bütün idmançılarımıza da qarşıdakı yarışlarda uğurlar arzulayıram. Qələbə qazanmış idmançıları da təbrik edirəm. İnşallah, uğurlarımız davamlı olar, bayrağımızı daim yüksəldək, himnimizi səsləndirək...(publika.az)


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 118 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...