"Mətbuat Şurasının sədrliyindən istefa vermək fikrim yoxdur" - Əflatun Amaşov

"Mətbuat Şurasının sədrliyindən istefa vermək fikrim yoxdur"  -
"Tövsiyə edirəm ki, kimsə buna görə narahatlıq keçirib hadisələri qabaqlamaq niyyətinə düşməsin. Belə bir niyyətə düşmək ən azından etikasızlıqdır”

Mətbuat Şurasının sədri Əflatun Amaşovun tutduğu vəzifədən getməsi, istefa ərizəsi yazması ilə bağlı məlumatlar yayılıb. Bir sıra saytlar iddia ediblər ki, Mətbuat Şurasının sədri vəzifəsini qurultaya qədərki dövrdə İdarə Heyətinin üzvü, “525-ci” qəzetin baş redaktoru Rəşad Məcid icra edəcək. Baş redaktor isə Mətbuat Şurasının sədri Əflatun Amaşovun istefa verməsi ilə bağlı məlumatlı olmadığını bildirib:

“Mətbuat Şurasının İdarə Heyəti toplanacaq və qurultayın vaxtını təyin edəcəklər. Sədr seçkisi də qurultayda jurnalistlərin iradəsinə bağlıdır”.

Yayılan xəbərlərlə bağlı “Sherg.az”a danışan Mətbuat Şurasının sədri Əflatun Amaşov yeni sədrin kim olacağı məsələsinin MŞ-ın qurultayında həll olunacağını deyib:

“Qurultayın vaxtı keçib, ona görə də qurultay keçirilməlidir. Mətbuat Şurasının qurultayının keçirilməsi pandemiyaya və başqa proseslərə görə gecikib və qurultayın vaxtından bir neçə ay ötüb. Yaxın günlərdə İdarə Heyəti toplanacaq və iclasda qurultayın konkret zamanı müəyyənləşəcək. Həm də yeni tərkib formalaşacaq. Sədrin seçilməsi və digər məsələlər də həmin qurultayda həllini tapacaq. Bu cür xəbərlərin hansı səbəbdən yayıldığını bilmirəm. Bunu həmin məlumatı yayanlardan soruşmaq lazımdır. Kimlərsə orda-burda deyib ki, mən Mətbuat Şurası sədrliyindən istefa ərizəsi yazmışam. Bunu mənim fikrimi öyrənmədən yazanlar da tapılıb. Bəri başdan bildirim ki, yazılanlar və deyilənlər şaiyədir. İstefa verməmişəm, istefa vermək fikrim də yoxdur. Hazırda işimin başındayam”.

MŞ rəhbəri qeyd edib ki, Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə əsasən 4 ildən bir Azərbaycan jurnalistlərinin qurultayı keçirilməlidir:

“Axırıncı ali məclis 2018-ci ildə baş tutub. Deməli, 2022-ci ildə də təşkil olunmalıdır. Bununla bağlı qərarı, yəni qurultayın keçirilməsi üzrə Nizamnamə prosedurunun reallaşdırılması qərarını Şuranın İdarə Heyəti verməlidir. Qurultayda Şuranın İdarə Heyəti üzvlüyünə və sədrliyə yenidən namizədliyimi irəli sürüb-sürməmək qərarını isə mən verməliyəm. Tövsiyə edirəm ki, kimsə buna görə narahatlıq keçirib hadisələri qabaqlamaq niyyətinə düşməsin. Belə bir niyyətə düşmək ən azından etikasızlıqdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
592 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...