Mənzil almayan jurnalist - Prezidentin "yazın" hədiyyəsi 255 mənzilə sığmaz
Ceyhun Musaoğlu
Jurnalistəmsə, gərəkdir iyulun 20-də baş verən hadisədən mütləq yazam. Möhtəşəm hadisə oldu: Prezident ikinci dəfə Azərbaycan jurnalistlərinə mənzil hədiyyə etdi. 155+255=410. Dörd yüz on nəfər qələm adamına daha rahat, daha səliqəli, daha yaxşı düşünmələri və yazmaları üçün böyük şərait yaradıldı. Onların arasında yaza masasına, kitab rəfinə həsrət qalan, masanı tapanda onu qoymağa otaq axtaran, kitab alanda rəf axtaran, şəraitsizlikdən kitabları yeşiklərdə çürüyən, kirayədə qaldıqları mənzilin sahibi ilə hər ayın sonunda dava-dalaş yaşayan, məvaciblə heç vaxt mənzil ala bilməyəcək istedadlı, qürurlu, peşəkar həmkarlarım var.
Asan deyil. Yaşı 27-dən çox olan müasir jurnalistikanın mənzilə namizəd olanlarını seçmək çox çətindir. Əksəriyyətimiz iddialıyıq. İddialı əksəriyyətimizin arasında özünü dəqiq qiymətləndirməyi bacarmayanlar var. Elə düşünürlər ki, jurnalistdirlər və mənzildən onlara da pay düşür. Belə xaos vəziyyətində düyməni basıb vicdanı söndürərək "sənədlərin" qanadlarında KİVDF-nin yerləşdiyi binaya düşənləri, abrına qısılıb ərizəsini belə, utana-utana təqdim edənlərdən ayırmaq qəhrəmanlıq idi. Hər kəs özünü başqası onu tanıyandan daha yaxşı tanıyır. Özünü gizlədib, "məni tanı" deyənlərin arasından layiqliləri seçmək möcüzədir.
Proses çox ağır keçdi. Xüsusən mən və ailəm üçün. İcazə verin qısa danışım:
Mənzil almaq üçün sənədlərimi Daşınmaz Əmlakın Dövlət Reystri xidmətinə vermişdim. Təqdimatımı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov irəli sürmüşdü. İki nəfər idik. Dəyərli həmkarım Ramilə Qurbanlı ilə eyni sektorda - İnformasiya təminatı sektorunda çalışırıq. Hər ikimiz namizəd olduq. Aprelin 7-də Bərdə və Ağdam rayonlarına ezamiyyətə getməliydim. Bilik Fondu mütəmadi bölgələrdə silsilə mühazirələr təşkil edir və biz - əməkdaşlar o tədbirləri yerindəcə hazırlayırıq. "Adımıza mülk varmı" sualına cavab almaq üçün sənədləri müvafiq quruma təqdim etmişdik, aprelin 7-də götürməliydik. Səfər günü ilə üst-üstə düşürdü. Necə oldusa, ezamiyyə sabaha - aprelin 8-nə keçirildi. Deməli, sənədləri rahat götürə bilərəm. Xidmətin xanım əməkdaşı demişdi ki, sənədləri götürməyə üçünüz də gəlməlisiniz - mən, qızım və həyat yoldaşım. Yalnış tələb. Sənədləri bir nəfər də götürə bilərmiş, digər şəxsiyyət vəsiqələrini təqdim etmək şərti ilə.
Xanım dediyini elədim. Amma... Ailəmlə birgə Xidmətə doğru gedəndə ağır qəzaya düşdük. Təfərrüatdan sevimli oxucumun xəbəri var. Allah “aşağı düşüb”, bizi qucağına götürdü və heç bir xəsarət almadan sağ çıxdıq. Sonra biləcəkdim ki, ali məktəbə hazırlaşan qızım travma alıb və imtahan nəticələri bizi daha dörd il maliyyə təhdidində saxlayacaq.
