“Babək”in heykəlinin başına açılmayan oyun qalmadı”
Heykəltəraş, Xalq rəssamı Arif Qazıyevin APA-ya müsahibəsi
- Arif müəllim, hələ bir neçə il əvvəl Babəkin heykəlinin 2020-ci ilin mart ayında hazır olacağını demişdiniz. Marta isə sayılı günlər qalıb. Heykəl necə, hazırdırmı?
- Mən bu barədə bir qədər ətraflı danışmaq istəyirəm ki, xalqımıza da nə baş verdiyi məlum olsun. Bu iş hələ Sovetlər zamanında, Heydər Əliyev hakimiyyətdə olduğu vaxt Mədəniyyət Nazirliyi və Bakı Şəhər Soveti tərəfindən mənə həvalə edilmişdi. Sonra Heydər Əliyev Moskvaya getdi, heykəl məsələsinə diqqət edən olmadı və düz 9 il əvvələ qədər uzandı. 9 il əvvəl də Prezident İlham Əliyev Babəkin heykəlinin ucaldılması il bağlı sərəncam imzaladı. Lakin üstündən bu qədər vaxt keçməsinə baxmayaraq, heykəl ucaldılıb başa çatmayıb. Mən hələ altmışıncı illərdə Surikov adına Rəssamlıq Akademiyasını bitirib gələndən sonra xalqımızın qəhrəmanlarının heykəllərini hazırlamağa meyl eləmişdim. Ona görə də hələ o vaxtdan Babəkin obrazını bir neçə formada hazırlamışdım. Onlardan biri əlində məşəl tutmuş Babək heykəli idi. Babəki məşəllə ona görə vermişdim ki, məşəl həm üsyana başçılıq etməyin, həm də atəşpərəstliyin simvoludur. Sonra fikirləşdim ki, məşəlin yanması ekologiyaya pis təsir edəcək. Bakının havası onsuz da çirklidir. Bundan sonra “məşəl” variantından imtina edib, yeni variantlar axtardım. Sonra Babəkin atın üstündə, qılınc-qalxanla fiqurunu hazırladım. Onu çox yerdə bəyənmişdilər. Mənə dedilər ki, atın başını bir qədər dəyişdir ki, yerinə uyğun gəlsin. Yeri də Babək prospektinin başlanğıcıdır. Mən də məcbur olub yeni, iki metrlik modeli düzəltdim. Sonra mənə dedilər ki, Ukraynadan iki nəfər böyüdücü şəxs gətiriblər. Bilirsiniz də, heykəlin kiçik modeldən böyüdülüb gipsdən hazırlanması ilə məşğul olan xüsusi adamlar olur. Onlar heykəltəraşın hazırladığı modelin hər elementini dəfə-dəfə böyüdüb gipsə köçürür, daha sonra gipsin əsasında bürüncdən heykəl tökülür.
- Bu hadisə nə vaxt olub?
- Hardasa 4-5 il əvvəl. Mən həmin adamların işlərini görməmişdim. Üstəlik modeli özümüzünkülərə həvalə etmək istəyirdim, çünki Tokay Məmmədovun “Koroğlu” işini Kiyevdə böyütmüşdülər, fərqli alınmışdı. Gördüm ki, bu ukraynalı böyüdücülər işi düzgün hazırlamırlar, maketi hissələrə bölüb ayrı-ayrı böyüdürdülər. Onlar Babəkin heykəlini tamamilə gipsə tökəndən sonra baxıb gördüm ki, fiqur əyri tökülüb. Amma artıq gec idi, çıxıb getmişdilər.
- Bundan sonra nə oldu?
- İşi bizim böyüdücüyə verdim. Amma onunla qonorar məsələsində razılaşa bilmədik, həm də gördüyü iş keyfiyyətsiz alınmışdı. Heykəlin aşağısı ilə yuxarısı arasında 35 sm əyrilik vardı, mən də onu sökdürdüm.
- Hazırda Babəkin heykəlinin vəziyyəti nə yerdədi, hazırdır?
