Erməni şərhçi separatçı rejimə yardımlar edib
“Arustamyanın Bakıdakı oyunlara akkreditasiyasının bloklanması qətiyyən onun etnik mənşəyi ilə bağlı məsələ deyil”.
Bunu “Report”a açıqlamasında Qol.az saytının baş redaktoru, əməkdar jurnalist Aydın Bağırov Rusiyanın “Matç TV” telekanalının şərhçisi Nobel Arustamyanın AVRO-2020-nin Bakıdakı oyunlarına akkreditasiya ala bilməməsinin səbəbi barədə danışarkən deyib.
O bildirib ki, indiyədək Azərbaycanda keçirilmiş böyük idman yarışlarında Ermənistan həm komanda şəklində təmsil olunub, həm də erməni idmançılar müxtəlif ölkə yığmalarının tərkibində iştirak edib:
“Hətta burada mükafat da qazanıblar. Yəni, onların buraya gəlişi ilə bağlı heç bir problem olmayıb, dövlət onların təhlükəsizliyinə yüksək səviyyədə təminat verib, iştiraklarına şərait yaradıb”.
Bağırov Arustamyanın akkreditasiyasının bloklanmasının Azərbaycanın bir vaxtlar işğal altında olan ərazilərinə qanunsuz səfəri ilə bağlı olduğunu söyləyib:
“Bu günədək bir çox xarici ölkə vətəndaşı, müxtəlif xalqların nümayəndələri bir zamanlar işğal altında olmuş ərazilərimizə qanunsuz səfər etdikləri üçün Azərbaycanın dövlət qurumları, rəsmi Bakı tərəfindən “qara siyahı”ya salınıb, onların ölkəmizə gəlişinə icazə verilməyib. Yalnız bəziləri Azərbaycan tərəfinə üzrxahlığını bildirdikdən sonra kimlərinsə adı həmin siyahıdan çıxarılıb. Arustamyanla bağlı məsələ də sırf bundan qaynaqlanır. Onun Xankəndiyə qanunsuz səfəri olub. Bu gün açıqlamasını oxudum. Özü də etiraf edib ki, Xankindəyə gedib, guya orada futbol turniri adı altında fəaliyyətlə məşğul olub. Amma biz bilirik ki, belə məkirli səfərlərin arxasında hansı niyyətlər gizlənir. Orada separatçı rejimə, döyüşçülərə yardımlar edilib”.
Tanınmış jurnalist AFFA-nın bu məsələ ilə bağlı vaxtında addım ataraq, UEFA-ya müraciət etdiyini vurğulayıb:
“Beləliklə, milli assosiasiya Arustamyanın akkreditasiyasının bloklanmasına nail olub. Bildiyimə görə, təşkilatçı şəhərlərdən biri kimisə bloklayırsa, UEFA avtomatik olaraq həmin şəxsə akkreditasiya vermir. Artıq problem aradan qaldırılsa da, bunun Bakıdakı matçlara aidiyyəti yoxdur. Erməni şərhçi digər şəhərlərdə keçiriləcək oyunlarda iştirak edə biləcək”.
Qeyd edək ki, Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
1 274 dəfə oxundu