Mənə qardaş olan həmkarlarım bilir - mənzilə sənəd vermək istəmirdim. Elə hey deyinirdim. Birincisi dövlət qurumundan namizəd olurdum, ikincisi, həmkarım da iddialı idi və haqqı var. Uduzacağım meydana girmirəm. İştirak etdiyim bütün müsabiqələrdə birinci olmuşam. Hesablayıb qatılmışam. Hesablamışdım, mənə mənzil hədiyyə olunmayacaqdı. Ancaq dostların arqumenti fərqli idi. "Birincidə "qoy lap əziyyət çəkənlər alsın" - deyib kənarda durdun, ikinci sənin haqqındır" - dostlarımın təkidini əks etdirən cümlələrdən biridir.
Maşın sürürəm, beyin qarmaqarışıq fikirlərlə doludur: səhər iki rayonda mühazirə təşkil etməliyəm, təcili sənədləri götürməliyəm... Ardından suallar: övladım necə imtahan verəcək; dövlət qurumundan olan iki namizədin hansı seçiləcək, lap elə mənzili mən aldım, bəs həmkarımla necə üz-üzə gələcəm, bəlkə təqdimatım redaktoru olduğum Azerfaks.az saytından verilsin; bəlkə namizədliyimi sədri olduğum Jurnalist Ekspert Mərkəzi irəli sürsün; müstəqil namizəd ola bilərəmmi; ümumiyətlə, mən müstəqil sayılırammı - dövlət qurumunun işçisi kimi?..
Suallar yolu ilğıma döndərdi. Sağı unutdum, elə bildim yol ancaq soldan sağa doğru gedir. Nəticə ağır oldu.
Bax belə, əziz dostlar. Düşünün, bir mənzilə görə beynim necə darmadağın idi. Baxın, "255 mənzili kimlərə hədiyyə edək" sualı ətrafında baş sındıran komissiyanın durumu necə ağırdır.
Şükür, hər şey əla sonluqla bitdi. Niyə də narazı qalanlar olmasın? Bioloji varlıq kimi düşünən narazıların etirazı anlaşılandır. Ancaq biz jurnalist kimi düşünməyə borcluyuq. Möhtəşəm hissdir: həmkarlarım mənzil alıb. Onların arasında xəbər yazmağı, reportaj hazırlamağı, müsahibə götürməyi öyrətdiyim həmkarlarım var.
Sevməyi ən yaxşı bacaran adama jurnalist deyilir. Jurnalist sevdiyindən neqativi axtarıb tapır və aradan qaldırılmasına çalışır. Əgər ölkənin birinci şəxsi jurnalistə mənzil hədiyyə edibsə, burada hansı neqativlik baş verə bilər? Görün ölkə rəhbərliyi bizi nə qədər sevir... Görün dövlət bizim sevgiyə layiq olduğumuzu nə qədər bilir... Bu etimadı itirmək təhlükəsinin milyonda bir ehtimalı belə, adamın ağlının ucundan keçəndə diksinirsən.
Qəti olmaz. Bizi sevirlər - başda Prezident İlham Əliyev olmaqla, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezidentin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsnov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, biz bu sevgini cavabsız qoymarıq. Cavabımızsa yazmaq, daha doğru, daha obyektiv, daha dolğun, daha vətənpərvər, daha dövlətçilik amalı ilə yazmaq olacaq. Həm də bunu bizdən ölkənin birinci şəxsi istədi. Biz mənzil istədik verdi, cənab Prezident İlham Əliyev də cavabında bizdən yazmaq istədi. Ölkə başçısı ikinci binanın açılış mərasimində belə dedi:
- Dövlət məmurları, yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz.
Daha nə istəyirik, əziz həmkarlar. Prezidentin "siz yazın, biz nöqsanları aradan qaldıraq" mövzusunda olan çağırışı jurnalistin ən böyük hədiyyəsidir. Belə hədiyyəni 255 mənzilə sığışdırmaq mümkün deyil.
935 dəfə oxundu