Elçin Sadıqlı azadlığa çıxdı, bəs Əvəz Zeynallı? - vəkildən açıqlama

Elçin Sadıqlı azadlığa çıxdı, bəs Əvəz Zeynallı? -
Əsabəli Mustafayev: “Cinayətin növündən asılı olmayaraq hər kəs məhkəmə hökmünə qədər azadlıqda ola bilər, eləcə də Əvəz Zeynallı”

Rüşvətalma ittihamı ilə Əvəz Zeynallı ilə birlikdə həbs edilən, bu prosesdə vasitəçi olmaqda suçlanan vəkil Elçin Sadıqov azadlığa, daha dəqiqi, ev dustaqlığına buraxıldı. Vəkili Əvəz Zeynallıya qarşı ifadə verdiyinə görə azadlığa buraxıldığına dair iddialar var, ancaq E. Sadıqov bunları rədd edir, bildirir ki, istintaqa ancaq həqiqətləri deyib.

Həmçinin belə məlumatlar da dolaşır ki, vəkil Elçin Sadıqovun azad edilməsini ölkə rəhbərliyindən Avropa və Qərb təsisatları israrla xahiş ediblər.

Sual yaranır, Əvəz Zeynallı da həqiqətləri desə, ev dustaqlığına buraxılarmı?

İkinci vacib sual, əvvəllər jurnalistlərin, redaktorların həbsi Avropa və Qərbdə daha ciddi narahatlıq doğururdu. İndi vəkilin azadlığa buraxılmasını xahiş edirlər, amma bu israr nədən jurnalistlə bağlı müşahidə olunmur?

Qeyd etmək yerinə düşər ki, Elçin Sadıqovun müdafiəsinə 14 vəkil qoşulub ki, onlardan biri də Əsabəli Mustafayevdir.

Əsabəli Mustafayev: "Prokurorluğun vəkildən qisas almağa çalışması düzgün deyil" - BBC News Azərbaycanca

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən vəkil Əsabəli Mustafayev deyib ki, Elçin Sadıqov Avropa Məhkəməsi ilə daimi işləyən bir şəxsdir: “Avropa Məhkəməsinin qərarında qeyd edilir ki, məhkəmə Avropa Məhkəməsi ilə əməkdaşlıq edən insanların müdafiəsinə ciddi önəm verir. Bu onun mövqeyidir. Avropa Məhkəməsi insan hüquq və azadlıqları sahəsində çalışan vəkilləri müdafiə edir. Avropada jurnalistlərə də böyük önəm verilir. Yəqin ki müvafiq qurumlar, jurnalist qurumları da bununla bağlı öz səylərini göstərəcəklər. Bütün dünyada vəkil hakimdən sonra ədliyyə prosesinin aparıcı simasıdır. Ən əsas məsələ isə odur ki, beynəlxalq standartlara görə hər kəsin məhkəmə hökmünə qədər azadlıqda qalma hüququ, təqsirsizlik prezumpsiyası var. Məhkəmələr imkan daxilində həbs-qətimkan tədbiri seçməməlidirlər. İndi də Elçin Sadıqov barəsində ev dustaqlığına keçirilməsi dünya standartlarının tələbidir. O cümlədən istənilən həbsdə olan şəxs məhkəməyə qədər azadlıqda ola bilər. İnsan hüquqları sahəsində çalışan bir mütəxəssis kimi mövqeyimiz budur. Törətdiyi hər hansı cinayətdən asılı olmayaraq istər qətl hadisəsi olsun, istər rüşvət olsun, cinayətin növündən asılı olmayaraq hər bir şəxs məhkəmə hökmünə qədər azadlıqda olmalıdır. O cümlədən də bu, Əvəz Zeynallıya aiddir. Elçin Sadıqlı ev dustaqlığına buraxıldı, indi ikinci addım kimi əvəz Zeynallı barədə də qərar dəyişdirilsin. Onlar yalnız o vaxt həbsdə saxlanıla bilərlər ki, prosessual tələblər olsun. Bu nə deməkdir? Onların qaçıb gizlənmək ehtimalı olsun, istintaqa təsir etmək imkanları və qanunda göstərilən digər hallar olsun. Bunların heç biri Elçin Sadıqovda müəyyən olunmayıb. Çünki o, tanınmış vəkildir. Hamı onu tanıyır, istəsə də gizlənə bilməz, harada olsa da tanıyacaqlar. Ona görə prosessual tələblər olmadığı üçün onun barəsində istintaq da razılığa gəldi. Bildiyimə görə, Əvəz Zeynallının da vəkili vəsatət verməyə hazırlaşır. Gözləyək.

O ki qaldı Elçin Sadıqovun kiminsə üzünə durması məsələsinə, hazırda istintaq gedir. Məsələn, mən onun vəkiliyəm. Məhkəmədə həbs-qətimkan tədbiri olarkən mən iştirak etmişəm. Ancaq istintaq hərəkətlərinin heç birində iştirak etməmişəm. Bununla belə, mənim o deyilənlərlə bağlı xəbərim yoxdur. Məsləhət görərdim ki, istintaqın gedişini gözləyək. Yəqin ki, orada hər şey aydın olar".

Hüquqşünas Ələsgər Əhmədoğlu da öz sosial media hesabında bu məsələ ilə bağlı paylaşım edib: “Yanlışın birindən dönülüb, Elçin Sadıqov azadlıqdadır. Sıra Əvəz Zeynallıdadır, onun da sərbəst buraxılması zəruridir. Ardınca da bu qondarma ittihamdan əl çəkilməlidir”.

Yada salaq ki, sentyabrın 11-də Bakının Binəqədi Rayon Məhkəməsi jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində 4 ay müddətində həbs-qətimkan tədbiri seçib. Onlar külli miqdarda rüşvət almaqda köməkçilik maddəsi ilə ittiham olunurlar. Əvəz Zeynallı və Elçin Sadıqov ittihamı qəbul etməyiblər. Hər ikisi bu ittihamların peşə fəaliyyəti ilə bağlı olduğunu deyirlər. Beynəlxalq təşkilatlar vəkil və jurnalistin həbsini pisləyiblər. Onlar adıçəkilən şəxslərin azadlığa buraxılmasını istəyiblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
646 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...