BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”

BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı:

Qafqaz Müsəlmanları İdarəsi sədrinin ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavini Qəmər Cavadlı saytımıza verdiyi müsahibədə Jurnalistika fakültəsində teologiya elminin tədris olunmasının vacibliyini vurğulayıb. O bildirib ki, Jurnalistika fakültəsində dini elmlərin tədris olunmasına ehtiyac var.

QMİ rəsmisinin təklifinə Bakı Dövlət Unuiversitetinin Jurnalistika fakültəsi də münasibət bildirib.

BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu Modern.az-a açıqlamasında adıçəkilən fakültədə dini elmlərin tədris olunmasına heç də ehtiyac olmadığını bildirib.

“Dini elmlər təkcə Jurnalistika fakültəsində yox ,digər fakültələrdə də tədris olunmur. Amma teologiya ilə bağlı olan ixtisaslarda tədris olunur. Bu da normaldır. Amma Jurnalistika fakültəsində teologiya elminin tədris olunması nə dərəcədə məqsədəuyğun ola bilər ki?! Burada bir məqam var. Din sahəsindən yazan jurnalistlər bu sahə üzrə müəyyən maariflənmə işlərinə cəlb olunmaqla, kurslar keçməklə dini savada malik ola bilərlər. Sırf Jurnalistika fakültəsinin içində teologiya elminin tədris olunması yersizdir. Buna ehtiyac yoxdur. Məsələyə praktik nöqteyi-nəzərdən də baxmaq istəyirəm. Məsələn, Yaxın Şərq ölkələrindən təhlillər aparıram. İxtisasım isə beynəlxalq jurnalistikadır. Yaxın Şərq bütün dinlərin qovuşduğu yerdir. İlahiyyat üzrə təhsil almasam da, Yaxın Şərqlə bağlı təhlillər, araşdırmalar apardığıma görə istər-istəməz din sahəsi üzrə kitablar oxumuşam. Burada bir məqam var. Əgər teologiya üzrə yazan jurnalist yetişirsə, vacib deyil ki, Jurnalistika fakültəsində ilahiyyat elmi tədris olunsun. Sonrakı mərhələdə hər şey jurnalistin ixtisaslaşmasından asılı olacaq və o, üzərində çalışmalıdır. Jurnalistika fakültəsində dini elmlərin tədris olunmasını deyiriksə, o zaman idman sahəsindən yazan jurnalistə gərək idman sahəsi üzrə müəyyən fənlər tədris edilsin. Bu da doğru deyil. Dini elmləri sonradan da öyrənmək olar. Mütləq deyil ki, Jurnalistika fakültəsində teologiya elmi tədris edilsin”.

BDU-nun dekanı belə bir təkliflə də çıxış edib.

“Teologiya elmi Jurnalistika fakültəsinin tədris planına salınmasa da, belə bir şey etmək olar. Təklif edirəm ki, Qafqaz Müsəlmanları İdarəsi ilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi birlikdə din və mənəviyyat sahəsindən yazan jurnalistlər üçün seminarlar, treninq kursları təşkil etsin. Belə bir məsələni reallaşdırmaq çox maraqlı olar. Hətta həmin kursları başa vuran jurnalistlərə sertifikat da vermək olar. Yoxsa ilahiyyat fənninin Jurnalistika fakültəsinin tədris planına salınmasına ehtiyac yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
826 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...