- Nəhayət, işi həmin adamdan da alıb öz vəsaitimlə başqa ustalara verdim. Hazırda iş demək olar tamamlanıb, gipsdən tökülən fiqur yekunlaşıb, bürünc hissələr tökülür. Yəni ki, “Babək”in heykəlinin başına açılmayan oyun qalmadı.
- Sizin qonorarınız ödənilib?
- Hələ qonorar almamışam, blmirəm nə qədər verəcəklər. Ancaq mən bunu pula görə eləməmişəm. Məqsədim budur ki, təki Babəkin heykəli hazır olsun. Babək elə bir şəxsiyyətdir ki, onun heykəli çoxdan ucaldılmalı idi. Mən o vaxtı Babəki düzəldəndə dəfələrlə Ziya Bünyadovla görüşüb o dövr haqqında maraqlandım. Bundan başqa, mənimlə Əbdül Şəma adlı bir ərəb oxuyurdu. Ondan xahiş elədim ki, IX əsrin ərəb mənbələrində Babəkə aid materiallara rast gəlsə, mənə göndərsin. Onun göndərdiklərini oxuyanda məndə Babək haqqında fərqli təsəvvür yarandı. Ondan sonra gördüm ki, “Babək” filmini çəkənlər milləti biabır ediblər. Mən o filmə baxa bilmirəm. O filmdə Babəkdən zərrə qədər əlamət yoxdur. Babək Cavidan üsyanının davamçısıdır, iki il o üsyanda iştirak edib. Filmdə göstərilib ki, Babək Cavidan öləndən sonra onun arvadını alıb. Amma həyatda elə deyil. Rasim Balayev “Nəsimi”də əla oynasa da, Babəkə yaramırdı, çünki Babəkin boyu 2 metr yarım olub. Bir faktı da deyim, Babək Səhl ibn Sumbatın satqınlığı nəticəsində ələ keçəndə Bağdada qolu qandallı yox, öz atının belində gəlib. Xəlifə də onu hörmətlə qarşılayıb. Bunları mən ərəb mənbələrindən oxumuşam.
- Bizdə Babəkin qəbul olunmuş təsviri var, hər yerdə həmin obrazda göstərilir. Sizin heykəl də ona oxşayır, yoxsa fərqlidir?
- Müəyyən qədər oxşarlıq var. İnsanlar arasında çaşqınlıq yaratmamaq üçün fərqli obraz yaratmadım.
- Yekun tarix deyə bilərsiniz? Babəkin heykəli nə vaxta ucaldılacaq?
- Allah qoysa, may-sentyabr aylarında heykəl tam hazır olacaq.
- Heykəlin hündürlüyü nə qədər olacaq?
- Heykəlin hündürlüyü on metr yarım, postamentin hündürlüyü isə ön tərəfdən hardasa doqquz metrdir. Ümumilikdə 20 metr hündürlükdə olacaq.
- Azərbaycan Rəssamlar İttifaqının İstehsalat Yaradıcılıq Kombinatının müdiri Baloğlan Hüseynov APA-ya açıqlamasında Babəkin heykəlinin Qafqazda ən hündür heykəllərdən biri olacağını demişdi.
- Düz deyir.
- Bəs Tiflisdəki “Müqəddəs Tamara” heykəli? Axı o daha nəhəng görünür, yox?
- “Müqəddəs Tamara” heykəli yerinə görə nəhəng görünür. Ancaq ən böyük heykəl Babəkin olacaq, hündürlüyü hardasa 20 metrdir. Heykəl qoyulan zaman onun ətrafındakı ərazinin quruluşu da nəzərə alınır. Abidə ətrafdakı tikililərlə, binalarla sintez təşkil etməlidir. Ona görə də Babəkin heykəlini həmin yerdə kiçik düzəltmək mümkün deyildi. O, şəhərin içində olsaydı, 5 metr hündürlükdə heykəl bəs edərdi.
- Heykəlin, Babək prospektində, avtomobil yolunun ortasında olması Sizi narahat etmir?
- Heykəl həmin yer üçün uyğundur.
