Dilçilik İnstitutunun şöbə müdiri "əsgər"in "əskər" olmasına qarşı çıxıb
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Sosiolinqvistika və Dil Siyasəti şöbəsinin müdiri, Bakı Avrasiya Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Mayıl B. Əsgərov “Azərbaycan dilinin (69 maddədən ibarət) yeni orfoqrafiya qaydaları” haqqında məqalə yazıb.
APA-nın xəbərinə görə, professor məqaləsində layihədə təklif olunan bəzi dəyişikliklərin əleyhinə çıxıb. Məqaləni təqdim edirik.
“Azərbaycan dilinin (69 maddədən ibarət) yeni orfoqrafiya qaydaları” haqqında
Təqdim edilən “Azərbaycan dilinin (69 maddədən ibarət) yeni orfoqrafiya qaydaları” hələlik layihə mahiyyəti daşıyır və təsdiqdən əvvəl elmi ictimaiyyətin və xalqın müzakirəsinə verilib. Bir çox şəxslər kütləvi informasiya vasitələrində, müxtəlif saytlarda və fərdi elektron ünvanlarda layihəni dəyərləndirir, məsləhət və təkliflər verir.
Bu insanları şərti olaraq 3 qrupa bölmək olar. Birincilər böyük əksəriyyət təşkil edir. Onlar həmin layihəni obyektiv şəkildə dəyərləndirə bilmək üçün nə lazım gələn elmi potensiala və qabiliyyətə, nə də lüğətçilik sahəsində müvafiq təcrübə və səriştəyə malikdir. Bununla belə, bir vətəndaş kimi nə isə demək, aktivlik göstərmək istəyirlər.
İkincilər ya müvafiq elmi potensial və qabiliyyətə, ya da lüğətçilik sahəsində müvafiq təcrübə və səriştəyə malik deyillər. Onlar da kifayət qədər çoxdurlar.
Üçüncülər isə həm layihəni düzgün dəyərləndirmək üçün müvafiq elmi potensial və qabiliyyətə, həm də lüğətçilik sahəsində müvafiq təcrübə və səriştəyə malikdirlər.
Layihənin həmmüəliflərindən biri olan Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı kimi hər üç qrupdan olan və bu layihənin müzakirəsində aktivlik nümayiş etdirən hər kəsə dərin təşəkkürümüzü bildiririk.
Bir daha hamının nəzərinə çatdırmaq istəyirik ki, təqdim edilən bu layihə son variant deyil. Müzakirələr başa çatdıqdan sonra verilən təkliflər də nəzərə alınmaqla layihənin son variantı hazırlanacaq və Nazirlər Kabinetinin təsdiqinə son variant göndəriləcək. Orfoqrafiya lüğəti məhz bu qaydalar əsasında tərtib olunacaq.
İndidən layihəyə qara yaxmağa və bu yolla populyarlıq qazanmağa çalışanların səviyyəsinə enmək və onlarla mübahisə etmək niyyətində deyilik. Sadəcə, bunu demək istəyirik ki, kim tərəfindən verilməsindən asılı olmayaraq, bütün məqbul təkliflər son müzakirələrdə nəzərə alınacaq. Bu səbəbdən təklifləri konkret maddələr üzrə və konkret təkliflər şəklində vermək məqsədəuyğundur.
Bunu da qeyd etməyi özümüzə borc bilirik ki, layihənin həmmüəlliflərindən biri olan AMEA Nəsimi adına Dilçilik İnstitutunun Sosiolinqvistika və Dil Siyasəti şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru olmağımıza baxmayaraq, şəxsən bizim də bəzi təkliflərimiz işçi qrup tərəfindən qəbul edilməyib. Bu səbəbdən həmin fikir və düşüncələrimizi layihənin ümumi müzakirəsi çərçivəsində bir daha dilə gətirməyi və elmi cəhətdən əsaslandıraraq AMEA-nın Orfoqrafiya Komissiyası üzvlərinin, eləcə də Dövlət Dil Komissiyası üzvlərinin diqqətinə çatdırmağı məqsədəuyğun hesab edirik.
Birinci iradımız 22-ci maddə ilə bağlıdır. Həmin maddədə deyilir:
22. Aşağıdakı sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazılması məqsədəuyğun sayılır: əskər, əskinas, İskəndər, işkəncə və s.
Qeyd: Bu sözlər dilimizdə məhz tələffüzlərinə əsasən indiyədək g hərfi ilə yazılmışdır. Belə ki, mənbə dildə yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçmişdir.
Aşağıdakı üç məqamı bu maddəni layihə mətninə daxil edən həmkarlarımızın nəzərinə çatdırmaq istərdik.
Birincisi, əsgər, əsginas, İsgəndər, işgəncə sözləri incə saitlər silsiləsi əsasında formalaşan sözlərdir və Azərbaycan dilinin fonetik qaydalarına əsasən incə sait silsiləli sözlərin orta hecalarında bir qayda olaraq cingiltili samitlər işlənir. Belə sözlərin ortasında kar samitin işlənməsi dilin təbii axıcılığını pozur, tələffüzdə çətinliklər yaradır. Əgər biz həmin hərfi [g] kimi tələffüz edəcəyiksə, onu [k] kimi yazmağın məntiqi səbəbi başa düşülən deyil.
