“21 Azər” və İlham Əliyevin müəyyən etdiyi istiqamətlər - TƏHLİL

“21 Azər” və İlham Əliyevin müəyyən etdiyi istiqamətlər -

Rusiya və İranın tarixin müxtəlif periodlarında bir-birlərinə qarşı apardıqları müharibələrin acı nəticələri azərbaycanlıların taleyinə calaq edilib.

Rusiya və İran imperiyalarının tarixdəki didişmələri, onların hərb və sülh modeli azərbaycanlıları lənət zolağına salıb və sonrakı mərhələlərdə soydaşlarımızın Araz çayı boyunca bir-birindən ayrı düşmələri ilə nəticələnən prosesi yekunlaşdırıb.

Azərbaycan tarixin bu amansız şilləsini heç zaman unutmadı və bir-birindən ayrı düşən talelərin qovuşması üçün səy göstərdi, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə də məsələ diqqətdə saxlanıldı.

Ancaq proseslərin amansız və hədsiz ambisiyaları Azərbaycanın başı üzərində qara bulud topasını qatılaşdırdı, Rusiya imperiyasının çökməsindən sonra yaranan müstəqil dövlətlər, o cümlədən Azərbaycan süquta uğrayıb SSRİ-nin çətiri altına girmək qisməti ilə barışmalı oldu.

Rusiya imperiyasının yerini tutan SSRİ zamanında belə, Azərbaycanın İrandakı soydaşlarımızla mənəvi telləri eroziyaya məruz qalmadı və nisgil, həsrət vahid ideoloji təməl üçün yeni mərhələnin başlanmasına səbəb verdi.

Bəli, SSRİ özü də bunda maraqlı idi, çünki SSRİ regiondakı tarixi rəqibi İrana dərs vermək üçün siyasi tərəzisində Cənubi Azərbaycan amilinin çəkisini artırırdı, ancaq Kremlin qeyri-səmimi hisslərindən fərqli olaraq, Azərbaycandakı cənub həsrətinin cövhərində saf, ülvi hisslər dayanırdı.

Gülüstan və Türkmənçay müqavilələrinin nəticələri ilə barışmayan Azərbaycan və cənubdakı soydaşlarımızın bir-biri ilə qarşılıqlı sevgisi və işi nəticəsində İranda milli hərəkat başlanır.

Seyid Cəfər Pişəvərinin başçılığı altında aparılan mübarizə nəticəsində İranda 1945-ci ilin 12 dekabrında muxtar sosialist hökumət qurulur. Paytaxtı Təbriz şəhəri olan hökumətə Seyid Cəfər Pişəvəri rəhbərlik edir. Milli Hökumət bir sıra tədbirlərlə yadda qalır və bununla da sanki bu gün üçün presedentin əsasını qoyur.

Seyid Cəfər Pişəvərinin başçılığı altında olan Milli Hökumət Güney Azərbaycanda milli ordunun yaradılmasına, torpaq islahatlarının həyata keçirilməsinə, Təbriz Dövlət Universitetinin və çoxlu sayda orta məktəblərin açılmasına, milli teatrların, milli kitabxanaların, milli filarmoniyanın yaradılmasına nail olur və fəhlələrin hüquqlarının qorunması, qadınların kişilərlə eyni haqlara malik olması istiqamətində mühüm qərarlar verir.

Lakin Milli Hökumətin ömrü cəmi bir il çəkir, İrandakı rejim Təbrizdə və Güney Azərbaycanın digər şəhərlərində vəhşiliklər törədir, milli və ictimai fəallar edam edilirlər. Məlumatlara əsasən, 1946-cı ilin 12 dekabrında Milli Hökumət süquta uğrayandan sonra İranda 30 min insan öldürülür, qurduğu muxtar dövlətin qürubunu həzm edə bilməyən Pişəvəri Azərbaycana pənah gətirir, amma o da Yevlaxda müəmmalı şəkildə baş verən yol qəzasında həlak olur.

