Sofi Lorenin məcburi abort xatirələri
Kulis məşhur aktrisa Sofi Lorenin məcburi abort xatirələrini təqdim edir
Körpəmin gözlərinə baxmaq üçün can atırdım. Amma elə olmadı, sonrakı günlər həyatımın ən qaranlıq günlərinə çevrildi. İş başında olsam da hiss edirdim ki, nəsə yerində deyil. Romada bir ginekoloqla danışdım, dedi ki, hər şey qaydasındadır, sadəcə bir neçə dincəlim və maşınla yox qatarla səyahət edim.
Moravianın hekayəsinə çəkilən filmin son hissələrini çəkmək üçün Milana gedirdik. Tərslikdən, bu hissələrdə bütün əhvalatlar maşında baş verirdi. Maşın yoldakı bütün sarsıntıları göstərmək üçün hidrolik bir yayın üstündə qurulmuşdu. Bu əsl maşından dəfələrlə pis idi. Milandakı ilk gecə çox dəhşətli ağrılar hiss etdim. Oteldən doktora zəng vurdum, doktor məni sakitləşdirməyə çalışdı, amma bir neçə saat sonra təcili yardıma müraciət elədim. Diqqət çəkməmək üçün ambulans çağırmadıq amma liftdə az qala özümdən gedirdim. Ən yaxın xəstəxanaya getdik. Ətrafımdakı adamların təlaşı məni bütün ümid və xəyallarımı məhv edəcək qorxunc tragediyaya hazırlayırdı. Özümü çox gücsüz hiss edirdim, suallar verirdim, amma mənə heç kim doğru-dürüst bir cavab verə bilmirdi.
“Narahat olmayın, xanım, indi baxırıq, həll edəcəyik, narahat olmayın, hər şey yaxşı olacaq”. Bu sözlər əslində heç nə deməyən sözlər idi və məni çarəsizlikdən xilas eləmirdi. İndi bəzən özümü o yataqda, bəyaz divarlı neon işıqlı dizenfeksiya qoxulu o otaqda hiss edirəm. O gecənin ən iztirablı xatirəsi isə rahibə tibb bacılarının məni ittiham edən və alçaldan baxışlarıydı. Anlayışsız, insanlıqdan uzaq, hər cür duyğudan məhrum baxışlar idi. Bu lazımsız alçaltma, həqiqəti əllərində tutduqlarını sananların cahilliyindən qaynaqlanırdı və onlar qarşılarında qadının arzuları və qorxuları haqqında heç nə bilmirdilər.
Sofi Loren abortdan sonra hiss etdiklərini də qeyd edir: “Çətin vəziyyət idi. Özümü içi tamam boşalmış kimi hiss edirdim. Sanki dünyanın bütün işıqları sönmüşdü. Özümü nə qədər məcbur etsəm də gələcəyimə dair heç nə görə bilmirdim. Özümü heç bir zaman hiss etmədiyin qədər tənha və çarəsiz hiss edirdim. Mənim ulduzluğum körpəsinə döş verməyə hazırlaşan yenicə doğmuş anaların xoşbəxtliyi qarşısında çox sönük görünürdü”.
Məqalə odatv.com saytının materialları əsasında hazırlanıb.
1 451 dəfə oxundu