«Bakıda böyük partlayış olacaq» (XƏBƏRDARLIQ)
Feyzulla Quliyev: “Bakının özünəməxsus üç işarəsi var: amfiteatr, Bakı buxtası və külək - Tikintilər zamanı bu üç amil mütləq nəzərə alınmalıdır, amma alınmır”
"Bakıda tarixi şəhər adına heç nə qalmayıb”. Bu sözləri modern.az-a əməkdar memar, “Bakı şəhərinin Ərazidən istifadə və Zonalaşdırma Planı/Baş plan layihəsi”nin məsləhətçisi Feyzulla Quliyev bildirib.
Bakı öz simasını itirib...
Əməkdar memar deyib ki, yeni tikililər şəhərin mühiti ilə vəhdət təşkil etmir: “Mövcud şəhərlər, müasir şəhərlər və tarixi şəhərlər var. Məsələn, Bakı haqqqında tarixi şəhər dedikdə, onun mərkəzi hissəsi nəzərdə tutulur. Məsələn, biri “8-ci kilometr”də yaşayır. Soruşanda hara gedirsən? Deyir “şəhərə”. Şəhər dedikdə, mərkəzi hissəni nəzərdə tutur. Az-çox mərkəzdə şəhər mühiti var. Amma “8-ci kilometr”də şəhər mühiti yoxdur. Ona görə də ilk növbədə şəhər mühitini qoruyub saxlamalıyıq. Adət-ənənələrimiz kimi, tarixi-memarlıq abidələrimizi qorumalıyıq. Biz memarlar da şəhərin mərkəzi hissəsində hündür binaların ucaldılmasından narahatıq. Onların heç biri tarixlə vəhdət təşkil etmir. Tarixi binanın yanında hündür bina ucaldırlar. Nəyə əsasən? Axı o binalar bir-birini tamamlamalıdır. Bunlar müasirlik yaratmaq adına şəhəri eybəcər hala salıblar. O binanı tikən memar hara baxır bəs? Bir sözlə, proses qanedici getmir”.
“İndi kimə deyə bilərsən ki, tikmə?!”
F.Quliyevin sözlərinə görə, Bakıdakı tikinti sahəsində özbaşınalıq hökm sürür: “Memarlıqda rekonstruksiya, regenerasiya və mühit anlayışları var. Rekonstruksiya köhnə binaların müəyyən qədər dəyişdirilməsidir. Regenerasiya isə tarixi bina sökülüb dağılıbsa belə, onun olduğu kimi bərpa edilməsidir. Rekonstruksiya, regenerasiya zamanı səhlənkarlığa yol vermək olmaz. O binaın tarixi, keçmişi öyrənilməlidir ki, yaxınlığında yeni bina tikəndə tam, vəhdət təşkil etsin. Mən Bakıda yarım əsrdən artıq işləyən bir mütəxəssisəm. Sovet dövründə Əliş Cəmil oğlu Ləmbəranskinin iştirakı ilə Nargin adasında olmuşam. O çox gözəl bir insan idi, vaxtilə şəhərin meri olub. Bir çox mühüm tikinti obyektlərinin ucaldılmasında onun böyük əməyi var. Ləmbəranski orada “partşkola” tikdirmək istəyirdi. Mən deyəndə ki, burada tikmək olmaz, o mənimlə dərhal razılaşdı. İndi kimə deyə bilərsən ki, burda tikinti aparmaq olmaz?!
Bakının özünəməxsus üç işarəsi var: amfiteatr, Bakı buxtası və külək. Hansısa tikinti zamanı bu üç amil mütləq nəzərə alınmalıdır. Bu yaxınlarda tanınmış bir adam yenə məni Nargin adasına apardı. Mən qayıdanda Bakını tanımadım. Çünki landşaftdan düzgün istifadə edilməyib, amfiteatr, yaruslar yox olub. Şəhərin aşağı hissəsində hündürmərtəbəli binalar tikilərək yüksək hissələrlə bərabərləşdirilib. Şəhərsalma qanunauyğunluqlarına görə hündür yerdə hündür bina, alçaq yerdə alçaq bina tikilməlidir. Biz tikintini bu amfiteatrı nəzərə almaqla aparmalı idik. İstər Memarlar İttifaqı, istərsə də memarlar prosesdən narahatdır. Amma bizi eşidən yoxdur”.
Tariximizi özümüz silirik...
