Hava pisləşəcək, bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bakı və Abşeron yarımadasında mayın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 22-26, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mayın 8-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) günəşli hava şəraiti müşahidə olunacaq, zəif cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 14-16 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) günəşli hava şəraiti müşahidə olunacaq, zəif cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 17-18 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 13-18, gündüz 28-33, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir. Mayın 8-i axşam qərb rayonlarından başlayaraq mayın 11-dək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var.
988 dəfə oxundu