DİQQƏT: Bu mesajlara uymayın!
Son zamanlar “Azərpoçt” MMC-nin köhnə loqosu ilə qurumun adından vətəndaşların mobil telefonlarına saxta mesajlar daxil olur.
“Azərpoçt” MMC-dən Minval.info-ya verilən məlumata görə, mesajların mövzusu təxminən belədir: “”Təbriklər! Siz “İphone X” və ya “Hədiyyə Kartı” udmaq şansını qazanmaq üçün tərəfimizdən seçilmiş 10 istifadəçidən birisiniz!”.
Mesajda deyilənləri icra edən vətəndaşlardan bank kartının nömrəsi tələb olunur və daha sonra guya udulan hədiyyənin vergi hissəsini ödədikdən sonra, hədiyyəsini ala biləcəyi qeyd edilir. Beləliklə, mesajda deyilənlərə aldanan vətəndaşların bank kartlarına daxil olub, hesablarındakı bütün vəsait mənimsənilir.
Problemlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC və Elektron Təhlükəsizlik Xidməti araşdırmalara başlayıb.
Elektron Təhlükəsizlik Xidməti bu cür hallarla rastlaşan vətəndaşların nəzərinə çatdırır ki;
İnternetdən istifadə zamanı, veb-brauzeriniz sizi www.yetill.com saytına yönəldirsə, bu o deməkdir ki, sizin mobil qurğu və ya kompüter zərərli proqramla (adware) yoluxub.
Bu halda telefonunuza www.yetill.com saytından arzu olunmayan “pop-up” reklamlar gəlir, eyni zamanda zərərli proqramlar yüklənir. Bundan başqa, siz www.yetill.com saytına yönləndirildiyiniz zaman reklam banerində “Əgər 18+ yaşınız varsa kliklə” mesajı ilə bu saytdakı bildirişlərə abunə olmağınız istənilir. Əgər “İcazə ver” düyməsini “klik”ləsəniz, brauzerinizin bağlı olmasına baxmayaraq, saxta “pop-up” reklamları mobil qurğunuzun ekranında və ya kompüterinizin işçi masasında (desktop) görünməyə başlayacaq.
www.yetill.com istifadəçinin internet brauzerindən IP ünvanı, veb brauzerinin versiyası, istifadəçinin ölkəsi və s. kimi müxtəlif məlumatları oxuyur.
Məqsəd böyük məbləğli pullar və ya uduşlar vəd edərək istifadəçiləri aldatmaqdır.
Probelmin həll olunması üçün:
– “Windows” İdarəetmə panelindən istifadə edərək, son yüklənilən zərərli (xəbərəniz olmadan) proqramları kompüterinizdən təmizləyin.
– “Chrome” və ya digər brauzerlərin tənzimləmələr bölməsindən www.yetill.com-dan olan uzantıları (extension) silin. Əgər brauzerinizdəki uzantılardan hansının zərərli olduğunu bilmirsinizsə, bu halda bütün uzantıları silməyiniz tövsiyə olunur.
Mobil telefonunuzu və ya kompüterinizi etibarlı (lisenziyalı) antivirus proqramı ilə yoxlayın ( scan edin) və viruslardan təmizləyin.
685 dəfə oxundu