"Azdrama"nın direktoru Ənvər Börüsoyu məhkəməyə verdi

"Azdrama"nın direktoru Ənvər Börüsoyu məhkəməyə verdi


Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov jurnalist Ənvər Börüsoyu məhkəməyə verib.

O, "Report"a açıqlamasında deyib ki, Ə.Börüsoy Akademik Milli Dram Teatrı, onun özü və teatrın aparıcı aktyorları haqda həqiqəti əks etdirməyən və onların nüfuzuna zərbə vuran yazılar yazdığına görə belə bir addım atmağa məcbur olub: "Biz uzun müddət Ənvər Börüsoy adlı jurnalistin yazılarına cavab vermədik. Teatrın rəhbəri olaraq bu məsələni qabartmağı lazım bilmədim. Amma biz abrımızı qorumaq üçün susduqca, qarşı tərəf böhtan və şər xarakterli yazılar yazmağa davam etdi. Sonuncu məqaləsi isə teatrın kollektivinin səbir kasasını lap daşırdı.

O, teatrın aparıcı aktyorlarını və şəxsən mənim barəmdə təhqiramiz ifadələr işlədib, uzun illər bu teatrda çalışan xalq artistlərinə "istedadsız" damğası vurub, Akademik Milli Dram Teatrının nüfuzuna xələl gətirib". Direktor bildirib ki, Ə.Börüsoy bununla da kifayətlənməyib və Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri barəsində həqiqətə uyqun olmayan məlumatlar əsasında məqalələr yazıb: "Demokratik dövlətdə yaşadığımıza görə, bu məsələni qanun çərçivəsində həll etməyi lazım bildim. Ona görə də məhkəməyə müraciət etdim. Bundan sonrakı məsələlərə məhkəmə qanun çərçivəsində baxacaq və hüquqi qiymət verəcək. O, əməllərinə görə gedib məhkəmədə cavab verər".

İ.İsrafilov deyib ki, Ə.Börüsoyu Cinayət Məcəlləsinin işgüzar nüfuza xələl gətirmə, şərəf və ləyaqəti alçaltma, böhtan atma maddələri ilə məhkəməyə verib. Akademik Milli Dram Teatrının direktoru jurnalistdən yazdıqlarını təkzib etməsini, üzr istəməsini və maddi təzminat ödəməsini tələb edir.

Xatırladaq ki, Ənvər Börüsoy son zamanlar yazdığı "Teatrın estetikasını və poetikasını bilməyənlər", "Dövlət Teatrı “şəxsi mülkiyyət”ə çevrilib", "Azdramanın azmış dramı" adlı məqalələrində Milli Dram Teatrının direktoru, sənətşünaslıq elmləri doktoru İsrafil İsrafilovu, aparıcı aktyorları, Mədəniyyət və Turizm Nazirliyinin rəsmilərinini tənqid edib. Teatr hesab edir ki, həmin məqalələrdə qeyd olunanlar həqiqəti əks etdirmir və böhtan xarakterlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 295 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...