Əsrlərin sualı – “Qurbanlıq kim olub, İsmayıl yoxsa, İsaq ?”
Varislik arzusunda olan və “Peyğəmbərlərin atası”sayılan, 99 yaşlı Ibrahim (Abram, Avraam) Allaha dua edir ki, ona bir övlad versin. Bu zaman Həzrəti Cəbrayıldan (xristian mənbəələrində Арха́нгел Гаврии́л) vəhy gəlir: “Get evinə, muradına çatacaqsan.” Arvadı Sara (Sarra) bunu cəfəngiyyat hesab edir və İbrahimi əmin edir ki, əgər onun kənizi Həcərdən (Hagar, Aqar) övladı olarsa, onu öz övladı hesab edəcək. Belə də olur. İbrahimin Həcərdən oğlu İsmayıl (İzmail) doğulur. Bir müddət sonra isə Sara da bir övlad dünyaya gətirir.
Bu zaman artıq Saranın 89 yaşı vardı. Təəccüb və gülüş içərisində uşağın adını İsaq ( İsaak, İsxak-gülüş mənasındadır) qoyurlar.
İllər keçdikcə İbrahimin İsmayıla daha çox diqqət və mehribançılıq göstərməsi Sarada qısqanclıq yaradır. Gələcəkdə varis olacağından və peyğəmbəri kənizdən olan İsmayılın əvəz edəcəyindən ehtiyatlanaraq, ərindən onların hər ikisini mötəbər ailədən uzaqlaşdırmağı və nəhayətsiz səhrada azdırmağı tələb edir. Çarəsiz qalan qoca Həcər və İsmayılı aparıb hazırda Məkkə adlanan susuz qumsallıqda tənha buraxaraq kor-peşman evinə qayıdır. Bu zaman, Allahın bərk qəzəbləndiyi barədə Cəbrayıldan vəhy gəlir, əməlinin qarşılığında və günahının yuyulması müqabilində övladını qurban verməsi barədə şərt qoyulur. Allah rizası naminə övladını qurban verməyə hazır olan İbrahim Allah tərəfindən bağışlanılır.
Sonradan arvadın sözü ilə etdiyi əmələ görə səhvini başa düşən İbrahim nə qədər təkid etsə də Həcər və oğlu İsmayıl artıq geri qayıtmır. Naəlac qalan İbrahim onların qumluq küləklərindən qorunması üçün hazırkı ziyarətgaha çevrilən, “Allahın evi” adlandırılan Kəbəni inşa edir, Yaradan isə bu məbədgaha hazırda Məkkə şəhərində, Məscidül-həramın ərazisində, İslam dininin ən müqəddəs yeri sayılan Kəbədən 20 metr şərqdə yerləşən əfsanəvi "Zəm-zəm" bulağını bəxş edir.
“Quran”a əsasən İbrahim yuxuda olarkən Mələk Cəbrayıl ona oğlunu qurban verməsi barədə Allahdan tapşırıq olduğunu bildirir. Baxmayaraq ki, Quranda oğlanların hər hansı birinin adı çəkilməsə də rəvayətlərdə əsasən İbrahimin böyük oğlu İsmayıl nəzərdə tutulur. Tövratda (Bibliya) isə İslamdan fərqli olaraq bildirilir ki, İbrahim günahını yumaq üçün Mina dağına çıxıb kiçik oğlu İsaqı qurban verməyə hazırlaşarkən Allah elə edir ki, bıcaq kəsə bilməsin və qurbanlıq qoyunla əvəzlənir... Beləliklə İbrahim Allahın sınağından bu yolla çıxır.
Sonralar İsmayıldan törənən nəsil müsəlmana, İsaqdan törənənlər isə yəhudilərə çevrilmiş olurlar. Xeyli sonralar isə xristianlığın mərkəzi fiquru İsa (İisus) erası başlayır. Müsəlmançılığın əsasını qoyan Həzrəti Məhəmmədin üçüncü babası Bəni-Haşim Məhəmmədin adı ilə bağlı olan peyğəmbərin mənsub olduğu Haşimilər sülaləsinin kökləri məhz İsmayıla gedib çıxır. O ki, qaldı qurbanlığın kimin-İsmayılın yoxsa, İsaqın seçilməsinə bu məsələ hələ də əsrlərin sualı olaraq qalır.
İlahiyyat məsələlərinə “baş vurduğuma” görə üzürlü sayın...
Nadir Israfilov
825 dəfə oxundu