- Bilirsiniz niyə soruşuram? Xətainin heykəli də iki yolun arasında yerləşir. Yaxınlaşmaq olmur, hər an qəza nəticəsində avtomobil heykələ çırpıla bilər. Artıq onun köçürülməsi barədə söz-söhbət gəzir. Nə vaxtsa Babəkin heykəli ilə bağlı da belə bir təhlükə ola bilməz?
- Xətainin heykəlinin yeri əvvəldən düzgün seçilməyib. Ümumiyyətlə, Bakı şəhərindəki heykəllər düzgün qoyulmayıb.
- Niyə?
- Heykəl günəş istiqamətində qoyulmalıdır. Günəş Şərqdə çıxıb, Qərbdə batır, düzdür? Gərək bütün günü onun şüası heykəlin üzərinə düşsün. Gəlin, Nizaminin heykəlini götürək, gündüz 12-ə qədər normal görünüşü var. Maşın dayanacağı olan binanı böyründə tikdilər, indi saat 12-dən sonra heykəl qara siluetə dönür. Və ya Natəvanın heykəlini götürək, yaxşı heykəldir, amma binaların arasında daim qara siluet kimi görünür.
- Belə çıxır bizdə heykəllərin yeri düzgün seçilmir?
- Bəli, düzgün seçilmir. Bircə Əzizbəyovun heykəli günəş istiqamətində düzgün qoyulmuşdu, onu da götürdülər. Heykəlin üzü elə istiqamətdə olmalıdır ki, günəş onun Şərqindən çıxıb Qərbində batsın. Bu qayda pozulsa, heykəlin görünüşü olmayacaq. Hazırda Bakıdakı heykəllərin heç birində bu qayda ödənilməyib.
- Nərimanovun heykəli də bu qaydaya uymur?
- Onda da bu qayda ödənilməyib. Xətainin heykəlini götürün. İndiki yerində düzgün qoyulub? Yox. Xətainin heykəli yaxşı heykəl deyil, halbuki ona gözəl bir abidə qoyulmalı idi. “Xətai”ni o vaxt mən atın üstündə düzəltmişdim, bir əli ilə atın cilovu, o biri ilə fərman tuturdu. Heç postamentdə Xətai yazmağa da ehtiyac yox idi, əlindəki kağızın aşağısını oyub “Xətai” yazmışdım, baxanda bu üzdən o üzü görünürdü.
- Bəs niyə o vaxt Sizin heykəl qəbul edilmədi?
- Bilirsiniz, demək də yaxşı deyil. Mütəllimovun vaxtı, özbaşınalıq dövrü idi. Mənim düzəltdiyimi seçmədilər, mən də hirsimdən gipsdən hazırladığım modeli vurub sındırdım. İndi heyfim gəlir, kaş sındırmazdım.
- Qorxmursunuz ki, nə vaxtsa prospekt genişlənər, Babəkin heykəli də Xətainin aqibətini yaşayar?
- Yox, elə bir təhlükə olmayacaq. Heykəlin yerini elə quraşdırmışıq ki, orada geniş terras olacaq. Bir məsələni qeyd edim ki, Babəkin heykəli uzaqdan baxılası abidədi, yaxından baxanda o qədər effekti verməz.
- Babəkin heykəli Sizin dediyiniz qaydaları ödəyir?
- Babəkin heykəli elədir ki, günəş əgər səhər altıda çıxırsa, saat doqquza qədər artıq o biri tərəfinə keçir və bütün günü abidəni işıqlandırılır, siluet olmur.
- Bizdə heykəllərin çoxu şəhərin mərkəzində, özü də bir-birinə yaxın ərazilərdə qoyulub. Sizcə, bu düzgün yanaşmadırmı? Sabirlə Nizaminin heykəli yaxındır, bir qədər aralıda isə Natəvanın heykəli ucalır. Yazıçı Anar isə təklif edib ki, Mirzə Cəlilin heykəli də Sabirin heykəlinin yanında qoyulsun.
