Hökumət pensiyaları səhv hesablayır? – Diqqətdən qaçan rəqəmlər...
Azərbaycanda gözlənilən ömür uzunluğu (orta ömür müddəti) 73,6 ilə bərabərdir.
Yeniavaz.com açıqlanan sonuncu rəsmi məlumatlara istinadən bildirir ki, Azərbaycanda orta ömür müddəti kişilərdə 71,3, qadınlarda isə 75,9 ilə bərabər olub.
Qeyd edək ki, orta ömür müddəti ən yüksək səviyyəyə 2019-cu ildə çatıb. 2 il əvvəl orta ömür 76,4 il olub.
Azərbaycanda gözlənilən ömür uzunluğunun azalması ölkədə pensiyaların yenidən hesablanması zərurətini ortya çıxarır.
Bildiyimiz kimi, hazırda Azərbaycanda mövcud pensiya sisteminə görə 65 yaşına çatmış kişilər və 63 yaşına çatmış qadınlar minimum pensiya kapitalına sahib olduqları təqdirdə yaşa görə əmək pensiyası almaq hüququ əldə edirlər. Minimum pensiya kapitalına sahib olmayan şəxslərə (25 il stajı olmadıqda) pensiya təyin olunmur.
Məlumdur ki, yaşa görə pensiyalar işlədiyimiz dövürdə DSMF-yə ödədiyimiz vəsaitlərə əsasən hesablanır. Bu vəsait pensiya kapitalı hesab olunur. Minimum pensiya kapitalı minimum pensiya məbləğinin gözlənilən pensiya ödənişi müddətinə vurulması ilə hesablanır. Gözlənilən pensiya ödənişi müddəti isə 12 il və ya 144 ay olaraq qəbul edilib.
2010-cu ildə pensiya yaşı kişilər üçün 63, qadınlar üçün isə 60 yaşa qaldırılan zaman Azərbaycanda orta ömür müddəti kişilərdə 70,9 il, qadınlarda isə 76,2 il olub. O zaman gözlənilən pensiya ödənişi müddəti kişilər üçün 7,9 il (70,9-63=7,9) qadınlar üçün isə 16,2 il (76,2-60=16,2) olub. Nəticədə ölkə üzrə gözlənilən pensiya ödənişi müddəti 12,1 ilə ((7,9+16,2)/2=12,1) bərabər olub.
Lakin qeyd etdiyimiz kimi, Azərbaycanda pensiya yaşı son 12 ildə artıb. Orta ömür müddəti isə son 2 ildə azalıb. Son rəsmi məlumatlara istinadən hesablama aparsaq, o zaman gözlənilən pensiya ödənişi müddəti kişilər üçün 6,3 il (71,3-65=6,3) qadınlar üçün isə 12,9 il (75,9-63=12,9) olacaq. Bu isə ölkə üzrə gözlənilən pensiya ödənişi müddətinin 9,6 il ((12,9+6,3/2=9,6) olması deməkdir.
Gözlənilən pensiya ödənişi müddətinin 9,6 ilə və ya 115 aya düşməsi həm də o deməkdir ki, pensiya kapitalı hesablanarkən minimum pensiya məbləğini əvvəlki kimi 144-ə deyil, 115-ə vurmaq lazım olacaq. Əgər belə olarsa, daha az pensiya kapitalı toplamış insanların da əmək pensiyası almaq hüququ yaranacaq. Məsələn, hazırda minimum pensiya məbləği 240 manatdır. Buna görə də pensiya kapitalı 34 min 560 manatdan (240*140=34560) az olan şəxslər pensiya ala bilməyəcəklər. Anacaq qeyd etdiyimiz kimi, pensiya ödənişi müddəti 115 aya düşürülərsə, o zaman pensiyaya çıxmaq üçün pensiya kapitalının 27 min 600 manat (240*115=27600) olması kifayət edir.
740 dəfə oxundu