Memar İçərşəhərin də öz simasını itirdiyindən narahatlığını dilə gətirib: "Doğrudur, getdikcə şəhər böyüyür, genişlənir, prosesi dayandırmaq qeyri-mümkündür. Prosesi qanunauyğunluqlar nəzərə alınmaqla icra etmək lazımdır. Amma artıq gecdir, şəhərin siması korlanıb. İçərşəhərin özündə şəhərlik qalmayıb, orada nə qədər yeni binalar tikilib. Şəhərin tarixinə heç də uyğun gəlmir. Qız Qalasının arxasındakı bina ora sanki yamaqdır. İçərişəhər bir tarixdir. Bakının şəhər olaraq tarixi bizim eradan əvvələ gedib çıxır. Baxmayaraq ki, sovet dövründə 5-6-cı əsr yazılırdı. Çünki o vaxt qoymurdular tariximizi yazmağa. Amma indi də özümüz o tarixi silirik. Milli Məclis və Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş şəhərsalma sənədi var. Ümumi Plan, Baş Plan və Müfəssəl Plan. Şəhərin tarixi, köhnə, müasir hissələrinin planlaşdırılması və ona uyğun layihə hazırlanıb. Orada hansı ərazidə necə bina tikməyə icazə verilir göstərilir. Amma bu qaydalara riayət edən yoxdur. İndi sadəcə qərar verirlər: “mən buranı tikirəm”. Vəssalam. Bir azdan Bakıda böyük partlayış olacaq. Bunu deyirəm və sizi əmin edirəm ki, bunun şahidi olacaqsınız. Şəhər mənzillərinin kommunal təminatı var: su, qaz, işıq, istilik və s. Bu kommunal sistem ilk vaxtlar tikilmiş 5-6 bina üçün nəzərdə tutulub. Şəhərin bütün kommunal xətləri köhnəlib. İndi həmin binaları söküb yerində 16-20 mərtəbəli bina tikiblər. Yeni binaların xətlərini də həmin köhnə sistemə birləşdirirlər. Bir azdan isə o sistem ağırlığa tab gətirməyib, məcrasından çıxacaq. Artıq Əhmədli qəsəbəsi ərazisində 1-2 yerdə kanalizasiya xətləri yerin səthinə çıxıb. Çünki şəhər salınarkən bu boruların diametri azmərtəbəli binlar üçün hesablanmışdı”.
“Dirijor çubuğunu necə yelləyirsə, orkestr elə çalır”
F.Quliyev ayrı-ayrı şirkətlərin məsələyə səhlənkar yanaşdığını vurğulayıb: “Ayrı-ayrı şirkətlərin nə vecinədir ki? Fikir verin, Bakıda əsasən yeni yaşayış binaları tikilir. Nəyə görə? Tez satıb, daha çox qazanmaq üçün. Mən xarici mütəxəssislərlə çox əlaqədə olmuşam. Onlar Bakının keçmiş baş planını çox bəyənmişdilər. Mənə sual verdilər ki, “niyə realizə etməmisiz bu planı?”. Cavadəm belə oldu: biz bəstəkarıq, əsəri yazıb dirijora veririk. Dirijor çubuğunu necə yelləyirsə, orkestr elə də çalır.
Tarixi-memarlıq abidələri sıx olan ərazilərə çox böyük ehtiyatla, qızıl dəqiqliyilə yanaşmaq lazımdır. Mərkəzi Neftçilər Xəstəxanası, “Bakı Vağzalı” ətrafında binalar bir-birinə yapışıb. Şəhərdə tikilən mənzillər ikitərəfli, ən pis halda küncdən külək almalıdır. Yay aylarında gün ərzində otaqlara ən azı 3 saat günəş şüası düşməlidir. Bura 4-cü iqlim zonasıdır. Əks halda xəstəliklər geniş yayılacaq. Necə ki, indi yayılıb. Hamı ürəyindən, qan azlığından, qan-damar sisteminin xəstəliklərindən şikayətçidir. Yeni tikililərdə heç bir nüans nəzərə alınmır. Sadəcə yanğınsöndürmək üçün 6 metr keçidin qoyulması ilə hər şeyi bitmiş sayırlar. Bütün bunlar insan sağlamlığı üçün təhlükədir.
Hələ sovet dövründən şəhərin tarixi yerlərinin necə işlənməsi müəyyən olunmuşdu. Böyük Bakının Regional İnkişaf Planı 2014-cü ildə aidiyyatı strukturlarla razılaşdırılıb Nazirlər Kabinetinə təşviqə verilib. Hələ indiyə qədər Nazirlər Kabineti məsələyə baxmır”.
1 185 dəfə oxundu