Yazıçılar Birliyindən məşhur şairə həqarət dolu REPLİKA

Yazıçılar Birliyindən məşhur şairə həqarət dolu


Son günlər mətbuatda Azərbaycan Yazıçılar Birliyi ilə bağlı tənqidi fikirlər səsləndirilir. Birlik də həmin fikirləri cavabsız qoymayaraq “Ədəbiyyat qəzeti”ndə onlara replika ilə cavab verib. Kulis.az AYB-nin replikasını təqdim edir.

Ədəbiyyata heç bir dəxli olmayan adamlar ara-sıra gündəmdə qalmaq xətrinə klassik və müasir yazıçılara çirkab atmaq təşəbbüsləri edirlər. Cavanlığında şairlik iddiasına düşüb, bir şey alınmayanda uğursuzluğunun heyfini bütün yazıçılardan çıxan, hər yazıda Yazıçılar Birliyinin ünvanına bir ağız hırıldayan yaltaq danosbazlar da öz yerində. Böyük Sabir demişkən, "hərə bir növ ilə öz gündüzünü şam eləyir". Bunlar da qurdlarını belə öldürüb, muzdlarını bu yolla alırlar.

Amma illər boyu Yazıçılar Təşkilatının üzvü olmuş, bu təşkilatdan ancaq xeyir görmüş istedadlı adamların da manqurtcasına öz doğma ocaqlarına xəyanəti bizi təəssüfləndirir.

Həqiqətən istedadlı şair Məmməd İsmayıl həm sovet dövründə hökumətdən yüksək mükafatlar almış, dövr dəyişəndə də məsul vəzifələrdə çalışmışdır. Qısa bir müddət Radio və Televiziya Komitəsinə rəhbərlik etdiyi vaxt yazıçı həmkarlarına qarşı yekəxana hərəkətləriylə çoxlarını narazı salmışdı. Son illər Türkiyədə yaşayır. Onu da qeyd edək ki, Yazıçılar Birliyindən hər zaman xoş münasibət görüb, bu Təşkilatın imtiyazlarından bəhrələnmişdir, bir-bir sadalamaq istəmirik. Skleroz olmayanların gərək özlərinin yadından çıxmamış ola. Son illər Bakıda üzünə açıq olan yeganə qapı Yazıçılar Birliyinin qapısı idi. Yubileyini də biz keçirdik, haqqında yazılar yazdıq. Xaricdə yaşayan başqa yazıçılarımızdan fərqli olaraq onu qurultayımıza dəvət etdik, yol biletini aldıq. Bütün bunların müqabilində Qurultay kürsüsündən Yazıçılar Birliyi haqqında "xala-bacı qeybətləri"ni səsləndirdiyi üçün hamı tərəfindən ikrahla qarşılandı. Buna baxmayaraq, yenə də Məmməd İsmayılın Azərbaycanda yazılarını gen-bol çap etdirdiyi mətbuat orqanı "Ədəbiyyat qəzeti"dir. Həm də bu qəzetdə tez-tez onu tıx deyincə tərifləyən yazılar dərc olunur. Çünki bu bizim demokratiya anlayışımızdır. Şəxsi-qərəzlik, nankorluğuna görə kimdənsə qisas almaq əxlaq prinsiplərimizə ziddir. Bunu Məmməd İsmayıl da yaxşı bilir və yaxşı bildiyi üçün belə hərəkət edir, əlinə girəvə düşən kimi 47 il üzv olduğu və bəhrələndiyi təşkilata arxadan bıçaq saplayır.

