Baş redaktor seçkiyə qatılmaq haqqında: “Dövlətini sevən hər kəs yeniləşməyə öz töhfəsini verməlidir”
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 5 dekabr tarixli sərəncamı ilə ölkədə növbədənkənar parlament seçkiləri 2020- ci il fevralın 9-na təyin edilib.
Qeyd edək ki, beşinci çağırış parlamentin buraxılması barədə qərar Milli Məclis üzvlərinin 2 dekabr tarixli müraciəti və Konstitusiya Məhkəməsinin 4 dekabr tarixli qərarı əsasında qəbul edilib. Erkən seçkilərin təyin olunması cəmiyyətdə siyasi aktivliyi artırıb. Siyasi təşkilatlarda seçki hazırlıqları sürətlənib. Ölkənin bir sıra tanınmış media nümayəndələri də seçkiyə qatılacağını bidlirib.
“Cümhuriyət” qəzetinin baş redaktoru, Cebhe.info xəbər portalının direktoru Rəfail Becanov Yenicag.az-a açıqlamasında bildirib ki, seçkiyə qatılmaq haqqında düşünür.
Baş redaktor açıqlamasında qeyd edib ki, Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin də seçkiyə qatılmaq haqqında qərarı var. Hesab edirik ki, ölkədə gedən sürətli islahatlar fonunda parlamentin tərkibinin dəyişilməsini zəruri hal almışdı:
“Bütün sahələrdə sürətli islahatlar gedir. Hakimiyyətin icraedici qolunda, məhkəmə sistemində bu islahatlar dönməz xarakter alıb. İslahatların hüquqi bazasının davamlılığı üçün hakimiyyətin qanunvericilik sisteminin də yeniləşməyə ehtiyacı vardı. Ölkədə reallaşan islahatlar strategiyasına parlamentin də qoşulması bu islahatların miqyasını genişləndirəcək. Artıq Prezident sərəncam imzalayıb və fevralın 9-da yeni parlamentin yeni tərkibi seçiləcək. Dövlətini sevən hər kəs fəaliyyətini də bu istiqamətdə qurmalı, yeniləşmədə iştirak etməli və öz töhfəsini verməlidir”. R.Becanov deyib ki, seçkilərə qatılmaq niyyəti var: “Parlament seçkilərində iştirak haqqında təbii ki, düşünürəm. Hər zaman amalımız xalqa, dövlətə, yeniliyə xidmət etmək olub. Hesab edirəm ki, indi dövlətçiliyimiz yolunda əlimizdən nə gəlirsə, harada, hansı sahədə bacarığımz varsa, onu ortaya qoymağın zamanıdır. Bu baxımdan özüm üçün müəyyənləşdirdiyim kriteriyalardan biri də parlamentdə təmsil olunmaqdır. Əgər namizəd olsam və seçicilər etimad göstərərsə, indiyə qədər olduğu kimi Vətənə, Dövlətə xidmət edəcək, xalqın xidmətçisi olacağam”.
630 dəfə oxundu