Bakı metrosu bu axşam gücləndirilmiş rejimdə işləyəcək
Bu gün Bakıda keçiriləcək Azərbaycan və Kosova milli futbol komandalarının qarşılaşması ilə bağlı Bakı Metropoliteni gücləndirilmiş iş rejimində işləyəcək. Bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədovun sözlərinə görə, oyun başa çatana qədər azarkeşlərin təhlükəsizliyini təmin etmək üçün metropolitendə bütün tədbirlər görüləcək: "Futbol başa çatandan sonra sərnişinlərin ünvana təhlükəsiz çatması üçün bütün tədbirlər görülüb. Bununla bağlı xüsusi tədbirlər planı hazırlanıb. Sərnişinlərin əsas sıx olduğu "Koroğlu" stansiyasına təhlükəsizliyi gücləndirmək üçün əlavə qüvvə cəlb ediləcək".
Metropoliten rəsmisi bildirib ki, stansiyalarda sıxlıq olmaması üçün əlavə qatarlar da hazır vəziyyətə gətirilib: "Əlavə qatarlar hazırlanıb. Əgər sərnişin sıxlığı olarsa, həmin qatarlar dərhal xəttə buraxılacaq və bu da qatarlar arasında intervalın azalmasına səbəb olacaq".
Xatırladaq ki, bu gün saat 20:00-da Bakı Olimpiya Stadionunda Millətlər Liqası çərçivəsində "Azərbaycan-Kosovo" milli yığma komandaları qarşılaşacaq.
781 dəfə oxundu