“Mətbuat katibləri ilə bağlı şikayətləri Ombudsman araşdırmalıdır”
Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi informasiyanı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var.
Bu, xüsusilə cəmiyyəti informasiya ilə təmin edən jurnalistlərə aiddir. Lakin qeyd etdiyimiz kimi, vəzifəmizi yerinə yetirməyə mane olan bəzi mətbuat katibləri var. Jurnalistlər daha çox dövlət qurumları ilə işlədiyi üçün mətbuat katibləri ilə münasibətləri qarşılıqlı tənzimləmək lazımdır.
Maraqlıdır, qurumların mətbuat xidmətləri ilə əlaqədar Mətbuat Şurasına müraciət, şikayət olunurmu? Yaranan problemləri aradan qaldırmaq üçün Şura hansı tədbirlər görür?
Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli Modern.az-a açıqlamasında bildirib ki, zaman-zaman mətbuat katibləri ilə bağlı Şuraya müraciətlər daxil olur:
“Əvvəllər mətbuat katibləri ilə bağlı Mətbuat Şurasına müraciətlər olurdu və Şura bunları araşdırırdı. Hətta bununla bağlı Mətbuat Şurası çoxsaylı tədbirlər həyata keçirirdi. Məsələn, tez-tez mətbuat xidmətləri ilə jurnalistlərin görüşləri keçirilir, onlar üçün təlimlər təşkil edilirdi. Bu proqramlar bu gün də davam edir.
Bilirsiniz ki, qanunvericilikdə dəyişiklik oldu. Bu məsələlər 2005-ci ildə qəbul olunan və 2006-cı ildən qüvvədə olan “İnformasiya almaq azadlığı” haqqında qanunla tənzimlənir. Burada mətbuat ombudsmanı funksiyası var və qurumun da birbaşa işi informasiya verilməsində yaranan problemlərin tənzimlənməsidir. 2010-cu ildə qanunvericilikdə edilən dəyişikliyə əsasən, həmin səlahiyyət İnsan Hüquqları üzrə Müvəkkil Aparatına verildi. Yəni informasiya verilməsində yaranan müəyyən problemlərlə bağlı birbaşa cavabdeh, səriştə yaratmalı olan qurum ümumi ombudsmandır. Bu baxımdan mətbuat katibləri haqqında şikayətlərə onlar baxmalıdır”.
M.Ələsgərlinin sözlərinə görə Mətbuat Şurası jurnalistlərin ümid yeri olsa da, birbaşa səlahiyyət ombudsmana aiddir:
“Mətbuat Şurasına da qurumların mətbuat katibləri ilə əlaqədar müraciətlər daxil olur və biz də məsələdən yan keçmirik. Düzdür, hazırda Mətbuat Şurası jurnalistlərin əsas ümid yeridir. Zaman-zaman informasiya işinin qurulması istiqamətində mətbuat katibləri üçün seminarlar keçirilir. Lakin daimi monitorinq aparmaq, prosesə təsir etmək, problemləri aradan qaldırmaq səlahiyyəti birbaşa ombudsmana aiddir”.
914 dəfə oxundu