Biz hər zaman və hər yerdə fəxr hissi ilə deyirik ki, “Orfoqrafiya qaydaları” layihəsi “Söz necə deyilir, o cür də yazılsın” prinsipinə əsaslanaraq hazırlanıb”. Əgər həqiqətən belədirsə, bu məqamda nə üçün bu prinsipin ziddinə hərəkət edirik. Fars, ərəb, rus, ingilis və s. dillərdə çox söz Azərbaycan dilində işləndiyi formadan fərqli şəkildə yazılır. Çünki Azərbaycan dili nə fars, nə ərəb, nə rus, nə də ingilis dili deyil. Bu, məhz Azərbaycan dilidir. Bu səbəbdən bəzi sözlərin mənbə dildəki kimi deyil, Azərbaycan dilinin öz qaydalarına uyğun şəkildə yazılması təbiidir. Bunu da nəzərə almaq lazımdır ki, orfoqrafiya qaydalarının ən birinci prinsipi məhz budur: dilə gələn söz yerli dilin orfoepik normalarına uyğun şəkildə və alındığı dildəki tələffüzünə yaxın tərzdə yazılmalıdır.
İkincisi, “mənbə dildəki yazılışı əsas götürülərək” ifadəsini dilin orfoqrafiya qaydalarında işlətmək böyük bir səhvdir. Buradan belə bir məntiqi nəticə çıxır ki, əsas dil mənbə dildir. Sözün gəldiyi dil, yəni Azərbaycan dili ikinci dərəcəlidir. Nəzərə almaq lazımdır ki, əgər bu qayda tək bircə dəfə tətbiq edilsə, bununla da yaxın gələcəkdə “bütün sözlərin mənbə dildəki yazılış şəklinə uyğunlaşması” kimi yanlış bir yolun başlanğıcı qoyulmuş olacaq. Bu isə yolverilməzdir.
Türk dilinin acı nümunəsi göz qabağındadır. Bu qaydanı xüsusi isimlərlə bağlı tətbiq edən türk dilçiləri bu səhvi özləri də etiraf edir. Amma biz bir qədər də irəli gedib bunu ümumi isimlərə də tətbiq etmək istəyirik. Bu qəbuledilməzdir.
Üçüncüsü, Azərbaycan dilinin sırf özünə məxsus fonetik vahidləri o qədər də çox deyil və [g] samiti də məhz onlardan biridir. Bu samitin onsuz da çox güclü olmayan funksionallığını bir az da zəiflətmək, dilimizin sırf özünə məxsus olan spesifik fonemlərinə vurulan sarsıdıcı zərbədir.
Qeyd edilən əsgər, əsginas, İsgəndər, işgəncə sözlərində [g] samitini [k] samiti ilə əvəz edərək “ortaq türk dili” yaratdığını düşünən həmkarlarımızın isə nəzərinə bunu da çatdırmaq istərdik ki, bu sözlər türk dilində asker, eskinas, İskender, işkence kimi yazılır və [k] səsi ilə də tələffüz olunur. Çünki türk dilində həmin sözlər sabit incə sait silsiləsi əsasında yaranmış sözlər deyil. Həmin sözlərdə qalın-incə, neytral-incə sait əvəzlənmələri vardır. Bu səbəbdən də türk dilində həmin sözlərin təbii axıcılığında heç bir maneə hiss olunmur. Bir daha qeyd etmək istəyirik ki, bu dörd sözdə bir hərfi dəyişməklə “ümumtürk dili” yaranmır, amma Azərbaycan dilinə güclü zərbə dəyir.
Bu maddənin, ümumiyyətlə, ləğv olunması və ya aşağıdakı redaktədə verilməsi Azərbaycan dilinin təbiətinə daha çox uyğundur:
22. İncə sait silsiləsi əsasına malik olan bu sözlər tələffüzünə uyğun olaraq [g] hərfi ilə yazılır: əsgər, əsginas, İsgəndər, işgəncə və s.
İkinci iradımız 57-ci maddəyə əlavə edilən 2-ci qeyd və 59-cu maddə ilə bağlıdır. Orada deyilir:
57. ....
Qeydlər ...
2) Azərbaycan Respublikasının Təhsil naziri, Azərbaycan Respublikasının Səhiyyə naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılır.
Həmin qeydə belə bir əlavə etmək məqsədəuyğun olardı:
Səhiyyə naziri və Təhsil naziri kimi vəzifə adları cümlənin ortasında gəldikdə belə vəzifə adını bildirən birinci söz böyük hərflə yazılır, məsələn: Bu gün Təhsil naziri mətbuat konfransı keçirdi.
59. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı söz kiçik hərflə yazılır: Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq şairi və s.
Bu maddəyə də belə bir əlavə etmək məqsədəuyğun olardı:
Əməkdar müəllim, Əməkdar elm xadimi, Əməkdar incəsənət xadimi, Xalq şairi kimi fəxri adlar cümlənin ortasında gəldikdə belə ilk söz böyük hərflə yazılır, məsələn: Bu gün Əməkdar elm xadimi Qəzənfər Kazımov mühazirə oxudu.
Ümid edirik ki, verdiyimiz bu şərhlərdən sonra təkliflərimiz yeni orfoqrafiya qaydalarında nəzərə alınacaq.
852 dəfə oxundu