Pişəvərinin qurduğu hökumət tarixə “21 Azər Hərəkatı” adı ilə möhür vurur və bu, Azərbaycandakı cənub mövzusuna xeyli stimullar verir, ədəbiyyatda, filmlərdə, mədəniyyətdə İranda yaşayan soydaşlarımızın taleyi ilə bağlı nüansların sayı çoxalır.

Gün gəlir, dövran dönür, SSRİ tarixi burulğanların içərisində qürub edir, Azərbaycanda isə cənub eşqi sönmür və müstəqillik illərinin şüarları içərisində xüsusi yerə sahiblənir.

Baş verənləri xronoloji ardıcıllıqla sadalamaq istəməzdik, ümumi tezislərlə mənzərəni açdıq, indi isə Azərbaycanın 44 günlük Vətən müharibəsində Ermənistan üzərində həlledici qələbə qazandıqdan sonra Cənubi Qafqazda yaranan reallıqlar kontekstindəki rəsmi Bakının xarici siyasət prioritetlərinə diqqət etməyin zamanıdır.

Prezident İlham Əliyev də azərbaycanlıların bir-birindən ayrı düşməsini diqqətdə saxlayır, beynəlxalq siyasi konyunktur şərtlərini nəzərə alaraq, böyük məharətlə bəzən dərin subliminal, bəzən isə açıq mesajlarla Gülüstan və Türkmənçay müqavilələrinin başımıza açdığı oyunları diqqət mərkəzinə gətirir.

İranın Azərbaycana axıtmaq istədiyi təhlükəli plazmalar qarşısında İlham Əliyevin tezisləri xüsusi əks-həmlə metodu kimi başa düşülməlidir və etiraf etmək lazımdır ki, onlar molla rejiminin taleyini sual altına qoyan güclü aspektləri özündə cəmləşdirir.

Azərbaycan dövləti üçün indi Cənubi Azərbaycan mövzusu strateji həssas məsələlər siyahısında yer alır və regionda, qlobal arenadakı konyunktur, Türk Dövlətləri Təşkilatının gücə çevrilməsi Bakıya Tehranın yerində otuzdurulması üçün xeyli stimullaşdırıcı ideyalar verir.

İlham Əliyev dünyada türk kimliyinin milli-siyasi-dini əsaslarla qorunması və daha da ucalara qaldırılması üçün 11 noyabrda Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə mühüm istiqamətlər təqdim edib.

İlham Əliyevin TDT qarşısındakı çağırışlarını tezis şəklində belə göstərə bilərik:

- Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil. Onun coğrafi sərhədləri daha geniş olduğundan kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb.

- Türk dünyasında gənc nəslin yaşadığı ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır.

Burada əsas vurğu İran üzərinə edilir və molla rejiminin soydaşlarımıza qarşı amansız fəaliyyətinin qəbuledilməz olduğu göstərilir.

- Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır.

- Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir.

İlham Əliyevin açıqlamaları birinci növbədə Azərbaycan dövlətinin Türkiyə ilə mərkəzləşmiş qaydada vahid proqram tərtib etmək çağırışını meydana qoyur.

İkinci istiqamət budur ki, İranın Azərbaycana qarşı hədyanlarına cavab olaraq atılacaq addımların TDT çərçivəsində koordinasiya edilməsinin vacibliyi əhəmiyyət daşıyır. İlham Əliyevin dedikləri kollektiv müdafiənin prinsiplərinin hazırlanması üçün məcraları müəyyən edir.

Üçüncüsü, bunlar beynəlxalq ictimaiyyətin şüuruna yeridilən mesajlardır, yəni Azərbaycan xarici siyasətindəki prioritetləri yeniləyib və Cənubi Qafqazdakı reallıqlar qlobal tərəfləri Bakıya dəstək olmağa vadar etməlidir.

“21 Azər Hərəkatı” İrandakı soydaşlarımızın hüquqlarını müdafiə etmək üçün istinad edə biləcəyimiz presedentlərdən biri kimi götürülə bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
519 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...