Son günlərin məlum qalmaqalı başlayan kimi fürsəti fövtə verməyib, xal qazanmağa çalışan Məmməd İsmayıl 27 il bundan qabaqkı hadisələrdən söz açaraq yalanı yalan üstə qalayır. Azərbaycanda adı yaxşı bəlli olan Altan Karamanoğlunun Yazıçılar Birliyindən iki otaq istəməsi və Anarın buna izn verməməsindən yazır. Əvvəla, Altan Karamanoğlu iki otaq deyil, Yazıçılar Birliyinə mənsub olan bütöv bir mərtəbəni istəyirdi və bu mərtəbə heç də hazırkı kafe olan məkan yox, indiki Bəstəkarlar İttifaqının birinci mərtəbəsi idi. İkincisi, doğrudur ki, Altan Karamanoğlu Anarın da iştirak etdiyi bir məclisdə bu məsələni qaldırıbmış və orda iştirak edənlərin hamısı (Məmməd İsmayıl iştirak edibsə, elə o da) bunun qeyri-mümkün olduğunu deyiblər, çünki bina onların şəxsi evi deyil, Təşkilatın əmlakıdır. Məmməd İsmayılın düşündüyü kimi, "onda Türkiyə də Azərbaycanı müdafiə etməz" fikri - baqqal psixologiyasıdır, məsuliyyət və qardaşlıq hissi olan heç bir türk bu fikri ağlına gətirməz.

Məmməd İsmayıl deyir ki, Anar Yazıçılar Birliyinə rəhbərlik etdiyinin 30 illiyi barədə yazısında bu iki otaq məsələsinə "deyinməmişdi". Hörmətli şair unudub ki, Azərbaycan türkcəsində Türkiyə türkcəsindən fərqli olaraq, "deyinmək" sözü ayrı məna daşıyır. Qoy Məmməd İsmayıl Azərbaycan türkcəsində deyildiyi kimi, istədiyi qədər "deyinsin". Anar "30 il" yazısında həqiqətən bu məsələyə Azərbaycan türkcəsində deyildiyi kimi, toxunmamışdı. Məmməd İsmayıl bu məsələyə aydınlıq gətirmək istəyirsə, buyursun. Yaddaşında problemlər varsa, xatırladaq ki, bu məsələ məhz Yazıçılar Birliyinin plenumunda həll olundu. Məmməd İsmayıl o vaxt Birliyin katiblərindən biri idi və Plenumda bu ərazinin verilməməsi haqqında qərar yekdilliklə qəbul olunanda təbii ki, o da lehinə səs vermişdi. Və bunun təsdiqi Məmmədin özünü qabaqcadan sığorta etməkçün dediyi "süni arxiv sənədlərində" deyil, yaddaşları və vicdanları korşalmamış Plenum iştirakçılarından xoşbəxtlikdən sağ qalanlarının şahidliyindədir.

Başqa bir istedadlı şairimiz Musa Yaqub verdiyi açıqlamada qeyd edir ki, "belə yerdə əxzlaqsızlıq yuvası təşkil etmək düzgün deyil". Məlum deyil ki, doğma kəndi Buynuzda otura-otura (bir neçə ay əvvəl orda yubileyini də qeyd etdik) burada əxlaqsızlıq yuvası olduğunu Musa necə təyin edib.

Biz qəsdən "istedadlı" sözünü təkrar edirik. Bəzilərindən fərqli olaraq, biz hər çalınan havaya oynamırıq, ilk fürsətdəcə kiminsə dalından qaçmağa cəhd etmirik, ədəbi insafımız var. İnsaf dinin yarısıdır - deyiblər. Nə insafları, nə dinləri olanlar isə heç Allahdan da qorxmurlar.

