Azercell “Təhlükəsiz internet” təlimin keçirilməsinə dəstək oldu

Azercell “Təhlükəsiz internet” təlimin keçirilməsinə dəstək oldu
Ölkədə kibertəhlükəsizlik sahəsində maarifləndirmə səviyyəsinin artırılmasını hədəfləyərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı, “Azercell Telekom” MMC, “Kaspersky” şirkətinin dəstəyi ilə ümumi təhsil müəssisələrinin informatika müəllimləri üçün xüsusi təlim keçirilib.

Gundeminfo.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində baş tutan təlimə video-konfrans vasitəsilə Şamaxı, Gəncə, Mingəçevir, Lənkəran, Bərdə və Qəbələ kimi regionlardan müəllimlər qoşularaq, sosial şəbəkələrdən təhlükəsiz istifadə qaydaları, uşaq və yeniyetmələrin üzləşdiyi kibertəhdidlər və onlardan müdafiə üsulları ilə yaxından tanış olublar. Təlimdə 70 ümumi təhsil müəssisəsinin 100 informatika müəllimi iştirak edib.

Qeyd edək ki, virtual dünyada uşaqların təhlükəsizliyinin təmin edilməsini prioritet hesab edən Azercell şirkəti, 2018-2019-cu illər ərzində ölkəminiz müxtəlif bölgələrini əhatə edərək, təhsil müəssisələrində uşaqlar, valideynləri və müəllimlər üçün “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlimlər təşkil edib. Təkcə son 1 il ərzində 588 şagird, 78 müəllim və 76 valideyn kibertəhlükəsizlik mövzusunda maarrifləndirilib. Azercell-in təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bu təlimlərdə “Azərbaycan Müəllim İnkişafı Mərkəzi”nin mütəxəssisləri tərəfindən uşaqlara internetdəki təhlükəli oyunlar, ekstremizm çağırışları, internet təhlükəsizliyi, təhlükəsiz ev mühiti kimi mövzulardan bəhs edilib. Müəllim və valideynlər isə, öz növbələrində, qurğuların kibertəhlükələrdən mühafizəsi, login və parolların kibermüdafiəsi, təhlükəsiz paylaşma üsulları, uşaqlar üçün yaradılmış təhlükəsiz resursların siyahıları və internetdən təhlükəsiz istifadənin əsaslarını öyrədən materiallar ilə tanış olublar.

Xatırladaq ki, Azercell internetdən təhlükəsiz istifadə istiqamətində fəaliyyətini, həmçinin innovativ texnologiyalar vasitəsilə sosial məsuliyyət sahəsində təşəbbüslər ilə də davam edir. Belə ki, ötən il Azercell dünyanın ən məşhur mobil ticarət həlləri təminatçısı DOCOMO Digital ilə "Azercell Kids" (kids.azercell.com) adlı həm təhsil, həm də əyləncə məzmunlu eksklüziv mobil tətbiqi istifadəyə verib. Valideyn nəzarətinə tam zəmanət verən “Azercell Kids” uşaqları yaş filtrasiyası olan populyar rəqəmsal məzmun ilə təmin edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
581 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...