- Bu, düzgün deyil. Hər bir heykəlin öz sferası olmalıdır. Hamısını bir yerdə ucaltmaq olmaz. Məsələn, götürək Tağıyevin heykəlini. Mən o heykəlin “İçərişəhər” metrosunun qarşısında qoyulmasına heç razı deyiləm. Onun yeri Kukla Teatrının qarşısında, fəvvarə olan yerdədir. Onu şəhərin ağası kimi kreslosunda oturmuş vəziyyətdə təsəvvür edirəm. Özü də gərək Tağıyevin heykəli böyük olardı. Təqsir heykəltəraşda deyil. Elə yer seçilməli idi ki, heykəli böyük düzəltmək üçün də imkan olsun. Ümumiyyətlə, Azərbaycanda monumental heykəltəraşlığı hiss edən iki heykəltəraş var: Calal Qaryağdı və Mirəli Mirqasımov. Mirəlinin Cəfər Cabbarlı heykəli görürsünüz necə möhtəşəmdir?
- Arif müəllim, heykəlləri müqayisə etmişkən, Fuad Əbdürrəhmanovun müəllifi olduğu Səməd Vurğun heykəli necədir?
- O qədər də yaxşı deyil, nə yalan deyim. Adam gərək haqla danışsın. Tokay Məmmədovun “Səməd Vurğun”u kimi “Səməd Vurğun” abidəsi yoxdur. Hazırda Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyindədir, gedib baxa bilərsiniz. Bax, əsl “Səməd Vurğun” ordadır.
- Arif müəllim, hazırda Bakıda mərkəzi rayonunun yaradılması təklifi var. Bilmək istəyərdim, şəhərin quruluşu və memarlığı ilə bağlı Sizin hansı təklifləriniz var?
- Biz şəhərin mərkəzini bulvara gətirib çıxarmışıq. Halbuki bulvar Bakının mərkəzi deyil. Mənim təklifim belədir ki, Bakının mərkəzi mikrorayonlar tərəfə köçürülməli və ordan prospektlər günəş şüası kimi bulvara tərəf uzanmalıdır, prospektləri isə perpendikulyar küçələr kəsməlidir. Onda şəhərdəki heykəllər də qayda-qanunla qoyular. 90-cı illərdə Kirovun heykəli götürüləndə “Baksovet”də iclasda çıxış edib bildirdim ki, onun yerinə başqa heykəl qoymaq düzgün deyil. Ora elə bir yerdir ki, ya simvolik forma dayanmalıdır, ya da simvolik abidə ucaldılmalıdır. Mən təklif etdim ki, Dağüstü Parkda Abşeronun özünün Qızılqaya daşından əzəmətli bir məscid tikilsin, azan veriləndə bütün Bakı azan səsinin altında qalsın.
- Orada türklərin tikdiyi məscid var.
- Türklərin tikdiyi məscid cılızdır, bəyənmirəm. Bundan başqa, təklif etmişdim ki, Şəhidlər Xiyabanının qarşısındakı dairədə qərənfil gülü abidəsi ucaldılsın. Bununla bağlı eskizim də var. Qərənfil gülünün budaq hissəsi bürüncdən - bürünc qaldıqca yaşıl rəngə çalır - çiçəyi isə qırmızı şüşədən olacaq, hər iki tərəfində isə qara qranitdən lövhə dikələcəkdi. Günəş çıxanda qərənfilin ləçəyi qara qranitin üzərinə qırmızı işıq salacaq, elə bil ki, qan axır.
- Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinə təklif vermisiniz?
- Mən bu layihəni Eldar Əzizova o hələ Sumqayıtın başçısı olduğu vaxtlarda təqdim etmişdim. Çox bəyənmişdi.
- Bizim qəhrəmanlardan daha kimlərin heykəlini hazırlamaq istəyərdiniz?
- Tağıyevin heykəlinin müəllifi heykəltəraş Xanlar Əhmədovla Cavad Xanın heykəlini hazırlamışıq. O heykəl Bakıda, Cavad Xan küçəsində ucaldılmalıdır, hələ ki, qalıb.
- Siz Zivər bəy Əhmədbəyovun da heykəlini hazırlamısınız. Amma nədənsə Sizin yox, Natiq Əliyevin düzəltdiyi heykəl ucaldılıb.
