Yeni icra başçısı baş redaktoru cərimələtdi

Yeni icra başçısı baş redaktoru cərimələtdi


Neftçala Rayon İcra hakimiyyətinin başçısı Mirhəsən Seyidov Bizimxeber.az saytını 3000 manat cərimələdib.

Bu barədə Yenisabah.az-a saytın baş redaktoru Ədil Hüseynli məlumat verib. Onun sözlərinə görə, Mirhəsən Seyidov icra başçısı vəzifəsinə yeni təyin ediləndə barəsində tənqidi yazı verilib. “Sonradan icra hakimiyyətinə yaxın şəxslər zəng vuraraq yazıda qaldırılan problemin həllini tapacağını bildirdilər və materialın saytdan çıxarılmasını xahişl etdilər. Əks təqdirdə məhkəməyə verəcəklərini dedilər. Biz də hesab etdik ki, əgər problem həllini tapırsa o zaman qarşıdurmaya getməyək. Beləliklə, yazını çıxardıq. Amma bundan sonra icra hakimiyyəti bizi məhkəməyə verib, saytda olmayan yazıya görə 20 000 manat təzminat və təkzib tələb ediblər. Neftçala Rayon Məhkəməsi də saytımızı 3000 manat cərimələyib”, - deyə baş redaktor bildirib.

Ədil Hüseynli əlavə edib ki, icra başçısının bu addımı söz və mətbuat azadlığına qarşı çıxmaqdır: “Məqsədi bizi susdurmaq, rayonda baş verənlər barədə yazılmasının qarşısını almaqdır. Amma olmayacaq. Problem harda var, biz orda olacağıq. Eyni zamanda məhkəmənin ədalətsiz qərarını ləğv etdirmək üçün hüquqi müstəvidə mübarizəmizi davam etdirəcəyik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
797 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...