Heydər Əliyev – tarixi şəxsiyyət və tarix yaradan şəxsiyyətdir
Tarixdə elə hadisələr, günlər olur ki, onlar illərlə, əsrlərlə yaddan çıxmır, unudulmur. Bir xalqın taleyi, gələcəyi ilə bağlı olan belə anlar ölməzlik qazanır, əbədiləşir və insanların qürur rəmzlərinə çevrilir.
15 İyun Azərbaycan xalqı, dövləti üçün unudulmaz, mən deyərdim ki, müqəddəs bir tarixdir. Ali məqsədlərə önəm vermək, insanların azadlığını, xoşbəxtliyini, gələcəyini təmin etmək, onlarda ümid, inam yaratmaq müqəddəslkdir. Bu baxımdan 15 İyun tarixi Azərbaycanın ən unudulmaz, müqəddəs günlərindən biridir. 15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış hadisədir. Həmin gün Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafının təməli qoyulub. İnsan ağlı, zəkası, fəaliyyəti ilə tarixi ucaldır, yaşadığı dövrü sürətləndirir, əbədiləşdirir. Ümummili liderimiz Heydər Əliyev tarix yaradan, həm də tarixi əbədiləşdirən bir şəxsiyyətdir.
“Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” amalı ilə yaşayan Heydər Əliyev sözünü əmələ çevirməklə dünyanın ən böyük azərbaycanlısı adını daşımağa layiq olduğunu sübut etdi. Ulu öndər müəllifi olduğu milli inkişaf strategiyasını yaratmaqla gələcəyimiz üçün yollar açdı, hərtərəfli inkişafımızın uzunömürlülüyünü təmin edən təkmil irs, dövlətçilik xətti, siyasi məktəb yaratdı, azərbaycançılıq ideologiyasını bütün dünyaya yaydı və yaşatdı.
Ümummili lider Heydər Əliyev 1993-cü il iyunun 15-də yenidən siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan xalqını çox ağır bəlalardan hifz etdi, ölkənin müstəqilliyinin əldən getməsinin qarşısını aldı. Torpaqlarımızın daha geniş şəkildə zəbt olunmasına imkan vermədi, ölkəmizi dəhşətli vətəndaş müharibəsindən xilas etdi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb. 1993-cü il 15 İyun – Qurtuluş Günü olmasaydı, biz sonrakı qələbələrdən, nailiyyətlərdən, yüksək göstəricilərdən, beynəlxalq aləmdə qazandığımız uğurlardan danışa bilməzdik. Məhz həmin günün təntənəsi bu qələbələr üçün zəmin hazırlayıb, bu zəfərlər üçün bünövrə olmuşdur. 15 İyundan başlanan uğurlar, ulu öndər Heydər Əliyevin qəbul etdiyi qərarlar, sərəncamlar, fərmanlar, bağlanılan müqavilələr, həyata keçirilən layihə və proqramlar bugünkü inkişafımıza yol açıb, iqtisadiyyatın yüksəlişi üçün bir əsas olub və sözsüz ki, biz bunları həmişə qeyd etməliyik.
Bu gün Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrinin sırasındadır, beynəlxalq aləmdə tanınan bir ölkədir. Bu gün Azərbaycan düşmən üzərində tarixi qələbə qazanan, zəfər əldə edən, qalib bir ölkədir. Əlbəttə ki, bu qalibiyyət, bu zəfər, bu nailiyyətlər ulu öndərin adı ilə bağlıdır, onun təməlini qoyduğu, həyata keçirdiyi proqramların, o möhtəşəm layihələrin nəticəsidir.
Möhtərəm Prezidentmiz cənab İlham Əliyev atasının, ümummilli liderimizin ən müqəddəs arzusunu, onun ən ağrılı yeri olan bir vəzifəni həyata keçirdi və düşmən üzərində tarixi qələbə qazandı. Ulu öndərin ən böyük arzusu Qarabağımızı azad etmək, Şuşamıza getmək, işğal altında olan torpaqlarımızı düşməndən qurtarmaq idi.
Allah ulu öndər Heydər Əliyevin ruhunu şad etsin. Nə qədər ki, Azərbaycan var, nə qədər ki, Azərbaycan xalqı var, ümummilli lider Heydər Əliyev də bizimlə yaşayır, onun ideyaları qalib gəlir və Qurtuluş Günü özünün müqəddəsliyini, möhtəşəmliyini, əbədiliyini yaşadır.
Tərtər Rayon Ağsaqqallar Şurasının sədri - Faiq Məmmədov
1 202 dəfə oxundu