“Buna görə də kursumuzu dəyişdik...” - 14 illik “Bakı Xəbər”in baş redaktoru
Bu gün "Bakı Xəbər” qəzetinin yaradılmasından 14 il keçir.
Qəzet 2003-cü ilin sentyabr ayının 4-də fəaliyyətə başlayıb və qısa amanda ölkənin ən populyar mətbu orqanına çevrilib. 2007-ci ilin 31 may tarixində bir müddətlik nəşrini dayandıran mətbu orqan, həmin il sentyabrın 4-də yenidən fəaliyyətini bərpa edib.
"Bakı Xəbər”in baş redaktoru Aydın Quliyev BakuPost.az-a açıqlamasında bildirib ki, internet əsrində çap mediasını ayaqda saxlamaq xeyli əmək və fədakarlıq tələb edir: "Onlayn medianın bol əsrində "Bakı Xəbər” kimi qəzeti ayaqda saxlamaq, populyarlaşdırmaq və həmişə bu müstəvidə saxlamaq çətindir. Qəzetin belə bir uzun tarixi yol keçib gəlməsi, formalaşması, bir tərəfdən kollektivimizin fədakarlığı sayəsində olub, digər tərəfdən ölkədə media üçün getdikcə yaxşılaşan imkanlardan bəhrələnmişik. Bir başqa səbəb isə həmkarlarımızın bizə bu yollarda qısqanclıq göstərmədən verdikləri dəstək olub. Hesab etmək olar ki, "Bakı Xəbər” bu gün ölkənin media ailəsində öz yerini tutub. "Bakı Xəbər” ölkədə ictimai rəyin formalaşmasında iştirak edir. Dövlətçilik mövqeyindədir. Bu gün qəzetimiz hər hansı siyasi partiyanın, şəxsin mövqeyini bölüşmür. Yalnız dövlətçilik prinsiplərindən çıxış edir. Hesab edirik ki, bizim ən böyük gücümüz dövlətçilik mövqeyində dayanmağımızdır. Çünki hadisələr göstərdi ki, dövlətçilik mövqeyində olmayan media güclü ola bilməz. Buna görə də "Bakı Xəbər” illər öncə özünün kursunu dövlətçilik mövqeyinə tərəf müəyyənləşdirdi və illərdir ki, bu cür də davam edir”.
A.Quliyev daimi oxucuları barədə də danışıb. Bildirib ki, 14 ildir ki, hər gün qəzeti alıb-oxuyan şəxslər var: ""Bakı Xəbər” yarandığı dövrdə nə qədər çətin və fədakar bir kursla gedirdisə, onun ilkin oxucuları da bir o qədər çətin və fədakar şəkildə qəzetə öz təəssübkeşliklərini nümayiş etdirirdilər. Mən əlbəttə, özümüzü başqa qəzetlərdən uca tutmaq, fərqləndirmək niyyətiylə demirəm, amma "Bakı Xəbər”in oxucuları da ilkin dövrdən başlayaraq qəzetin özü kimi fədakar, mübariz və öz prinsiplərinə bağlı insanlar olublar. Ona görə də bu gün qəzetin ilkin oxucuları olmuş çox sayda insanlar tanıyıram. Onlar 14 il ərzində hər gün mütəmadi olaraq bizim qəzeti alırlar və oxuyurlar. Bayramlarda, əlamətdar günlərdə bizimlə əlaqə saxlayırlar. Qəzetimizin oxucularını 2 yerə bölmək olar. 2003-2007-ci illərdəki oxucular: bu oxucuların böyük bir hissəsi bu gün də qəzetin ətrafındadırlar.
2007-ci ildən bu tərəfə olan oxucular: qəzet dövlətçilik mövqeyi kursuna, partiyasızlıq mövqeyinə keçəndən sonra yaranmış yeni bir oxucu kütləsi. Bizim oxucular bununla başqa qəzetin oxucularından fərqlənir. Bundan məmnunuq, mutluyuq”.
Baş redaktor əlavə edib ki, internet resursları, onlayn media çap mediasını xeyli qabaqlasa da, qəzetlərin ictimai fikrə təsiri hələ də qalır, buna görə də bu sənayenin inkişafına ehtiyac var.
933 dəfə oxundu