Tanınmış jurnalist Nazlı Ağayeva üçün I Vitse-prezidentə müraciət edildi
Əziz dostlar, çoxumuz Nazlı Ağayevanı tanıyırıq, sevirik, oxuyuruq, durumundan haliyik. Yığışıb onunçün bir addım atmaq qərarına gəldik. Bizə qoşulmaq, müraciətdə imzası olmasını istəyənlər, lütfən fikrini bildirsin.
Gundeminfo.az xəbər verir ki, bu sözlər tanınmış jurnalist, ömrünü mətbuata həsr etmiş Nazlı Ağayeva ilə bağlı Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya bir sıra ictimai şəxslər, söz-sənət adamları tərəfindən edilən müraciətdə yer alıb.
Müraciəti təqdim edirik:
"Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya
Hörmətli Mehriban xanım!
Ədəbiyyata, yaradıcı insanlara xüsusi diqqətinizi, onların problemlərinə hər zaman dəstək olduğunuzu nəzərə alaraq, bu müraciəti Sizə ünvanlayırıq.
Yazıçı-publisist Nazlı Ağayeva ağır mənzil şəraitində yaşayır. 30 ildən artıqdır Azərbaycan mətbuatında və ədəbiyyatında imzası ilə seçilən, paytaxtdan kənarda yaşamasına baxmayaraq, bütün ədəbi proseslərin mərkəzində olan Nazlı xanım 1910-cu ildə inşa edilmiş və real qəza vəziyyətində olan bir kommunal mənzildə yaşayır. Ağır sosial durumda olan 60 yaşlı yazar xanım səhhətindəki ciddi problemlərlə, üstəlik həyati təhlükələrlə dolu ağır şəraitdə əzab-əziyyət çəkir. Onun bu durumu qələm yoldaşlarını ciddi narahat edir və bu səbəbdən Sizə müraciət edirik.
Hörmətli Mehriban xanım!
Ədəbiyyat və mətbuatımızda xanım yazar olaraq xidmətlərini nəzərə almaqla publisist Nazlı Ağayevanın problemlərinə diqqət göstərərək bu taleyüklü məsələyə biganə qalmayacağınıza inanırıq. Göstərəcəyiniz dəstəyə görə ədəbiyyat və ümumən ictimaiyyət nümayəndələri adından Sizə öncədən öz minnətdarlığımızı bildiririk”.
1 290 dəfə oxundu