Baş redaktor: “Biz kibercinayətlə üz-üzə qalmışıq”
“Bir həftədir ki, normal fəaliyyət göstərməyə imkan vermirlər. Biz kibercinayətlə üz-üzə qalmışıq”
Bu sözləri Azinforum.az saytının baş redaktoru Məhəmmədəli Qəribli bildirib.
Onun sözlərinə görə, saytın texniki heyəti bu məsələni araşdırdıqdan sonra məlum olub ki, sayt DDOS deyilən bir hücuma məruz qalıb:“Hücumun kimin tərəfindən və ya hansı yazılara görə edildiyini hələlik dəqiqləşdirə bilməmişik, ancaq bu istiqamətdə iş aparılır. Qeyd edim ki, biz ötən il də bənzər hücuma məruz qaldıq və nəticədə saytın bazasında olan bütün yazıları itirdik”. “Hücumun kim tərəfindən edilməsi ilə bağlı ilkin ehtimallarınız varmı” sualına baş redaktor belə cavab verdi:
“Bu olduqca ciddi məsələdir. Kibercinayətkarlıq hazırda bütün dünyanı narahat edən problemdir və xüsusilə ağır cinayət növü kimi təsnifatlandırılır. Bu baxımdan da, kimisə ehtimal əsasında bu əməldə təqsirli saymaq bir qədər ağır ittiham olar. Üzləşdiyimiz problemin daha dəqiq araşdırılması üçün biz dövlətin əlaqədar qurumlarından kömək gözləyirik. Bununla bağlı rəsmi şəkildə müraciət etməyi də planlaşdırırıq”.
Məhəmmədəli Qəribli Azinforum.az-ın daima milli və dövləti maraqları qoruyan bir resurs kimi fəaliyət göstərdiyini bildirdi: ” Təbiidir ki, məmur özbaşınalıqlarına dair faktlar, müəyyən sahələri əhatə edən neqativliklər də tərəfimizdə sərt tənqid edilirdi. Bu baxımdan da, fəaliyyətimiz kimlərinsə xoşuna gəlməyə bilər və biz bu halı təbii qəbul edirik. Ancaq seçilən yol normal mübarizə üsulu sayılmır. Tam qanun çərçivəsində fəaliyyət göstərdiyimiz səbəbindən bizimlə yalnız qanuni üsullarla mübarizə aparıla bilər. Seçilən bu cinayət yolu, eyni zamanda, ölkənin informasiya təhlükəsizliyilə bağlı imicinə də mənfi təsir göstərir. Biz bu “özfəaliyyətin” dayandırılmasını tələb edirik”.
Sonda M.Qəribli jurnalist həmkarları və Mətbuat Şurasından da məsələni diqqətdə saxlamağı xahiş etdi.
1 184 dəfə oxundu