İTV-nin əməkdaşı koronavirusdan 3 ailə üzvünü itirib
İctimai Televiziyanın operatoru Zaur Hüseynov koronavirus infeksiyası nəticəsində üç yaxınını –anasını, bacısını və bacısının həyat yoldaşını itirib.
Pravda.az xəbər verir ki, Z. Hüseynovun sözlərinə görə, ailənin yoluxmasına səbəb bacısının COVID-19 xəstəsi ilə maskasız görüşməsidir: “Bacım blokda koronavirus xəstəsi ilə görüşüb. Həmin adam da maskasız olub, bacım da maska taxmayıb. Onunla da virusa yoluxub. Təcili tibbi yardım avtomobilində xəstəxanaya çata-çatda vəfat etdi... Bacımın həyat yoldaşı da astma xəstəsi idi, o da rəhmətə getdi. Biz bacımın ölməsini anamdan gizlədirdik, heç kim də ürək eləmirdi deməyə. Axır mən gedib anamı gətirdim və dedim ki, bacım artıq bizimlə yoxdur...”
Z. Hüseynovun sözlərinə görə, 14 gün keçəndən sonra anası da öskürməyə başlayıb.
“Dedik birdən sən də koronavirusa yoluxarsan. Tez özəl klinikada analiz verdik, koronavirus çıxdı, başladıq müalicəyə. Bir gün axşam gördüm ki, nəsə yaxşı nəfəs almır. Həmin gün gedib KT elətdirdik, məlum oldu ki, ciyərlərinin 50-60 faizi tutulub. Mən də yoluxmuşdum, məndə tutulma 5-10 faiz idi. Anamın saturasiyasını ölçdük, gördük 45-dir. Qandurulducu iynə vurdum, halı bir az düzəldi. Süni tənəffüs aparatına qoşdular. Aparatda 8 gün qaldı, çıxmadı...”
Z. Hüseynov şükür edir ki, onun yaxınları istifadə edə bilməsə də, artıq bu virusun vaksini tapılıb: “Mənim rəhmətə gedən bacım çox arzulayırdı ki, vaksin çıxsın, tez gedib vurdursun. Birinci növbədə maska kömək olur, maska taxmaq mütləqdir. Biz dua edirik ki, bu bəla dünyadan keçsin”.
791 dəfə oxundu