“Harda desələr görüşə hazırıq, təki baş tutsun!” - Dilqəmlə Şahbazın ailə üzvləri
Ermənistanın girov saxladığı Dilqəm Əsgərov və Şahbaz Quluiyevin ailə üzvləri onları həbsxanada ziyarət edə biləcək.
“Azadlıq Radiosu”nun erməni xidmətinin məlumatına görə humanitar aksiya ilə bağlı danışıqlar yekun mərhələyə çatıb.
“Hazırda azərbaycanlı girovların qohumlarının Qarabağa gələrək, onları həbsdə ziyarət etməsinə, eyni zamanda ermənistanlı qohumların qarşılıqlı səfər edərək, Azərbaycanda saxlanılan əsirlərlə görüşü barədə danışıqlar aparılır”.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Şahbaz Quliyevin qardaşı İlham Quliyev qeyd edib ki, belə bir görüş təşkil olunarsa şəksiz getməyə hazırdır:
“Ailədən hamımız qardaşımla görüşmək istəyərik. Yox, bir nəfər desələr, mən gedərəm. Bir il qabaq da belə söhbətlər gəzirdi. Paşinyan demişdi ki, “ailələr gəlsin ziyarət eləsin”. Onda mən demişdim ki, bir ziyarətə gedəni tutub salıblar içəri. İndi yenidən ziyarətə adam dəvət edir?! Amma indiki halda dövlət səviyyəsində olan məsələdirsə, sözsüz ki, qardaşımla görüşə gedəcəyəm”.
D.Əsgərovun Kürdoğlu Əskərov da Modern.az-a belə bir görüşün təşkil ediləcəyi halda, mütləq şəkildə atası ilə görüşə gedəcəyini açıqlayıb:
“Hara desələr, harada desələr atamla görüşməyə hazıram. Təki bu görüş baş tutsun”.
Qeyd edək ki, 2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin hökmü ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanda hazırda erməni hərbçilər Arsen Baqdasaryan, Karen Kazaryan və Araik Kazaryan həbsdə saxlanılır.
599 dəfə oxundu