"Şərq" qəzetinin redaksiyasında yaradılan "Mətbuat muzeyi"nin açılışı olub
"Şərq" qəzetinin redaksiyasında yaradılan "Mətbuat muzeyi"nin açılışı olub.
"Report" xəbər verir ki, tədbirdə Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov, "525-ci qəzet"in baş redaktoru, MŞ İdarə Heyətinin üzvü Rəşad Məcid, millət vəkili, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Elmira Axundova, "Şərq" qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı, mətbuat nümayəndələri, mətbuat tarixində mühüm rol oynayan şəxslərin ailə üzvləri iştirak edib.
Əflatun Amaşov mətbuat muzeyi yaratmağın çox dəyərli ideya olduğunu deyib. O bildirib ki, gələcəkdə mətbuat nümayəndələri üçün bu muzey mənbə rolunu oynayacaq: "Hər birimiz bu muzeyin genişlənməsi üçün çalışmalıyıq, əlimizdə olan nümunə və eksponatların gələcək nəsillərə çatdırılması üçün onları muzeyə verməliyik".
"Şərq" qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı deyib ki, muzeyin yaradılmasına bu ilin mart ayından başlanılıb: "Azərbaycanda müxtəlif sahələrin eksponatlarının toplandığı muzeylər var. Amma çox təəssüf ki, Azərbaycan dövlətçiliyi, xalqın inkişafı üçün mühüm rol oynayan mətbuat tarixini əhatə edən muzey yoxdur. Bu səbəbdən də Azərbaycan Mətbuat Muzeyinin bünövrəsini qoymağı düşündüm. Üç ay gərgin zəhmətin nəticəsində "Şərq" qəzetinin giriş və foyesində, redaksiyanın 4 otağında Azərbaycan mətbuat tarixini əks etdirən eksponatlar hazırlanıb. Muzeydə 300-ə yaxın sənəd var, onun 150-si orijinal sənədlərdir. 136 yaşlı "Ziya" qəzeti, "Molla Nəsrəddin", "Dəbistan", "İşıq", "Məktəb", "Zənbur", "Yeni Qafqaziyyə", "Türk izi", "Türk amacı", "Azərbaycan" kimi anadilli mətbu nümunələrin orjinal nüsxələri, böyük yaradıcılıq yolu keçən jurnalistlərə aid sənədlər, nadir fotolar, şəxsi əşyalar toplanılıb".
Baş redaktorun sözlərinə görə, muzeydə M.F.Axundovun, H.Zərdabinin, Əli bəy Hüseynzadənin, M.Şahtaxtlının, M.Ə.Sabirin, M.Hadinin, Şəfiqə xanım Əfəndizadənin, Xədicə xanım Əlibəyovanın, Ə.Topçubaşovun, C.Məmmədquluzadənin, M.Ə.Rəsulzadənin, Xəlil İbrahimin, Üzeyir bəy Hacıbəylinin, Əzim Əzimzadənin, Nəsir İmanquliyevin portretləri nümayiş olunur: "Eksponatlar sırasında Cənubi Azərbaycanda və Türkiyədə çap olunan anadilli jurnal və qəzetlər də qorunub saxlanılır. Azərbaycanın sovet dövrü jurnalistikası və müasir mətbuatın mənzərəsi də muzeydə əksini tapır. Ümummilli lider Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafında oynadığı böyük rol da muzeyin giriş hissəsində əhatəli geniş ekspozisiyada nümayiş olunur. Mətbuat tarixinin önəmli şəxsiyyətləri olan böyük qələm ustadlarının varislərinin muzeyə bağışladıqları sənədlər və fotolar da insanda zəngin təəssürat yaradır".
A.Aşırlı deyib ki, bu muzey zənginlik baxımından digər muzeylərdən geri qalmır: "Eksponatların bir hissəsi İçəri Şəhərdən, şəhərdəki əntiq mağazalardan alınıb, mətbuat nümayəndələrimizin ailə üzvləri də bizə hədiyyələr verib. Mühacirət dövrünə aid eksponatlar isə Türkiyədən alınıb".
Digər qonaqlar da muzeyin yaradılması ilə bağlı ürək sözlərini deyib, səbəbkarları təbrik edib, təşəkkürlərini bildiriblər.
Sonda tədbir iştirakçıları muzeylə tanış olub.
995 dəfə oxundu