Daşkəsəndə “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi müzakirə təşkil edib

Daşkəsəndə “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi müzakirə təşkil edib


Avqustun 29-da Daşkəsəndə Qadınlar Arasında Həmrəylik İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə “Hasilat sənayesində şəffaflıq prosesi və hesabatı ilə bağlı ictimai müzakirələrin təşkili” layihəsi çərçivəsində ictimai müzakirə keçirib.
Müzakirədə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev, Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov, layihənin eksperti Xalid Kazımov, fəal gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Giriş nitqi söyləyən Elmar Əliyev ölkəmizdə görülən işlər barəsində, o cümlədən də hasilat sənayesində şəffaflığın təmin edilməsi məqsədilə ictimaiyyətin hər zaman məlumatlandırıldığını vurğulayaraq qeyd edib ki, Daşkəsən sənaye rayonu olduğu üçün sözügedən layihənin rayonumuzda da icrası təsadüfi xarakter daşımır.
Sonra çıxış edən layihənin eksperti Xalid Kazımov məruzəsində deyib ki, Azərbaycan mədən hasilatı üzrə şəffaflıq təşəbbüsü sahəsində bir çox ilklərə imza atan ölkələr sırasındadır. Belə ki, Azərbaycan hasilat sənayesində ən yüksək şəffaflığı təşviq etməklə beynəlxalq təşəbbüsləri həmişə dəstəkləmiş, 2003-cü ildə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə (MHŞT) qoşulmuş, 2005-ci ildə dünyada MHŞT üzrə hesabatı ilkin olaraq çap etmiş, 2009-cu ildə tamhüquqlu üzv ölkə statusunu qazanmışdır. Lakin 2016-cı ildən MHŞT çərçivəsində Azərbaycana qarşı qərəzli yanaşmaların və ikili standartların tətbiq olunmasının başlanması səbəbindən həmin ilin martın 9-da Kolumbiyanın paytaxtı Boqota şəhərində MHŞT beynəlxalq idarə heyətinin 36-cı iclasında Azərbaycanın MHTŞ-də fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilmişdir. Həmin qərarla bağlı Azərbaycan hökuməti bəyan etmişdir ki, ölkəmiz MHŞT-nin prinsiplərini deyil, bir təşkilat kimi MHŞT-ni tərk edir və Azərbaycan bundan sonra da mədən hasilatında şəffaflığın tətbiq olunmasına sadiq qalacaqdır.
Xalid Kazımov onu da qeyd edib ki, 2017-ci ilin aprelin 5-də möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalanmışdır. Fərmana müvafiq olaraq Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılmış və Azərbaycan mədən hasilatında şəffaflığın tətbiq olunmasına sadiq qaldığını nümayiş etdirərək öz milli hesabatlılıq modelini yaratmışdır.
Digər çıxış edənlər də ölkəmizdə tətbiq edilən hasilat sənayesində hesabatlılığın təmin edilməsi sisteminin özünəməxsus mütərəqqi özəllikləri və üstünlükləri barədə məlumatlar veriblər.
Sonda müzakirələr aparılıb və iştirakçıları maraqlandıran müxtəlif səpkili suallar cavablandırılıb.

Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

Elmar VÜQARLI
Azərbaycan Yazıçılar Birliyinin üzvü



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
865 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...