Peterburqda azərbaycanlılar kütləvi şəkildə “hamilə” rus qadınları ilə evlənirlər
Araşdırma aparılır. Rusiyanın Sankt-Peterburq şəhərinin Prokurorluğu şəhərin Petrodvorets rayonunun VVAQ idarəsinin saxta nikahların qeydiyyatdan keçirməsindən şübhələnib. Oxu.Az xəbər verir ki, bu barədə www.neva.today məlumat yayıb. Peterburq prokurorluğu VVAQ rayon şöbəsini Rusiya vətəndaşları və xaricilər arasında saxta nikah bağlaması ilə əlaqədar yoxlayır. Belə ki, Petrodvorets rayonunun VVAQ şöbəsində xeyli sayda beynəlmiləl nikahların bağlanmasını müşahidə edib.
Statistikaya müvafiq olaraq, Peterburqda orta hesabla 20 faiz qarışıq nikahlar bağlanılır. Rusiyanın şimal paytaxtının müxtəlif rayonlarının VVAQ statistikası qarışıq nikahlara görə eyni səviyyədədir, amma etrodvorets rayonunda hələ bu ilin əvvəlindən xarici vətəndaşlarla bağlanılan nikahların sayı nəzərəçarpacaq dərəcədə artıb. Prokurorluğun diqqətini Petrodvoretsdə müxtəlif dövrlərdə qarışıq nikahların göstəricisinin 32-48 faiz olması çəkib.
Bu nikahların bağlanmasının təfərrüatları da şübhəlidir. Marginal tərcümeyi halı olan qadınlar (əsasən də 30-dan çox yaşı olan Kupçino sakinləri) VVAQ-a müraciət edərək, hamiləlik haqqında saxta sənəd də təqdim ediblər. Həmin sənədə əsasən vətəndaşın nikahı elə müraciət etdiyi gün qeydə alına bilər.
Bəylər isə əsasən Peterburqa bu yaxınlarda gəlmiş Azərbaycan vətəndaşları olub. Rusiya vətəndaşı ilə nikah bağlamaq xarici vətəndaşa az bir müddət ərzində (toydan 3 il sonra) Rusiya vətəndaşı olmaq, buna qədər isə xüsusi icazə almadan işə düzəlmək imkanı verir. Federal Miqrasiya Xidmətindən bildiriblər ki, hal-hazırda xarici vətəndaşın Rusiyada vətəndaşlıq alması üçün ən populyar üsul nikahdır. KİV-nin məlumatına əsasən, xarici vətəndaşlar üçün saxta bəy və gəlin təqdim edən nikah agentlikləri və agentləri mövcuddur. Müqavilə üç il müddətinə bağlanılır (bu müddətdən sonra vətəndaşlıq üçün müraciət etmək olar). Saxta nikahın bir ili müştəriyə 100 min rubla başa gələ bilər.
Prokurorluq saxta nikahı poza bilər – məhkəmə mütəmadi olaraq belə cütlükləri boşandırır. Saxta nikah pozulduqdan sonra xarici vətəndaş üçün yaşayış və vətəndaşlığa dair bütün imtiyazlar dayandırılır.
1 147 dəfə oxundu