- Onu mən düzəltməli idim. Sadəcə, o dövrdə vəzifədə olan bəzi adamlar mənimlə intriqa aparırdılar deyə, imkan vermədilər.
- Bəlkə Sizin iş bəyənilmədiyi üçün seçilməyib?
- Yox, elə olmayıb. Mən demirəm ki, Natiq pis heykəltəraşdır, o, mənim tələbəm olub. İş orasındadır, Natiq heykəli bir ayağı uzun, bir ayağı qısa düzəldib. Özü də onun obrazı məni açmır. İnşallah, qismət olsa, Şamaxı üçün Zivər bəyin heykəlini mən eləyəcəm. Orda əlində şəhərin proyekti olan Zivər bəy fiquru olacaq.
- Bakıda daha hansı işləriniz var?
- Bakıda mənim hazırladığım xatirə lövhələri var: Sabit Rəhmanın, Ağasadıq Gəraybəylinin, Əziz Əliyevin və başqalarının xatirə lövhələrini mən düzəltmişəm.
- Bəs heykəl?
- Heydər Əliyevin Azərbaycan Kooperasiya Universitetinin həyətindəki heykəlini mən düzəltmişəm. Bakıxanov küçəsindəki parkda İkinci Dünya Müharibəsinə həsr olunmuş qaranquş simvollu abidə də mənim idi. Sonradan onu başqa tərəfə köçürüb yerində Atatürkün heykəlini ucaltdılar.
- Belə çıxır monumental işləriniz yoxdur?
- Yox. İlk işim Babək olacaq. Mənim işlərim, əsasən, fərdi kolleksiyalarda - Amerikada, İsraildə, Kanadada, Almaniyada, Avstriyada və başqa ölkələrdədir.
- Bu vaxta kimi Bakıda Sizin işlərdən ibarət heykəllərin qoyulmağına niyə imkan verilməyib?
- Bilirsən, mən həmişə üsyankar, sözü üzə deyən olmuşam, ona görə də çox vaxt qabağımı kəsiblər. Bax, o vaxt Brejnevin yubileyi şərəfinə Moskvada sərgi olmalı idi. Bizim heykəltəraşların çoxu Brejnevin heykəlini, büstünü düzəltmişdi. O, vaxt Mərkəzi Komitəsinin İdeoloji məsələlər üzrə katibi olan Həsən Həsənov bir qrup rəssam və heykəltəraşı dəvət elədi. Orda dedim ki, mən Brejnevin heykəlini düzəltməyəcəm və otaqdan çıxdım. Tahir Salahov da dalımca çıxıb dedi ki, Arif, bura Mərkəzi Komitədir, niyə belə edirsən? Ona cavab verdim ki, mən Brejnevin heykəlini düzəltməyəcəm, məni niyə məcbur edirsiniz? Bundan sonra emalatxanama gəldim. Orda bu boyda (qarşısındakı stolu göstərir) mərmər vardı. Mərməri dəzgaha quraşdırıb xeyli baxdım ki, ondan nə eləmək olar? Və həmin mərmərdən birbaşa, eskizsiz-filansız “Tarla gözəli” adlı bir fiqur yondum. Fiqurun saçlarını elə vermişdim ki, yaxından baxanda pambıq qozalarına, uzaqdan isə saça oxşayırdı. Həmin iş cəmi bircə gün Bakıda qaldı. Moskvadan sərgi üçün gələn xüsusi qrup Brejnevə həsr olunmuş bir dənə əsər götürmədi, yalnız mənim “Tarla gözəli”mi apardı. Sərgidən sonra ruslar o işi Azərbaycana qaytarmadılar, Şərq Sənətləri Muzeyinə verdilər. Bundan başqa, mənim üç çobandan ibarət “Qafqaz qartalı” və “Cəngi” işlərimi Heydər Əliyev sərgidə görüb çox bəyənmişdi, hətta göstəriş vermişdi ki, həmin işlər böyük ölçüdə Azərbaycanda quraşdırılsın. Sadəcə, ondan sonra Heydər Əliyev Moskvaya getdi, burdakılar da imkan vermədilər ki, bu işlər Azərbaycanda qoyulsun.
621 dəfə oxundu