Qarabağda təbii qaza nə qədər ehtiyac var?
Azərbaycanın işğaldan azad olunmuş Qarabağ ərazisində təbii qaza illik tələbatın ilkin olaraq 200 mln. kubmetr civarında olacağı proqnozlaşdırılır.
Azərbaycan Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, işğaldan azad olunmuş ərazilərə dair ilkin planlaşdırma işlərinə artıq başlanılmış və yeni magistral qaz kəmərlərinin ilkin istiqamətləri müəyyənləşdirilmişdir. Belə ki, Böyük Bəhmənli-Füzuli-Hadrut-Şuşa, Azad Qaraqoyunlu-Ağdam, Horadiz-Cəbrayıl-Zəngilan-Qubadlı-Laçın, Goranboy-Kəlbəcər istiqamətində kəmərlərin çəkilməsi planlaşdırılır.
Məlumata görə, bu qaz kəmərləri bölgədəki yeni sosial-iqtisadi hədəflərə görə nəzərdə tutulur. Həmçinin azad olunmuş hər bir rayonda müxtəlif iqtisadi sahələrin inkişaf imkanları araşdırılır. Bununla yanaşı, işğal və müharibə dövründə dağıdılmış, viran qoyulmuş şəhər və qəsəbələrin baş planlarının da olması mühüm şərtlərdəndir. Bəzi yerlərdə sıldırım dağlıq ərazilərə qaz kəmərlərinin çəkilməsinin müəyyən çətinlik yaradacağı şəksizdir.
"Lakin "Azəriqaz” İB son illər ərzində bu məsələdə xeyli təcrübə toplayaraq yüksək dağlıq ərazilərdəki məskənlərin təchizatını təmin edə bilir. Hesablamalara görə azad olunmuş Qarabağ ərazisində təbii qaza illik tələbatın ilkin olaraq 200 mln. kubmetrədək olacağı proqnozlaşdırılıb", - nazirlikdən bildirilib.
563 dəfə oxundu