Cocuq Mərcanlıya 2-ci köç Novruz bayramı ərəfəsində başlayacaq

Cocuq Mərcanlıya 2-ci köç Novruz bayramı ərəfəsində başlayacaq

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yenidənqurma işlərinin ikinci mərhələsi başa çatıb. Kəndə ikinci köçün 2017-ci ilin sonunda reallaşdırılacağı açıqlansa da, hələlik proses dayandırılıb. Bu barədə Modern.az-a məlumat verən Cəbrayılın Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov deyib ki, 2-ci köçün Novruz bayramı ərəfəsində reallaşacağı gözlənilir:

“Artıq kəndə köçürüləcək ailələrin siyahısı da hazırdır. “Kənd öz sakinlərini gözləyir. Ötən ilin dekabrında açılış olacaqdı. Amma müəyyən səbəblərdən, xüsusilə də hava şəraitilə bağlı açılış olmadı. İlkin olaraq, əsasən Bakı və Bakıətrafı qəsəbələrdə, yarımçıq tikililərdə, uşaq bağçalarında, məktəblərdə məskunlaşan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub”. Qəsəbədə 100 ev, poçt binası, İcra nümayəndəliyinin inzibati binası, xəstəxana, uşaq bağçası hazır vəziyyətə gətirilib, işıq, qaz, su xətti çəkilib”. X.Zeynalov daha 100 sakinin tezliklə öz yurduna qayıdacağını vurğulayıb.

Qeyd edək ki, ilkin mərhələdə 10 hektar ərazidə tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb, ümumi sahəsi 3850 kvadratmetr olan 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib.


Növbəti mərhələdə 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılıb. 17 hektar ərazidə inşa edilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
865 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...