Azərbaycan Yazıçılar Birliyinin katibliyi
12 sentyabr 2017-ci il

Katibliyin son atmacalarla bağlı ikinci replikası

Elə saytlar var ki, sahiblərinin, ya hansısa naməlum qüvvələrin sifarişiylə daima Yazıçılar Birliyinə qarşı təxribat aparırlar. Bu təşkilatın ətrafında qərəzli surətdə yaradılmış ajiotaj zamanı bəzi saytlar və bəzi qəzetlər yalnız Birlikdən nəyisə ala bilmədiyinə görə narazı qalan, naqis hərəkətlərinə, başqasının ləyaqətini alçaltmağa cəhd etdiyinə görə Nizamnaməmizə uyğun olaraq, Birlikdən çıxarılan, yaxud da yazıçı olmaya-olmaya özünü yazıçı kimi qələmə verənlərin "fikirlərini" soruşurlar. Onlar da açırlar gül ağızlarını. İllər boyu yazılarıyla diqqət çəkməyən, fəxri ad tamarzısı olan adam, hikkəsindən boğularaq içinin bütün zəhərini, irinini, çirkabını hələ də üzvü olduğu təşkilatın başına yağdırır. İllərlə adicə üzvlük haqqını belə ödəməyib öz etirafına görə, bu binanın ancaq tualetinə aşiq olan nankorlar bura yalnız tualetə yox, həm də nə isə qoparmağa, qamarlamağa gəlirlər və iştahları doyandan sonra şərəfsizliyə əl atır, ən çətin günlərində ona əl tutan, çörək verənlərin ünvanına iyrənc sözlər deyirlər. Amma unutmasınlar ki, böyük Mirzə Ələkbər Sabir demişkən, "birinə diş qıcadıb, birinə quyruq bulayanların" aqibəti kədərli olur.

Azərbaycan ədəbiyyatını şöhrətləndirən, xalqa, vətənə, ədəbiyyata namusla xidmət edən nəsil-nəsil yazıçının müqəddəs ocağını əxlaqsızlıq yuvası adlandırmaq ən böyük əxlaqsızlıqdır. Çirkin böhtan atıb, sonra məhkəmə qarşısında cavab verməli olduğundan qorxub yüz yalvar-yaxarla məktub yazanlar, indi "fürsətdir" deyə qulluq göstərməyə tələsirlər.

Bir sözlə, Birliyin öz içində tək-tüklərdən ibarət beşinci kolon minlərlə yazıçısının doğma ocağını dağıtmağa, bağlatmağa, məhv etməyə can atır. Öz xudbin maraqlarına görə, ədəbiyyata xəyanət etmişlərin qara, xəbis niyyətləri baş tutmayacaq. Yazıçılar Birliyi daima ədəbiyyatımızın, dilimizin, mənliyimizin, mənəviyyatımızın, milli maraqlarımızın, dövlətçiliyimizin keşiyində duran nüfuzlu təşkilatdır. Ulu öndər Heydər Əliyev tərəfindən fəaliyyəti yüksək dəyərləndirilən, hörmətli Prezidentimiz İlham Əliyevin daimi qayğısını duyan ədəbi məbəddir. Azərbaycan ədəbiyyatının iftixarı olan sənətkarlar bu təşkilatın üzvü olmaqlarıyla fəxr etmişlər, Yazıçılar Birliyinin indiki rəhbərliyi dörd qurultayda yekdilliklə bu vəzifələrə seçilmişlər. O cümlədən, indi onların kölgələrini qılınclayanların da səsləriylə.

Ayrı söz tapmayanda yeri gəldi-gəlmədi, bugünkü Yazıçılar Təşkilatını 80 il bundan qabaq baş vermiş hadisələrə görə günahlandırmaq ucuz demoqoqçuluq və əxlaqsızlıqdır. Əslində bu gün 37-ci ilin ab-havasını yaratmaq istəyənlər mətbuat səhifələrində və saytlarda həmkarlarından siyasi donoslar verən, həsəddən, paxıllıqdan hamını qaralayıb sıradan çıxarmağa çalışanlardır. Belələri Birliyin özünü belə bağlatmağa, məhv etməyə çağırır, guya Birlik olmasa, qurumuş təbləri fontan vuracaq.

Ad çəkmirik, çünki elə adlar var ki, ədəbiyyat tarixinə düşməyə də layiq deyillər. Hərə öz payını götürsün.

Azərbaycan Yazıçılar Birliyinin katibliyi
15 sentyabr 2017


AYB katibliyinin üçüncü replikası

Azərbaycan Yazıçılar Birliyinin haqlı mövqeyinə münasibət bildirən namuslu yazıçılara və vicdanlı insanlara dərin təşəkkürümüzü bildiririk.

Azərbaycan Yazıçılar Birliyinin katibliyi
15 sentyabr 2017



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
961 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...